“Şəhidlərimiz oğul dərdimə təsəlli olsa da bu dərd daim mənimlə yaşayır…”

“Bu dərd ömür boyu içimdə mənimlə yaşayacaq. Başqa yolum nədir ki? İçimə saldım, yıxılıb getdim, bəs qızım, həyat yoldaşımın aqibəti necə olacaq? Nə qədər ki, yaşayıram mən onlara cavabdehəm. Onun üçün də insan özündə güc tapmalıdır. Nə qədər ki, həyatda nəfəs alıram, oğul dərdi mənimlədir. Nə qədər Allah ömür veribsə yaşamalısan, dözməlisən. Həyat bir imtahandır, hamı gəlib gedəcək. Necə ki, kino ən maraqlı yerində bitir, həmçinin də bizim həyatımız maraqlı yerində bitir. Verən də Allahdır, alan da”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni İbrahim Borçalı deyib. O daha sonra əlavə edib.

“Mən zatən bilirdim ki, həyat budur. Hər kəsin bir vaxtı var. Həyata o qədər də çox bağlanmaq lazım deyil. Fərqi yoxdur ki, pulun, vəzifən var, sən heç kimsən. Həyat şöhrətlə, vəzifə ilə, pul ilə davam etmir. Bu həyatda hamının başına hər şey gələcək, heç nə əbədi deyil. Oğlumla bağlı yaşadığım faciəli günlərdə sənət dostlarımdan böyük diqqət və qayğı gördüm. Onlar məni zəng edib axtardılar, yanımda oldular. 44 günlük müharibədə itirdiyimiz şəhid övladları dərdimə su səpdi, onların hamısı bizim övladlarımız idi. Mənim oğlum da Tovuz hadisələrində həyəcanlanmışdı, özünə yer tapa bilmirdi. Səs yazısı da yayılmışdı ki, müharibə olsa gedəcəyəm. Oğlumun ölümündən sonra müharibənin başlaması və torpaqlarımızın geri qayıtması məni özümə qaytardı. Allah onların hamısına rəhmət etsin. Onlar ölməyib, daim qəlbimizdə yaşayacaqlar” deyə müğənni bildirib.

 

İbrahim Borçalı övladını yuxuda gördüyünü də bildirib.

 

“Oğlum bir dəfə yuxuma girib mənə dedi ki, sizi görürəm. O vaxt 40-na bir gün qalmışdı. Mən ondan xahiş etdim ki, gəl bir dəfə səni görüm, o da qarşılığında cavab verdi ki, gələ bilmərəm, amma sizi görürəm. O yuxu mənə təsəlli, təskinlik verdi” deyə İbrahim Borçalı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button