“Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq”

“Ümumiyyətlə doğum günümü qeyd etməyi sevmirəm. Mənə elə gəlir ki, doğum günü yalnız uşaqlara sevinc gətirir. Böyüklər  isə doğum günlərində bir qədər kədərlənirlər, ömür gedir, zaman ötür yaşlanırsan və sən bunun fərqində olursan. Amma əsas mənalı, dolu yaşamaq lazımdır. Çünki ömür insana bir dəfə verilir. Acılı və şirinli genləri ilə. Fikrət Sadıq demişkən, adamın günü ağ da olar, qara da. Hamısını bağrıma basıram. Hər il doğum günümü çox sakit, təmtəraqsız qeyd edirəm”.

Bunu Moderator.az-a tanınmış aktrisa Zemfira Əbdülsəmədova deyib. O daha sonra əlavə edib.

“Keçən il  isə yubileyim idi. Ailəmlə, dostlarım və qohumlarımla bərabər qeyd etdim. Bu il isə təsadüf elə gətirdi ki, ad günümü çox sevdiyim İstanbulda qeyd etmək mənə nəsib oldu. Qızım mənə hədiyyə edib. O bilir ki, bu  nostalji şəhəri çox sevirəm, burada bir zamanlar yaşamışam və bu təzadlar şəhəri ilə bağlı unudulmayan xatirələrim var. Ona görə də indi burdayıq. Yəqin ki, builki doğum günüm yaddaşımda qalacaq. Əsas odur ki, dünyamızda əmin-amanlıq olsun, hər bir insan öz doğmalarının ətrafında xoşbəxt olsun, sevdiyi, məşğul olduğu işində uğur qazansın və vətənə xeyir gətirsin” deyə aktrisa bildirib.

 

Tanınmış aktrisa həyat yoldaşı, aktyor Ədalət Əbdülsəmədovdan da danışıb.

“Ədalət müəllim həm həyat yoldaşı, həm həmkar, həm də sadiq dostdur  Yeri gələndə ağıllı məsləhətlər də verir. Bir birimizi tənqid edirik və incimirik. Çünki, yalandan bir-birimizi tərifləmərik. Əslində, adam özü harda səhv etdiyini, alınmadığını əla bilir. Biz teatrda tərəf müqabiliyik, ər-arvad deyilik. Bunu həmkarlarım da dəfələrlə mənə deyib” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button