“Yüksək ehtirama layiq olan Azərbaycanı qadını gələcək Vətən müdafiəçilərinin yetişdirilməsində müstəsna rol oynayır”

Bu gün artıq 2-ci ildir ki, analarımızı, bacılarımızı və qızlarımızı 8 mart – Beynəlxalq Qadınlar Gününü münasibətilə tam fərqli əhval ruhiyyədə təbrik edirik. Bir tərəfdən yaralarımız hələ təzədir, bir tərəfdən isə qadınlarımızın böyüdüb boya-başa çatdırdığı qəhrəmanlarımız hesabına biz qalib ölkənin qalib vətəndaşı adını qürurla daşıyırıq.

 

Yüksək hörmət və ehtirama layiq olan Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilir. Onlar xalqımızın milli-mənəvi dəyərlərini daşıyan oğullarımızın təlim və tərbiyəsində, gələcək Vətən müdafiəçilərinin yetişdirilməsində müstəsna rol oynayır. 

 

Burla xatun, Banu Çiçək, Selcan xatun, Mehrican xatun, Tomris, Nüşabə, Şirin, Heyran Nisə Bəyim, Qətibə xanım, Məhsəti Gəncəvi, Möminə xatun, Sara xatun, Məhinbanu, Tuti Bikə, Xurşudbanu Natəvan, Nigar, Həcər və adlarını çəkmədiyim yüzlərlə digər yüksək zəkaya və qəhrəman döyüşçü xarakterinə malik qadınlarımız dünya tarixinə adlarını qızıl hərflərlə yazdırıblar. 

 

30 ildən artıq davam edən Azadlıq mübarizəmizdə Salatın Əsgərova, Gültəkin Əsgərova, Səbirə Mahmudova və adını çəkmədiyim çox sayda qəhrəman qadınlarlarımız döyüş zonasında və ya birbaşa əməliyyatlarda yaxından iştirak etməklə kişi döyüşçülərimizdən geri qalmadılar. Ordumuzun Vətən Müharibəsində Qələbə əldə etməsi üçün hər bir Azərbaycan qadını yaxından iştirak etdi. Kimi özü müharibədə iştirak etdi, kimi yoldaşını, kimi qardaşını, kimi oğlunu gözünü qırpmadan Vətənin müdafiəsinə yola saldı. Kimi qələmi, kimi real fəaliyyəti ilə düşmənlə savaşdı. Kimi isə təqaüdünü və ya maaşını, toxuduğu corabı və ya bişirdiyi yeməyi əsgərlərimizə göndərməklə əlindən gələni etdi. Amma bütün qadınlarımızın hamısına aid bir fəaliyyət diqqəti çəkdi. Onlardan heç biri Ali Baş Komandanımıza və qəhrəman Ordumuza düşmən üzərində Qələbə əldə etmək üçün xeyir-dualarını əsirgəmədilər və bu dualar da qəbul oldu.  

 

Bu gün tarix boyu namusu, isməti, fədakarlığı və Vətənə məhəbbəti ilə seçilən, ərinin, qardaşının və ya oğlunun şəhid xəbərinə baxmayaraq, erməni faşizminə meydan oxuyan Azərbaycan qadınlarının, müqəddəs duaları qəbul olan Vətən fədailəriləri olan qadınlarımızın bayramıdır. 

 

Belə bir gündə, mən də 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə hər bir Azərbaycan qadınını, xüsusilə də şəhid, yaralı, veteran və əsgər yaxınlarını ürəkdən təbrik edirəm, onların hamısına uzun, sağlıqlı, ağrısız-acısız və xoşbəxt bir ömür arzulayırm!

Bayramınız mübarək, əziz qadınlar!

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button