“Cavad xanın heykəl işinə məni dəvət etsələr, maraqlı faktlar təqdim edə bilərəm…”

“Əslində bu çox vacib məsələdir. Cavad xanın heykəlinin qoyulması o mənada düzgün olardı ki, tarixi həqiqət öz yerini tapardı. Cavad xan öz mübarizəsiylə, torpağı, yurdu qorumaq cəhdiylə, qəhrəmanlığıyla bir nümunə göstərdi. Rus işğalına qarşı 19-cü əsrdə ən böyük nümunəni göstərən Cavad xan olub. Ona görə də onun heykəlinin qorunması həm də vətənimizi, torpağımızı qorumaq istəyində olan insanlara bir mənəvi dəstəkdir. Cavad xan həm də torpaqlarımızı işğaldan qorumaq rəmzidir”

 

Bunu Moderator.az-a açıqlamasında tarix elmləri doktoru, professor Nəsiman Yaqublu Azərbaycanın qəhrəman oğullarından biri olan Cavad xana Gəncədə heykəl qoyulması təşəbbüsündən danışarkən deyib. Tarixçi bildirib ki, əgər məni dəvət etsələr, əlimdə olan tarixi faktları da təklif edə bilərəm:

 

“Cavad xanın heykəli qoyulsun, bu çox gözəl təşəbbüsüdür. Amma bu heykəldə Cavad xanın əzəməti hiss olunmalıdır. Ona sönük bir heykəl qoymaq olmaz. O heykəl elə bir yerdə olmalıdır ki, ordan Gəncənin hər yeri görünməlidir. Yəni aparıb, balaca darısqal küçədə onun  heykəlini qoymaq olmaz. Cavad xanın heykəli əzəmətli heykəl olmalıdır və o heykəl Azərbaycan xalqının rus işğalına qarşı mübarizəsinin simvolu olmalıdır. 

 

Eyni zamanda, tarixçiləri, tədqiqatçıları bu işə cəlb etmək lazımdır ki, o böyük məqamlarla bağlı, döyüşlər harda gedib, Cavad xan həmin vaxt nə işlər görüb, bütün bunlar o heykəltəraşa deyilsin ki, o, bu heykəli yaxşı yarada bilsin. Bəzən heykəltəraş heykəli yaradıcı nöqteyi-nəzərdən yaradır, amma tarixi nöqteyi-nəzərdən onu əks etdirə bilmir, yəni problem bundadır. Şəxsən məni bu işə cəlb etsələr, böyük köməklik göstərərəm və maraqlı faktları da təqdim edərəm. Müxtəlif arxivlərdə, mühacirət dövündə Cavad xanın məndə bir neçə şəkilləri var və onları da təqdim edərəm ki, iş yaxşı getsin”.

 

Qeyd edək ki, Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

 

Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.

 

Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar atılacaqdır.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button