“Nənəm məni sənədlə öz adına keçirib, övladlığa götürəndə ana və atam…”

Bu gün böyük sənətkar, gülüş ustası Nəsibə Zeynalovanın anım günüdür. Aktrisanın adını daşıyan nəvəsi Nəsibə Əsgərova nənəsi ilə bağlı xatirlərini Moderator.az əməkdaşı ilə bölüşüb.

“Bir sevdiyin insan əgər sənin həyatından çıxıb gedirsə, onu necə unutmaq olar? Həmçinin də nənəmi. Sözsüz ki, getdikcə onun həsrəti bir az soyuyur, azalır amma tam unutmaq, yaxud heç yada salmamaq olmur. Nəsibə xanımın hər bir günü, hərəkəti bizim ürəyimizdə, yaddaşımızdadır. Biz onu unuda bilmirik. Mənim heyfsləndiyim bir məqam var ki, mənim və bacımın övladları Nəsibə xanımı yalnız televiziya və şəxsi arxivimizdə qorunan arxiv materiallarına görə tanıyır və yada salır. Mən çox istərdim ki, onlar kaş Nəsibə xanımı həyatda tanıyardılar. Nənəmin bir oğlu var idi, hər zaman qız arzulayırdı. Mən və bacım nənəm üçün 5  qız, 1 oğlan nəticəsi dünyaya gətirmişik. Nə mənim, nə də bacımın övladlarını nənəm gördü. Mən bu hala çox heyfslənirəm. Nənəm bizlərə dürüstlüyü, doğruluğu hər şeydən üstün tutmağı tövsiyyə edirdi. Heç bir halda bizi insanlığımızı itirməməyə çağırırdı” deyə sənətkarın nəvəsi bildirib.

 

Nəsibə Əsgərova bildirib ki, nənəsinə xalqın sevgisi böyük idi.

“Nəsibə xanım bilirdi ki, onu bütün Azərbaycan sevir. Hər zaman da onu harada görsələr “ana” deyə çağırardılar. Həqiqətən də o deyirdi ki, mən dünyanın çox xoşbəxt insanıyam, Allah mənə bir övlad verib, amma buna baxmayaraq mənim bir Azərbaycan dolusu övladım, oğlum, qızım var. Bu baxımdan deyə bilərəm ki, o dünyanın ən xoşbəxt qadınlarından biri idi. Mən dünyaya gələndə nənəm öz adını mənə verib. İllər keçdikcə də dedi ki, mən istəyirəm bu qızı sənədlə-sübutla övladlığa götürüm. Nə atam Cahangir müəllim, nə də anam Elnarə xanım nənəmə etiraz etməyiblər. Bu məsələ bizim ailədə müzakirə olunmayıb. O məni övladlığa götürməklə mən öz valideynlərimdən uzaq düşmədim, sadəcə olaraq sənəd üzrə anamın adı Nəsibə, atamın adı isə Mütəllib kimi gedirdi. Biz bir evdə yaşamışıq, hər zamanla bir yerdə olmuşuq. Düzdür, mən vaxtımın bir çox hissəsini Nəsibə xanımla keçirmişəm, amma bir ailə kimi hər zaman bir yerdə idik. Nəsibə xanım həm özünə, həm də qarşısında olan insana qarşı çox tələbkar idi. Bəlkə də anam Elnarə xanım yeganə insan idi ki, nənəm ona qarşı tələbkar deyildi, onu öz qızı kimi çox istəyib. Hər bir ailədə söz-söhbət olur. Bu ailədə kiçik bir söhbət olsa belə, Nəsibə xanım hər zaman anamın tərəfini tutub, ona gəlini yox, qızı kimi baxıb. O səhnədə tam başqa idi, həyatda tam başqa” deyə sənətkarın nəvəsi bildirib.

 

Nəsibə Əsgərova atası, Xalq artisti Cahangir Zeynalov üçün darıxdığını da bildirib.

“Hamımız iş adamıyıq, həm Cahangir müəllim, həm Elnarə xanım, mən və yoldaşım da işləyirik. Ona görə də bizim görüşməyimiz sadəcə atam Bakıya  hansısa bir səbəbədən ezam olunanda baş utur.Və yaxud da biz yay aylarında görüşürük. Əfsuslar olsun ki, tez-tez görüşməyimiz alınmır. Çox istərdim ki, hər istədiyim dəqiqədə atamı, anamı yanımda görüm. Ümumiyyətlə ata-anası yanında olan insanlara paxıllığım tutur” deyə aktrisanın nəvəsi Nəsibə Əsgərova deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button