“Bir gecənin içində məşhurlaşanda kiçik evdə yaşayırdım, düşünmürdüm ki, evim, maşınım olsun”

Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova Moderator.az-ın suallarını cavablandırıb.

 

– Firəngiz xanım, bu gün Milli Teatr günüdür. Bu gün münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Peşə bayramınızı necə qeyd edirsiniz?

– Mən öncə bütün həmkarlarımı bu gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, onlar hər zaman səhnədə olsunlar, canları sağlam olsun. Çünki sağlamlıq aktyorun silahıdır, bizə lazım olan ən vacib amillərdəndir. Xalqımıza mavi səma arzu edirəm, heç vaxt müharibə olmasın, sərhəd bütövlüyümüz daimi olsun. Allah dövlətimizə, prezidentimizə, Mehriban xanıma can sağlığı versin ki, onların diqqəti nəticəsində bu gün mən Allahdan başqa heç kimə möhtac deyiləm, rahat yaşayıram. Mən bunu hər bir sənətkara arzu edirəm ki, rahat həyata qovuşsun, rahat yaşasın. Teatr gününü hər zaman həmkarlarımızla dəvət olunduğumuz tədbirlərdə qeyd edirik. Bu il də yəqin ki, elə olacaq.

 

– Hələ də arzusunda olduğunuz obraz varmı?

 

– Allaha min dəfə şükür edirəm ki, ürəyim istəyən obrazların hamısını oynamışam. Mən ilk dəfə “Səni axtarıram” televiziya tamaşası ilə bütün Azərbaycana Gülnar kimi təqdim olunmuşam, yaddaşlarda belə qalmışam. O adla da nə qədər Gülnarlar böyüyür. Çoxu mənə yazır ki, valideynlərim bu tamaşadan sonra mənə Gülnar adını qoyub. Həmçinin də Elçin adını.

 

– Hansı obrazınız üçün daha çox həyəcan keçirmisiniz, götür-qoy etmisiniz?

– Teatrda həddindən artıq maraqlı obrazlarım olub. Bir az əziyyət çəkdiyim, götür-qoy etdiyim İlyas Əfəndiyevin “Bizim qəribə taleyimiz” tamaşasında oynadığım Mələk obrazı idi. Çünki o vaxta qədər dramatik, lirik, müsbət rollar ifa edirdim. Amma bu obraz mənə həvalə olunanda düşündüm ki, bu mənim sənət həyatımda dönüş nöqtəsidir, bir sıçrayış, çevrilişdir. İlyas müəllimdən soruşdum ki, bu gənc qız niyə bu yaşında narkoman olur? Kim onu bu yola vadar edir?! İlyas Əfəndiyev bir monoloq yazıb gətirdi. Bu monoloq mənim həmin tamaşada oynadığım Mələk rolunun sanki bir açardı idi. Həmin açarla da tamaşaçıların qəlbinə yol açdım. Heç vaxt rolun böyüklüyünə-kiçikliyinə baxmamışam, çalışmışam ki, mənim səhnədəki yerlərim dolu olsun, tamaşaçı məni yox, obrazı görsün.

 

– Teatrda bir çox sənətkarlarla tərəf müqabili olmusunuz. Unutmadığınız, unuda bilmədiyiniz və bu gün hələ də yeri boş qalan tərəf müqabiliniz kim olub?

– Bizim teatrımızda həqiqətən də istedadlı aktyor-aktrisalar çox olub. Hökümə Qurbanova, Məlik Dadaşov, Sofa Bəsirzadə, Ətayə Əliyeva, Mirvari Novruzova, Məhluqə Sadıqova, Nəcibə Məlikova, Vəfa Fətullayeva, Siyavuş Aslan, Telman Adıgözəlov, Əliabbas Qədirov, Rafael Dadaşov, Yaşar Nuri, ilham Əsgərov, Əjdər Həmidov və s. adını sadalaya bilmədiyim sənətkarlarla tərəf müqabili olmuşam. Bu gün isə Bəsti Cəfərova, Zemfira Nərimanova, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Sabir Məmmədov kimi sənətkarlarla səhnəni bölüşürəm. Onların hamısı mənim üçün çox əzizdir. İstəmərəm ki, onların başından bir tük əskik olsun. Bəzən evdə də görürsən ki, sözümüz bir-birimizin boğazından keçmir. Həmçinin də teatrda. Mübahisələrimiz də olur, çəkişmələrimiz də. Axı teatr bizim ikinci evimizdir. Allah qalanlara can sağlığı versin, dünyasını dəyişənlərə rəhmət etsin! Bu günkü gündə də istər kiçik rol, istərsə də böyük rol ifaçıları ilə hansı səhnəni bölüşmüşəmsə hamısı mənə əzizdirlər. Ümumiyyətlə teatr mənim üçün əzizdir. Səhnə mənim üçün müqəddəsdir.

 

– Firəngiz xanım, sizcə sənətçi özünü sevməlidir yoxsa sənətini? Bəzi hallarda teatrdan istifadə edib, özünü reklam edənləri də görürük.

 

– Mən heç vaxt teatrla özümü reklam etməmişəm. Üzümü görməmiş tamaşaçı məni səsimdən tanıyır. Sağ olsunlar, məni hər yerdə hörmətlə, izzətlə qarşılayırlar. Allahdan çox razıyam ki, o mənə belə gülərüz sima verib. İçimdə kədərim də, qəmim də olsa tamaşaçı bunu bəlkə də dərindən diqqətlə baxsa hiss edə bilər. Mən hər zaman çalışmışam ki, sevincimi tamaşaçı ilə bölüşüm, nəinki kədərimi. Allah heç bir sənətkara kədər qismət etməsin. Əsl sənət insanları fədailərdir, onlar teatrı, sənəti sevir. Kaş sənəti sevdiyimiz qədər, özümüzü də sevə bilərdik. Amma bu mümkün deyil. Bu sənət səndən hər şeyini ala bilər. Həyat da, efir də, tamaşaçıların gözü də güzgüdür. Onlar bizi bizdən yaxşı tanıyırlar. Aktrisa da seriala çəkilə bilər, küçədən keçən insan da. Həmçinin də filmə, klipə və reklama çəkilə bilər. Amma teatr səhnəsində bu mümkün deyil. Çünki teatr elə bir yerdir ki, balaca boylunu ucaldır, bir də görürsən hündürboylunu lap balaca, gözəgörünməz edir. Bu səhnənin sirridir, sehridir. Bunu təkcə Allah bilir.

 

– Belə başa düşdüm ki, teatrda tapşırıqla heç kim irəli gedə bilməz. Geci-tezi var ki, həmin şəxs ya özünü göstərəcək, ya da göstərə bilməyib teatrı tərk edəcək?

 

– Teatr yaxşı mənada bataqlıqdır. Ora gələn çətin gedər. İstəyir istedadı olsun, istəyir olmasın. Çox təəssüflər olsun ki, heç kim getmir. Çox təsadüfi hallarda görmüşəm ki, istedadı olmayan sənətçi teatrdan getsin. Hətta adi fəhlələri də görürəm ki, ömürlərinin sonuna qədər teatrda işləyirlər. Bəziləri dəridən-qabıqdan çıxır ki, təki gündəmdə qalsın, onu tanısınlar. Hər kəs bu sənətdən bir cür istifadə etmək istəyir. Amma bir gecənin içində məşhur olanda heç nə fikirləşmirdim, 1 otaqlı evdə yaşayırdım. Fikirləşmirdim ki, evim də, maşınım da olsun. İndi zəmanə dəyişib. Hər zaman rollarımı fikirləşmişəm, götür-qoy etmişəm ki, bu rolum, o birisinə oxşamasın. Allahın yazdığı yazıya çox inanıram. Mən o vaxt Şuşadan gəlmişdim, arxamda adamım yox idi. Sakit, başıaşağı bir qız idim. İlk obrazımla teatr kollektivinin sevimlisinə çevrildim, onlar məni çox istədilər. 8 il Sofa Bəsirzadə və Məhluqə Sadıqova ilə eyni otaqda oldum.

 

– Müasir teatrın problemləri hansılardır?

 

– Müasir teatrın problemi repertuardır. Öncə gözəl əsərlər yazılmalıdır, aktyor heyəti düzgün seçilməlidir, ən əsası isə ssenari olmalıdır. Klassikaya da müraciət edirik, bu çox yaxşıdır. Azərpaşa müəllim “Almaz”, “Ölülər” tamaşalarına çox gözəl quruluş verib. Burada kütləvi səhnələr tamam fərqlidir. İndi yük daha çox aktyor-aktrisaların çiynindədir. Yəqin ki, bütün bunları düşünəcəklər. Bilirsiniz ki, yeni Mədəniyyət Nazirimiz Anar Kərimov müntəzəm olaraq bizim tamaşalarımıza gəlir. Onun hər dəfə teatra gəlişi bizə ruh, güc-qüvvət verir. Mən müasir teatrı, müasir üslubda görmək istəyirəm. Ən əsası bu tamaşaçılar tərəfindən də maraqla qarşılanmalıdır. Bu günkü teatrdan çox razıyam. Təbii ki, çatışmamazlıqları da deməliyik. Teatrın reklamı da yaxşı olmalıdır, burada menecerlər çalışmalıdır. Bəzən deyəndə ki, filan tamaşanı oynadıq, mənə yazırlar ki, biz heç bilmirdik ki, bu gün həmin tamaşa var. “Qarabağnamə” tamaşasını o vaxt, müharibədən öncə oynayanda aktyorlarda və tamaşaçılarda bu günkü kimi ruh yox idi, amma 44 günlük müharibəmizdən sonra həm aktyorlar böyük həvəslə oynayırlar, həm də tamaşaya olduqca böyük tamaşaçı axını var. Tamaşaçı zalımız ağzına kimi dolu olur, onlar sona qədər bizi alqışlayırlar. Arzu edirəm ki, bu tamaşaçı alqışlarını Allah bizdən heç bir zaman əsirgəməsin.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button