Vaşinqton Ukrayna faciəsindən öz maraqları naminə istifadə edir…

Ağ Ev Moskvaya Ukrayna faciəsi ilə bağlı mühazirə oxumağa davam edir, bu təhlükəli vəziyyətdən istifadə edərək azadlıq və demokratiyanın qlobal müdafiəçisi kimi çıxış etməyə çalışır. Bununla belə, ABŞ eyni zamanda, əgər özünə sərf edirsə digər ölkələrin suverenlik və ərazi bütövlüyü hüququnu daim pozur.

 

Moderator.az xəbər verir ki, bu sətirlər Meksikanın “La Jornada” nəşrində dərc olunan məqalədəndir. Müəllifin fikrincə, son nəticədə Putini Ukraynada xüsusi əməliyyat keçirməyə vadar edən dramatik hadisələrdə əsas rolu Vaşinqton oynayıb. Bəri başdan qeyd edək ki, müəllifin bəzi fikirləri redaksiyanın mövqeyi ilə üst-üstə düşməsə də, yazıda maraqlı məqamlar var.

 

2014-cü ilin fevralında Ukraynada baş vermiş dövlət çevrilişi onun müasir tarixində dönüş nöqtəsi oldu və ABŞ faktiki olaraq liderliyi ələ keçirdi, – deyə meksikalı jurnalist Anhel Gerra Kabrera La Jornada nəşrində yazır. Müəllif qeyd edir ki, o vaxtdan bəri ultramillətçilikdən ruhlanan və Stepan Bandera nasizminə rəğbət bəsləyən ifrat sağçı qüvvələr Kiyevin rəsmi qərarlarına həlledici təsir göstəriblər.

 

“Banderanın hekayəsini danışmayacağam, sadəcə vurğulayacağam ki, o, yüzlərlə Ukrayna kəndini vəhşicəsinə dağıdıb, yəhudilərin, tatarların, kazakların və kommunistlərin qətlində iştirak edib”, – deyə müəllif qeyd edir. Nəticədə Ukraynada aktiv surətdə ksenofobiya və rusofobiya siyasəti aparılmağa başlandı, bunun qurbanları isə rus və ya rusdilli əhalinin milyonlarla nümayəndəsi oldu bu, xüsusən də ölkənin şərqində və Donbasda özünü büruzə verirdi.

 

Məqalədə deyilir ki, Ukrayna Milli Qvardiyasına daxil olan “Azov” batalyonunun ifrat sağçı və neonasist qrupları Ukrayna prezidenti Volodimir Zelenskinin açıq şəkildə “tör-töküntü” adlandırdığı yerli sakinlərə qarşı qırğın törədiblər. Növbəti hərəkətlərin qarşısını almaq və rusdilli əhalini qorumaq üçün Rusiya bu yaxınlarda regionda yerləşən özünü müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarını tanıdı. Və müəllifin fikrincə, hər yerdə öz maraqlarını təbliğ etməyə çalışan Vaşinqton münaqişənin gərginləşməsində mühüm rol oynayıb.

 

Məlumdur ki, “avromaydan” fonunda eyni çevrilişi həyata keçirmək üçün etirazları qızışdırmaq cəhdləri həmin vaxt populyarlığını artıq itirmiş Ukraynanın qanuni prezidenti Viktor Yanukoviçi devirmək üçün yetərli deyildi, onun getməsində maraqlı olan siyasi dairələr başqa taktikalardan istifadə etmək qərarına gəldi. Kataloniyalı jurnalist Rafael Poç de Feliunun fikrincə, özünü riskə atmağa qadir olan “təsir gücünə malik nizam-intizamlı qüvvə” lazım idi və ukraynalı oliqarxlar və Qərbin geosiyasi himayədarları tərəfindən dəstəklənən banderaçı millətçi ideologiyasına malik silahlı ultrasağlar belə bir gücə çevrildilər, – deyə məqalədə vurğulanır.

 

Qərbin (Amerika, Polşa və Almaniya) kəşfiyyat agentliklərinin yardım, maliyyə, məsləhət və təlimindən hörülmüş gizli sui-qəsd danışıqları ortaya çıxmağa başlayan kimi 40 aparıcı qərb siyasətçisi, o cümlədən ABŞ-ın yüksək səviyyəli rəsmiləri və Almaniya, Polşa, Baltikyanı ölkələrin xarici İşlər nazirləri və digərləri Kiyev meydanı boyunca “həmrəylikdən danışaraq, pirojnalar paylayırlar”. Məhz yanğınlar, şiddətli döyüşlər, nazirlik binalarının zəbt edilməsi, etirazçıların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının (ondan çox polisi nəzərə almasaq, sayları yüzə yaxın idi) qətliamları ilə müşayiət olunan ikinci “maydan” dövlət çevrilişi ilə başa çatmışdı, – deyə müəllif xatırladır.

 

Hadisələrin belə dönüşü o vaxtkı Ukrayna hökumətinin süqutunu və prezident Yanukoviçin qaçmasını xeyli sürətləndirdi. O zaman və indi də ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Kiyevdə ultrasağ qrupların hakimiyyətinin bərqərar olmasına kömək edən Amerika siyasətində əsas fiqurlardan biri olduğunu xatırladan müəllif təkid bildirir ki, Putini Ukraynada xüsusi əməliyyata başlamağa məcbur edən silahlı hərəkətlərdə Vaşinqton əsas rol oynayıb.

 

ABŞ prezidenti Co Bayden də Qərbdə “azadlıq və demokratiya” lideri rolunu öz üzərinə götürmək üçün bu təhlükəli vəziyyətdən fəal şəkildə istifadə etməyə çalışır. Xüsusilə, Ukrayna ətrafında baş verən hadisələrdən danışan Ağ Ev rəhbəri bildirib ki, digər ölkələrin “suverenlik və ərazi bütövlüyü hüququ var”. Bununla belə, məqalədə qeyd olunur ki, görəsən Latın Amerikası və ya Karib hövzəsindəki qonşu ölkələrə münasibətdə amerikalıların özləri bu prinsipə əməl edirmi?

 

Bunu yoxlamaq üçün qədim tarixə müraciət etməyə belə ehtiyac yoxdur – hətta 20-ci əsrdə ABŞ Kuba, Qvatemala, Dominikan Respublikası, Qrenada və Panama ilə bağlı bu prinsipləri kobud şəkildə pozmuş, son üç halda isə birbaşa müdaxilə halı baş vermişdi, – deyə müəllif bildirir. Nəticə etibarı ilə Kuba, Venesuela və Nikaraqua, heç Puerto-Rikonu demirik, ABŞ siyasətçilərinin ikiüzlü şəkildə öz sözlərindən geri çəkilmələrinin bariz nümunəsidir.

 

Onu da xatırladaq ki, hazırda Baydenin rəhbərlik etdiyi ölkə Suriyanın Qolan təpələrinin İsrail tərəfindən və Qərbi Saharanın Mərakeş tərəfindən ilhaqını rəsmən tanıyan yeganə ölkə olub, halbuki, bu ərazilər əslində hərbçilər tərəfindən ələ keçirilib. Müəllif vurğulayır ki, Bayden həqiqəti söyləsəydi, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna qarşı çıxmaz və Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını ləğv edərdi.

 

Bayden həmçinin qeyd edib ki, Amerika “xuliqanlara qarşı dayanır”. Lakin eyni zamanda, o, siyasətlərini çətin ki demokratik adlandırmaq mümkün olan Kolumbiya, İsrail və Səudiyyə Ərəbistanının hazırkı hökumətlərini əsas müttəfiqləri sırasından çıxarmağa tələsmir deyən müəllif qeyd edir: “Cənab Bayden, iki əsrdən çox tarixi olan hadisələr açıqlamalarınızın nə qədər ikiüzlü olduğunu göstərir. Yeri gəlmişkən, Ukrayna faciəsi haqqında mühazirə oxumaq əvəzinə, Kuba və Venesuela üzərindən sərt embarqonu nə vaxt qaldıracaqsınız?”

 

Qeyd edək ki, amerikalıların daim demokratiyanın olmamasında ittiham etdikləri həmin Kuba Ukrayna böhranının siyasi həlli yolunu dəstəkləyir və problemin yalnız dialoq və danışıqlar yolu ilə həll oluna biləcəyini vurğulayır. Kuba bütün Avropa ölkələrinə təhlükəsizlik və suverenliyi, eləcə də regionda və beynəlxalq səviyyədə sülh və sabitliyi təmin etmək üçün bu böhranın dinc vasitələrlə real, konstruktiv və ciddi siyasi həllinin tərəfdarıdır, – deyə məqalədə bildirilir.

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button