“Bir çox rusiyalılar Ukraynada döyüşlərin miqyası və qəddarlığı barədə xəbərsizdir…”

İkinci həftədir ki, Ukraynada qan tökülür, evlər dağılır, qurbanların və qaçqınların sayı artır.

 

Dünyanın üz döndərdiyi Rusiyada isə müəssisələr bağlanır, adi insanlar isə təlaş və məyusluğa qərq olur. Və bu xaosun mərkəzində bir adam dayanır: Vladimir Putin. Onun arzusu çin olub- o, dünyanı alt- üst edə bilib.

 

Putini əllərini nüvə düyməsindən çəkməyə nə vadar edə bilər?

 

Ukrayna ilə nə baş verəcək?

 

Rusiyada həyat necə dəyişəcək?

 

Moderator.az xəbər verir ki, “Detaly” saytının suallarını məşhur jurnalist, keçmişdə Rusiyanın NTV kanalında  “İtoqi” (“Yekunlar”), indi isə “Ukrayna- 24” telekanalının aparıcısı Yevgeni Kiselyov cavab verib.

 

– Gəlin, əsas və yəqin ki, qorxulu məsələdən başlayaq: nüvə təhlükəsi realdırmı?

 

– Düşünürəm ki, bəli, realdır. Təəssüf ki, bunu istisna etmək mümkün deyil. Bəla burasındadır ki, Putin çox güman ki, taktiki nüvə silahı ilə qonşu NATO ölkələrinin birinə deyil, Ukraynanın özünə zərbə endirəcək. Bu, həm qisas, həm də hədə- qorxu gəlmək ola bilər.

 

– Doğrudanmı Sizin mənbələrdən heç biri müdaxilədən öncə hazırlanan “əməliyyat”ın miqyasını güman etməyib?

 

– Jurnaliistlərdən tutmuş siyasətçilərədək hamı düşünürdü ki, Rusiya ən pis halda Ukraynanın şərqində işğal edilən zonanı genişləndirmək, təmas xəttini qərbə doğru çəkmək məqsədilə lokal hərbi əməliyyat hazırlayır.

Maksimum Krım tərəfə quru yolla dəhliz açmaq və su təchizatı kanalına nəzarəti ələ keçirmək güman edilirdi. Amma bunun özü də uzağa gedib çıxan fantaziya kimi qəbul olunurdu. Lakin reallıq çox dəhşətli oldu.

 

– Belə bir təəssürat yaranmayıb ki, Putinin yaxın ətrafı üçün də baş verənlər gözlənilməz olub?

 

– Təhlükəsizlik Şurasının o kədərli iclasına baxanda mənə tamamilə aydın oldu ki, belə qərar orada olanları şoka salıb. Üstəlik, mən əmin deyiləm ki, onlar üzdəniraq “DXR”  və “LXR” qurumlarının müstəqilliyini tanımaq qərarını da dəstəkləyib. Onlar bu qərardan sonra nələrin baş verəcəyini anlayırdılar. Hərbi obyektlərə, hava limanlarına, rabitə qüllələrinə, hərbi ambarlara dəqiq zərbələrdən Rusiya qoşunları dinc əhalini qorxutmaq taktikasına keçib. Tezliklə Xarkovun və Kiyevin yaşayış məhəllələrini Aleppoya çevirəcəklər.

 

– Bəs bizim belə xoş və firavan zamanımızda bu, necə baş verə bilərdi ki?

 

– Xolokost necə baş verib?

Vladimir Putinin hakimiyyətdə olduğu ilk aylarından mən onun qorxulu adam olduğunu deyirdim. 2008- ci ildə Britaniyanın “Ekonomist” jurnalının icmalçısı Edvard Lukas “Yeni soyuq müharibə” adlı sensasion kitabında proqnozlaşdırıb ki, Putinin hakimiyyəti Rusiya ilə Qərb arasında dəhşətli qarşıdurma yaradacaq və dünyanı yeni müharibə həddinə gətirib çıxaracaq. O zaman amerikalı və britaniyalı həmkarlarım ona gülür, onu az qala marginal adlandırır, hər şeyi şişirtdiyini deyirdilər.

Amma Lukas öncəgörənmiş.

 

– Kimdir günahkar və lideral ziyalıların burada “xidməti” nədən ibarətdir?

 

– Heç bir ziyalı yoxdur! Təəssüf ki, Rusiyada özünü “liberal ziyalılar”, “yaradıcı ziyalılar” adlandıranlar heç də ziyalı  deyil, İosif Brodskinin ifadəsilə desək, “utancaq qoyun sürüsüdür”. Bir neçə həftə ərzində bütün dünya Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlaya biləcəyindən danışırdı, amma Rusiyanın üzdəniraq ziyalıları heç nə olmadığı kimi davranır, sosial şəbəkələrdə dəbdəbəli restoranlardan, vernisajlardan, teatr premyeralarından, rusiyalı idmançıların Pekin Olimpiadasında kədərli taleyindən danışırdı.

 

– Elə indi də Rusiyada çoxları bəlanın miqyasını anlamır. Yoxsa anlamaq istəmir?

 

– Çoxları maraqlanmır. Əgər yalnız hökumətyönünlü KİV- ləri dinləsən, tamamilə təhrif olunan mənzərə yaranacaq. Amma bütün dünya Ukrayna uğrunda, Rusiyaya qarşı ayağa qalxıb. Misli görünməyən sanksiyalar tətbiq edilib. Heç kimin ağlına gəlməzdi ki, Rusiya karbohidratlarını ixrac edə bilməyəcək, Almaniya Rusiya nefti və qazından imtina edəcək, “Şimal-2 axını”nı idarə edən “British  Petroleum” şirkəti “Rosneft”dən çıxacaq, “Royal Shell” isə Saxalində neft və qaz layihələrində öz iştirakını dayandıracaq.

 

Bu gün bir çox rusiyalı döyüş əməliyyatlarının miqyasını, qəddarlığını, Rusiya ordusunun hansı itkilər verdiyini, Ukraynanı zəbt etməyin necə ağılsız bir niyyət olduğunu anlamır. Amma indiki həyatları dəyişən zaman bunu anlayacaqlar. Həyatları sürətlə 1991- ci ilə sürüklənəndə, görünməmiş inflyasiya baş verəndə, dollar yoxa çıxanda, Avropaya, hətta Türkiyəyə istirahətə getmək mümkün olmayanda hər şey aydın olacaq.

 

Ölkə daxilidə əvvəlcə bahalı restoranlar, sonra nisbətən ucuz müəssisələr bağlanacaq, ən adi ərzaq məhsulları satışda olmayacaq. Və bunlar çox tez baş verəcək. Bax o zaman üzdəniraq ziyalıların müxtəlif dəbdə olan layihələrə, teatr tamaşalarına pulu olmayacaq. Prokatdan Qərb filmləri yoxa çıxacaq.

 

– Amma Rusiyanın Ukraynayada əməliyyatlarına qarşı  çoxsaylı petisiyalar imzalanırdı…

 

– Mən də imzalamışam. Amma bunlar mənasızdır. Putinə nəyəsə çağırış etmək mənasızsır. O, əllərində nüvə düyməsi olan ağlını itirmiş dəlidir.

 

–  Onu nə dayandıra bilər?

 

– Ukraynanın müstəqilliyi uğrunda əslində işğalçılara qarşı vətən savaşı aparan xalqa Qərbin maksimal yardımı. Bu zaman belə yardımın ən qısa zamanda göstərilməsi çox vacibdir. Əgər ABŞ və müttəfiqləri Rusiya ilə birbaşa hərbi toqquşmadan çəkinərək Ukrayna üzərində uçuşsuz zona tətbiq etməyə qərar verə bilmirsə (hərçənd, mənə elə gəlir ki, Putin gec və ya tez Qərb ölkələrinin birinə onsuz da hücum edəcək), heç olmasa ukraynalılar tez bir zamanda döyüş təyyarələri və HHM vasitələri almalıdır. Yalnız bu, Ukrayna xalqının məhv edilməsini dayandıra bilər.

 

– Münaqişənin həllində İsrail hansı rolu oynaya bilər? Deyəsən, baş nazir Bennet körpü yaratmaq fikrindədir.

 

– Vaxt vardı İsrailin Rusiya ilə heç bir münasibətləri yox idi. Biz artıq unutmuşuq ki, Möskva ilə Qüds arasında münasibətlər 1991- ci ildə bərpa olunub. Mənim çox yaxşı yadımdadır, SSRİ üçün İsrail ilə diplomatik münasibətləri bərpa etmək iki Almaniyanın birləşməsinə razılıq verməkdən, Berlin divarının çökməsilə, Varşava Müqaviləsi və Qarşılıqlı İqtisadi Yardım Şurasının buraxılması ilə barışmaqdan çətin idi. Çünki Moskvada müəyyən dairələrdə antiİsrail, antisemit əhval- ruhiyyəsi çox güclü idi. Axı, bu gün də hakimiyyətdə onların davamçılarıdır.

Lakin nədənsə bu barədə az adam düşünür. Hər şey unudulub. Nədənsə İsraildə insanlar unudub ki, Fələstin terrorçularını o cümlədən Sovet İttifaqında, müxtəlif məxfi kurslarda və meşələrdə məktəblərdə hazırlayıblar. Və bu işlə DTK- dan olan, Putin beşiyindən olan adamlar məşğul olub. Şübhəsiz, Moskvanın ədəb rejimlərinə hansısa təsiri var, buna İranın çəkindirmə aləti kimi baxmaq olar. Amma problem ondadır ki, indiki Putin Rusiyası gözənilməzdir. Məsələn, Qərblə qarşıdurma vəziyyətində bir də gördün onun acığına İrana nüvə proqramında yardım etməyə başlayar və ya İsrailə təhlükə törədən qüvvələrə dəstək verər, çünki İsrail Yaxın Şərqdə Birləşmiş Ştatların və digər Qərb dövlətlərinin vacib müttəfiqidir.

 

– Siz 15 ildir Ukraynada yaşayırsınız.  Bu günkü günə bu ölkə nə ilə gəlib çatıb? Hansı daxili proseslər ölkəni formalaşdırıb?

 

– Ukraynada bütün bu illər ərzində gerçəkdən siyasi mübarizə gedib və real siysət aparılıb. Müstəqil KİV- lər fəaliyyət göstərib, müxalifətin telekanallara çıxışı olub, birbaşa efirdə siyasi diskusiyalarda iştirak edib. 2014- cü ildə ikinci Maydandan sonra, bütün neqativlərə rəğmən, ölkə dəyişməyə başlayıb. Ölkədə çox mühüm siyasi, iqtisadi və sosial islahatlar baş verib.

Və getdikcə azadlıq ideyaları şüurlara hakim kəsilib.

 

Zelenski sistemli siyasətçi olmasa da, 2019- cu ildə rəqiblərinin kürəyini yerə vura bildi, ölkənin yarısı ona səs verdi. İlk turda o, Ukraynanın bütün vilayətlərində qalib gəldi, ikinci turda özünün əsas rəqibi Poroşenkoya yalnız bir yerdə – Lvov vilayəyində uduzdu.

 

Sizə gülməli gələcək, amma hətta Stepan Banderanın doğma kəndi olan İvano- Frankovskdakı Köhnə Uqrinov da Zelenskiyə səs verib!

 

Və…Ukrayna xalqını rusdilli sənaye şəhəri Krivoy Roqdan olan, rus dilində danışan yəhudi mənşəli “neofasist”, “hakimiyyəti qəsb edən” oğlandan xilas etmək barədə nağıllar, necə deyərlər, cəfəngiyyatın kvadratıdır.

 

Buna hıçqırtıyadək gülmək olardı, əgər bugünkü dəhşət olmasaydı, bombardmanlar, raket zərbələri, dinc əhalinin həlak olması və nüvə təhlükəsi olmasaydı…

 

Aleksandr Tsvetov, “Detaly”, İsrail

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button