“Rüstəmin əsas xarakterik xüsusiyyəti vicdan və sədaqəti idi…”

Rafiq Əliyev: “O, dünya var olduqca, tarix durduqca yaşayacaq”

 

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov ötən gün vəfat edib.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən professor Rafiq Əliyev Rüstəm İbrahimbəyovla bağlı düşüncələrini dilə gətirib, onunla bağlı maraqlı fikirlər səsləndirib:

 

“Xalqı, milləti dünyaya tanıdan onun barmaqla sayılan şəxsiyyətləri, ziyalıları, dünya sənətində, elmində iz qoyan insanları olur. Mənim millətimi, xaslqımı dünyada tanıdan, dünyada təmsil edən belə şəxsiyyətlərdən biri, deyərdim ki, ən birincilərdən biri Rüstəm İbrahimbəyov olub. 

 

Rüstəmlə mənim tanışlığım təxminən 50 il bundan əvvələ təsadüf edir. Biz eyni sənət sahibiyik. Ikimiz də kibernetika sahəsində Moskvadakı SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda aspirant olmuşuq. O, kibernetika sahəsində də çox gözəl elmi işlər hazırlamışdı. Ancaq sənətə sevgi Rüstəmdə daha çox üstünlük təşkil etdi. Nə yaxşı ki, belə də oldu. Çünki Azərbaycaan “Oskar”ın bir də nə vaxt qayıdacağını bilmirəm. Təbii, arzu edərdik ki, “Oskar” vətənimizə tez-tez qayıtsın. Amma bu sahədə pioner Rüstəm oldu. O, Azərbaycana ilk “Oskar”ı gətirdi. 

 

Onun istər bədii ədəbiyyat sahəsində yaradıcılığı, istər kino sənəti fəaliyyəti, yalnız Azərbaycana sığan hadisə deyildi. Bu fəaliyyət sovetlər məkanına sığmırdı. O, bütün dünyada tanınan məşhur bir sənətkar idi. 

 

“Səhranın bəyaz günəşi” tək sovetlər məkanında yox, bütün dünyada ən çox baxılan filmlərdən biridir. Onun “Günəşdən usanmışlar” filmi isə Azərbaycana “Oskar”ı gətirdi. Mən dünyada ikinci bir adam tanımıram ki, eyni vaxtda, paralel olaraq 40 teatrda onun əsəri oynanılsın. Rüstəm İbrahimbəyov bu qədər böyük auditoriyaya malik şəxsiyyət idi. 

 

Onu bir dost, bir qardaş kimi xarakterizə eləsəm, deməliyəm ki, Rüstəmin əsas xarakterik xüsusiyyəti sədaqəti idi. O, sözün həqiqi mənasında sədaqət nümunəsi idi. Bu sədaqəti həm xalqına sevgisində, həm dostlarına münasibətdə, həm də sənətə məhəbbətində bütün aydınlığı ilə görmək mümkün idi.

 

Allah insana uzun ömür verəndə, həm də onu sınağa, imtahana çəkir. Allah sınayır ki, görək bu insan bu sınaqdan çıxa biləcək, yoxsa yox? Allah imtahan edir ki, görək bu insan vicdanının səsindən sapmayacaq, əqidəsindən dönməyəcək ki? Rüstəm bu baxımdan da hamımıza nümunə olan örnək ömür yaşadı. 

 

84 yaş onun bioloji yaşıdır. Amma onun sənət yaşı min illərlə ölçüləcək. Baxın, Nizaminin, Füzulinin neçə yaşı var? İnsanlıq var olduqca onlar da yaşayacaq. Çünki əsl sənətkarlar, böyük şəxsiyyətlər ölmürlər. Rüstəm, mənim əziz dostum ölməz sənətkar, ölməz insandır. Dünya var olduqca, tarix durduqca o da yaşayacaqdır. Allah mənim əziz dostuma, qardaşıma min rəhmət eləsin!”.

 

Seymur ƏLİYEV

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button