“Bir çox səviyyəsiz məmurlar onu zədələməyə çalışdılar, amma o, həyatını qürurla yaşadı…”

“Rüstəm İbrahimbəyov bizim mədəniyyət, ictimai həyatımızın ən görkəmli firuqlarından biri idi. Onun mədəniyyət, ədəbiyyat, teatr, xüsusən də kino sahəsində əldə elədiyi nailiyyətlər, qazandığı uğurlar hər bir azərbaycanlı üçün fəxr doğurur. O, Azərbaycanı dünyada tanıda biləcək, Azərbaycan gerçəkliyini, düşüncəsini dünyaya çıxara biləcək tək-tük insanlardan biri idi”

 

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli Xalq yazıçısı Rüstəm İbrahimbəyov haqda danışarkən deyib. Q.Məhərrəmli düşüncə, ədəbi fiqur etibarıyla Rüstəm İbrahimbəyovun yüksəklərdə dayandığını bildirib:

 

 

“Miqyası çox böyük idi, yəni Hollivudla, Fransa, Almaniya, İtaliya kinodramaturqlarıyla, teatrşünaslarıyla, teatr adamlarıyla, aktyorlarıyla böyük əlaqəsi var idi. Onun müxtəlif ölkələrdə-Rusiyada, Azərbaycan, Türkiyədə qoyulan tamaşaları onu sübut edir ki, Rüstəm İbrahimbəyov düşüncə, ədəbi fiqur etibarıyla çox yüksəklərdə dayanır. Kino sahəsindəki uğurları tamamilə başqa mövzudur, çünki onun yazdığı, redaktə etdiyi, müştərək olduğu ssenarilər, kinofilmlər bu gün də dünyada məşhurdur. Yəni təkcə “Səhranın bəyaz günəşi” haqda danışmaq hər şey deməkdir. Yaxud onun son illər Qazaxıstan Kinostudiyasının yenidən qurulmasındakı rolu, “Köçəri” filmiylə bağlı çox yüksək dərəcədə prodüser işi nadir bir mədəniyyət hadisəsidir. Əlbəttə ki, Azərbaycanda kinonun böyük bir hissəsi Rüstəm İbrahimbəyovun adıyla bağlıdır.

 

Baxmayaraq ki, onun yetişdirdikləri də ona nankorluq etdilər. Bir çox səviyyəsiz məmurlar ona hücum çəkdirlər, onu zədələməyə çalışdılar. Amma bununla yanaşı Rüstəm müəllim qürurla həyatını yaşadı və hesab edirəm ki, hər kəs üçün də nümunə ola biləcək bir azərbaycanlı kimi dünyaya çıxdı. Rüstəm İbrahimbəyov Azərbaycan üçün böyük kultroloji hadisə idi. Onun yaratdıqları əbədidir, ona görə özünün də adı həm onu sevənlərin ürəyində, həm də əsərlərində, yaratdıqlarında xüsusən də kino filmlərində əbədi qalacaq”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button