“Bizim Avropa Parlamenti qarşısında öhdəliyimiz yoxdur, lakin…”

Moderator.az xəbər verir ki, 11-13 mart tarixlərində keçirilən Antalya Diplomatiya Forumunda “Post-həqiqət dövründə dezinformasiya ilə mübarizə” mövzusunda panel baş tutub. Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev dezinformasiya ilə mübarizədə qlobal yanaşmanın tətbiq edilməli olduğunu bildirib. Hikmət Hacıyev yalan məlumatların ötürülməsinin təkcə sosial mediada və ya ənənəvi mediada deyil, siyasətdə də olduğunu deyib: “Doğru məlumatı mümkün qədər tez yaradıb təqdim etmək vacibdir. Susmaq və ya görməməzlikdən gəlmək lazım deyil, buna yol verilməməlidir. “Kiçik məlumatdır, heç nə olmaz” deyilməməlidir. Tez cavab verilməlidir”.

 

Hikmət Hacıyev qeyd edib ki, sosial media savadlılığı ilə bağlı da strategiya qurulmalıdır, xüsusən də uşaqlar sosial mediada neqativ təsirə məruz qala bilərlər. Hikmət Hacıyev yanlış məlumat yayıldıqdan sonra onun düzəldilməsinin çox çətin olduğunu deyib: “Dezinformasiya siyasi, sosial, iqtisadi və başqa mahiyyətdə ola bilər. Pandemiyada tibbi dezinformasiyanı gördük. Qlobal kontekstdə yoxlama və tənzimləmə olmalıdır. Əks halda rəqəmsal anarxiya davam edəcək. Dezinformasiya kampaniyalarını bəzi şəxslər aparır. Bəzən dövlət buna dəstək verir”.

 

Hikmət Hacıyev dezinformasiyanın həmişə mövcud olduğunu, lakin yeni texnologiyaların və sosial medianın inkişafı ilə daha da yayıldığını diqqətə çatdırıb. Hikmət Hacıyev bütün qurumların bir araya gəlib dezinformasiyaya qarşı mübarizə aparmalı olduğunu bildirib: “Çünki bu, cəmiyyətə mənfi təsir göstərir. Dezinformasiyanın arxasında duran bəzi insanlar cəmiyyətlərdə çatlar yaratmaq, manipulyasiya etmək istəyirlər və bunu bilərəkdən edirlər. Hökumətlərə inamı qırmaq istəyirlər. Onlar bulanıq sular yaratmaq istəyirlər. Çünki su bulananda daha rahat balıq tuta bilərsən”.

 

Tədbirin sonunda İstanbul Universitetinin doktorantı Fazil Qasımov Hikmət Hacıyevə Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən ədalətsiz qətnamə ilə bağlı sual ünvanlayıb:

 

Fazil Qasımov: “1990-cı illərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı mədəni irs abidələrimizin kütləvi şəkildə məhv edilməsinə və bir milyona yaxın azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsinə səbəb olmuşdur. Mən də o məcburi köçkünlərdən biriyəm. Mənim bütün qohumlarım didərgin düşüb, bütün mədəni irs yerlərimiz dağıdılıb. Hətta bizim Başlıbel kəndində qətliam törədilib. Erməni silahlı dəstələri kəndimizə girməzdən əvvəl valideynlərim kəndi tərk etməsəydilər, yəqin ki, indi burada olmazdım. Həmçinin, işğal qeyri-maddi mədəni irsimizə də mənfi təsir göstərib. Biz qeyri-maddi mədəni irsimizin qorunması üçün çox səy göstərmişik. Mən sırf beynəlxalq miqyasda bu mövzuda məlumatlılığı artırmaq üçün bir çox ölkələrdə UNESCO-nun onlarla tədbirinə qatılmışam. Ancaq qeyd etdiyiniz kimi, Avropa Parlamenti bu həftə həqiqəti açıq şəkildə təhrif edən qətnamə qəbul etdi. Sualım belədir: Bu riyakarlığın səbəbi nədir?”

 

Hikmət Hacıyev: “Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana qarşı müharibəsi informasiya müharibəsi və informasiya blokadası ilə başlayıb. 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanla müharibəyə başladı və kütləvi qırğınlar törətdi. Belə bir şəraitdə ABŞ Konqresi 907-ci düzəlişi qəbul etdi ki, guya Azərbaycan Ermənistana hücum edir. Bu, informasiya müharibəsinin ironiyasıdır. Proses davam etdi. Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra, həqiqətən, mən həyatımda belə dağıntı görməmişəm. Azərbaycanın 9-dan çox şəhəri yer üzündən silinib, Azərbaycanın 67 məscidi dağıdılıb. Azərbaycan xalqını təhqir etmək üçün məscidlərdə donuz saxlayıblar. Azərbaycan xalqının bütün mədəni irsi məhv edilib. Bəs biz bu insan hekayələrinin əksini, o cümlədən Fazil kimi insanların hekayələrini Fiqaro kimi media orqanlarında gördükmü, yox, amma yazırlar ki, Azərbaycan erməni mədəni irsini məhv edir və mənim sualım budur ki, harada, necə, mənə bir fakt verin. Fakt yoxdur. Təbii ki, biz onları dəvət etmişik, səfirlərini də (işğaldan azad olunan) ərazilərə götürmüşük, jurnalistləri də götürmüşük, onlar yerlərdə özlərinin faktaraşdırma missiyasını həyata keçirmişlər. Heç bir reaksiya yoxdur. Dünən bu dezinformasiyanın davamı çərçivəsində, Avropa vətəndaşlarından yığılan vergilərlə fəaliyyət göstərən qurumda qətnamə qəbul edildi. Təbii ki, Azərbaycan üçün bu, bir kağız parçasıdır. Bizim Avropa Parlamenti qarşısında öhdəliyimiz yoxdur. Lakin, bu qurum özünə hörmət etməlidir. Qətnamədə “Azərbaycan erməni mədəni irsini məhv edir” deyilir. Mənim sualım budur: Harada? Mənə misal çəkin, sübut göstərin. Sübut yoxdur. Bəs Fazilin və qaçqın və məcburi köçkünə çevrilmiş azərbaycanlıların hekayələri haradadır? Ona görə də bu rəqəmsal anarxiyada belə ədalətsizliklə üzləşirik.”

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button