“Gözüm yolda qalıb, 8 martda balamın təbrikini gözləyirəm”

“Elvinim hər zaman 8 mart günündə gəlib üzümdən öpərdi, mənə gül alardı. Böyüyəndə də mənə həmişə məktub yazardı, şəkilimi çəkərdi, 8 rəqəmini qırmızı rənglə rəgnləyərdi. Çox qayğıkeş övlad idi. Ona deyirdim ki, sənə qurban olum, deyirdi ki, yox mən sənə qurban olum, bir də belə desən səndən küsərəm. Gözüm yolda qalıb, balamın təbrikini gözləyirəm”

 

Bunu Moderator.az-a açıqlamasında şəhid Elvin Babayevin anası Kəmalə Rəhimova bildirib. O daha sonra əlavə edib.

“Mənə həmişə ürəyim deyərdi. Zəng edəndə, telefonu götürəndə deyirdi ki, necəsən ay ürək? Gözüm Elvinimi axtarır, həyatda mənə ən dəyərli, qiymətli hədiyyə Elvinimdir. Başqa heç nə istəmirəm. Elvin hərdən evdə gəzir. Öz-özümə deyirəm ki, bilirəm evdəsən, səni görə bilmirəm, sənsiz bağrım yarılır. Hətta elə bilirəm ki, gələcək, onun yolunu gözləyirəm. Elvinimi sonuncu dəfə yuxuda gördüm ki, göyün yuxarı qatında ayın içində dayanıb. Qardaşı da yanındadır. O dəqiqə yuxudan oyandım və həmin yuxunun sonunu görə bilmədim. Hətta mənə yuxuda şeir də yazıb. “19 yaşımı vurmadım başa, Arzularım toxundu daşa, Ana mən gedirəm sən xoşbəxt yaşa, İndi meylini sal o bir qardaşa. Allah şəhid analarına səbr versin, Allah şəhidlərimizə rəhmət eləsin. Hər gün onlar üçün dua oxuyuram.

Oğlumun yolunu səbrsizliklə gözləyirdim. Deyirdim ki, sənsiz heç bayram keçirməyəcəm, oğlum gəlsin, birlikdə qeyd edərik. Həyatımın ən xoşbəxt günü Elvinin gəldiyi gün olacaqdı. Onun üçün hər şey bişirəcəkdim. Elə bil ürəyimə dammışdı, deyirdim, gələndə onun ayağının altından öpəcəm. Mənə deyirdi ki, hərbi xidməti bitirdikdən sonra gəlib ailəmizə baxacaq. Evlənəcək, uşaqları olacaq. Axırıncı görüşümüzdə soruşdu ki, yenə gələcəksən? Dedim, üç aydan sonra sən gələcəksən, mən gələ bilmirəm. Gördüm çox pis oldu, başını aşağı saldı” deyə şəhid anası bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button