Ukraynada dünyaca məşhur amerikalı jurnalist güllələndi

Rusiyalı işğalçılar peşə borcunu yerinə yetirən jurlalistlərə də aman vermir

Bazar günü, martın 13- də Kiyev vilayətinin İrpen şəhərində rusiyalı hərbçilər “New York Times” nəşrinin 51 yaşlı  müxbirini öldürüb. Daha iki jurnalist yaralanıb.

 

Bu barədə Kiyev vilayətinin polis rəisi, general Andrey Nebıtov özünün “Facebook” səhifəsində  məlumat verib.

 

KİV əməkdaşları yaralıları döyüş əməliyyatları rayonundan çıxarıb.

 

“İşğalçılar Rusiya qoşunlarının Ukraynada azğınlığı barədə həqiqətləri göstərməyə cəhd edən xarici KİV- lərin jurnalistlərini də riyakarcasına qətlə yetirir.

 

Bu gün İrpen şəhərində dünyaca məşhur “New York Times” nəşrinin 51 yaşlı müxbiri qətlə yetirilib. Daha bir jurnalist yaralanıb…Əlbəttə, jurnalist peşəsi risklər tələb edir. ABŞ vətəndaşı Brent Reno cinayətkarlığı, qəddarlığı və amansızlığı göstərməyə cəhd edib”, Nebıtov belə yazıb.

 

Polis generalı sonradan dəqiqləşdirib ki, Rusiya ordusunun atəşləri nəticəsində daha iki jurnalist yaralanıb. Ukrayna DİN nazirinin müşaviri Anton Geraşşenkonun məlumatına görə, onlardan biri Kiyevdə yerləşən “Oxmadet” tibb müəssisəsinə çatdırılıb. Orada zərərçəkənə lazımi tibbi yardım göstərilib.

 

Kiyev vilayəti Milli polisinin mətbuat xidməti məlumat verib ki, xarici jurnalistlərin avtomaşını İrpendəki Romanovsk körpüsü rayonunda atəş altına düşüb.

 

Hadisə yerində olan ukraynalı hərbi qulluqçu Aleksandr Buqay baş verənlərin təfsilatını danışıb: “Güllə jurnalistin baş nahiyəsindən girib, gözündən çıxıb”.

 

Həlak olan müxbirin həmkarının məlumatına görə, Brent Reno kinorejissor, kino mükafatları laureatı idi. Öz qardaşı Kreyqlə dünyanın qaynar nöqtələrindən süjetlər hazırlayıb, İraqda və Əfqanıstandakı müharibələri, Haitidəki zəlzələni, Misir və Liviyada siyasi qarşıdurmanı, Afrikadakı ekstremizmi, Meksikadakı zorakılığı, Mərkəzi Amerikada qaçqınların böhranını işıqlandırıb. Və budur, Ukraynada həlak olub.

 

ABŞ- ın “New York Times” nəşri iddia edib ki, jurnalist onlarla əməkdaşlıq etməyib və Ukrayna ilə bağlı hər hansı tapşırıqlar almayıb.

 

“Komsomolskaya pravda” nəşrinin yazdığına görə, Ağ ev amerikalı jurnalistin həlak olması ilə bağlı rəsmi Kiyevlə məsləhətləşmələr aparır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button