“Yaxşı olar ki, bu sualı nazirə, nazir müavinlərinə ünvanlayasınız…”

“Nə mən, nə də oğlum indiyə qədər heç kimin adından istifadə etməmişik”

 

Xalq artisti Səidə Quliyeva Moderator.az-ın suallarını cavablandırıb.

 

– Səidə xanım, bu gün sizin doğum gününüzdür. Sizi ürəkdən təbrik edirik. Doğum günlərinizi adətən necə qeyd edirsiniz?

– Çox sağ olun, Moderator.az məni hər zaman diqqətdə saxlayır. Doğum günlərimi təmtəraqlı qeyd etməyi bir o qədər də sevmirəm. Amma başqalarının doğum günlərinə çox böyük sevinclə gedirəm. Bu gün də ad günümü ailə çərçivəsində qeyd edəcəyəm. Ailəmlə birlikdə bir məkanda olacağıq, çünki yubileyimdir. 

 

– İlk hədiyyəni adətən kimdən alırsınız?

 

– Həyat yoldaşımdan, oğlumdan. Gecə saat 12-ni keçən kimi onlar mənə sürpriz edirlər.

 

– Teatr və kino sahəsində bir çox obrazlar yaratmısınız. Hələ də teatrda oynamaq istədiyiniz obraz varmı?

 

– Aktyorun obraz, rol arzusu bitib tükənmir. Sənətkarlar rejissordan, ssenaristdən asılı olan insanlardır. Mənə təklif olunan rolları seçirəm, hansı mənə uyğundursa qəbul edib çəkilirəm. Hər zaman ruhuma yaxın olan rolları oynamışam. 

 

– Səidə xanım, sizin oğlunuz da operatordur, amma digər sənətkarların övladlarından fərqli olaraq o sizin adınızdan heç vaxt istifadə etməyib..

 

– Bəli, doğru qeyd etdiniz. Hətta mən ona dəfərlərlə demişəm ki, aktyorları görəndə de də kimin oğlusan. O xoşlamır, demir. Çox təvazökardır. Mən özüm də elə olmuşam. Görünür ot kökü üstə bitir. İstər oğlum, istərsə də mən bu günə qədər heç kimin adından istifadə etməmişik. Bu sənətdə gərək istedadın olsun ki, parlaya biləsən. Kiminsə tapşırığı, göstərişi ilə müvəqqəti uğur qazanmaq da olar, amma bu daimi olmayacaq. Oğlum Mədəniyyət və İncəsənət Universitetində operatorluq sənətindən dərs deyir. İndi bir az çətin dönəmdir. İnşallah ki, mənim oğlum da öz zəhməti hesabına zirvələrə qalxar.

 

– Azərbaycan teatrının bu günki vəziyyəti sizi qane edir? Sizcə teatrda nə çatışmır?

 

– Nələr çatışır, nələr çatışmırsa bu mənim səlahiyyətimdə olan məsələ deyil. Mənim özüm üçün də bu qaranlıq qalan məqamlardandır. Yaxşı olar ki, bu sualı nazirə, nazir müavinlərinə ünvanlayasınız. Bir sənət adamı kimi deyə bilərəm ki, hal-hazırda gözləmə mövqeyindəyik. Bizim çətinliyimiz birinci növbədə rejissor qıtlığıdır, ikincisi də ssenari. Kifayət qədər aktyor qüvvəmiz var. Yaxşı olar ki, ssenaristlərimiz mentalitetimizə uyğun, 44 günlük vətən müharibəmizə, şəhidlərimizə, qazilərimizə uyğun ssenarilər yazsınlar. Çox istərdim ki, bu mövzuya geniş yer verilsin. Mən səlahiyyətli insan olsaydım bir-bir həmin qəhrəmanların həyatından ssenarilər yazıb, filmlər çəkərdim. Çünki onların hamısının həyatı gerçək həqiqətlərlə bağlıdır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button