“Niyə dövlət müəssisələrini özəlləşdirmirsiniz ki, bizim insanlarımız normal maaş alsınlar”

2020-ci ildə necə möhtəşəm qələbəyə imza atdığımızı indi hər kəs bir daha dərindən başa düşür. Buna görə də biz ötən il hökumətin hesabatında cənab Prezidentə, hökumət üzvlərinə öz minnətdarlığımızı bildirdik. Xalqımız da tarixinə qızıl hərflərlə yazılan bu qələbəni heç vaxt unutmayacaq.

 

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında səsləndirib.

 

Millət vəkili bununla yanaşı qeyd edib ki, bu gün aparılan iqtisadi islahatlar bizi qane etməməlidir:

 

“Mən ümumi vəziyyəti özündə əks etdirəcək bir neçə rəqəmi sizin diqqətinizə çatdırmaq istəyirəm: Bütün dünyada hökumətlərin fəaliyyətinə hesabat dövründə açılan iş yerlərinin sayına görə qiymət verilir. Mən indi icmal hesabatın 35-ci səhifəsində oxuyuram ki, 2021-ci ilin dekabrın əvvəlinə olan vəziyyətə görə, musdla çalışan işçilərin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2% artaraq 1704000 (bir milyon yeddi yüz dörd min) nəfər olub. Hesab etmirəm ki, bir il ərzində 20 min iş yerinin açılması bizi qane edə bilər. Bundan başqa, bəzi hallarda biz nəyi müşahidə edirik? Bəlli olur ki, 1704000 (bir milyon yeddi yüz dörd min) iş yerindən 905 mini iqtisadiyyatın dövlət sektorunun payına düşür. Qeyri-dövlət sektorunda isə 799 min insan çalışır. Bu hesabatlıa tanış olanda görürük ki, dövlət müəssisələrində çalışan işçilərin əmək haqqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manatdır.

 

Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hesabatda yer alan göstəricilərdən göründüyü kimi, əgər əmək haqlarında bu qədər böyük bir fərq varsa, nə üçün dövlət müəssisələrini özəlləşdirmirsiniz ki, bizim insanlarımız normal maaş alsınlar və büdcəyə vergi ödəsinlər. Mənə qədər çıxış edənlər qeyd etdilər ki, seçildikləri ərazilərdə su, qaz problemləri var, məktəblərin təmirinə ehtiyacı duyulur, yollar çəkilməlidir və s. Bunların hamısı üçün isə vəsait lazımdır. Bizim Ümumdaxili Məhsulun (ÜDM) həcmi cəmi 93 milyarddır, adambaşına düşən ÜDM-in həcmi isə 9269 manat. Təqribən 5 min avro. İnkişaf etmiş Avropa ölkələrində bu rəqəm 30-35 min avrodur, bəzilərində isə daha çoxdur. Axı biz bu rəqəmi islahatlar aparmaqla ən azı 3 dəfə artıra, 30 min manata çatdıra bilərik”.

 

BAXCP sədri hesabat dövründə ərzaq məhsullarının qiymətində baş verən artıma da diqqət çəkib: “Ölkədə 1 milyon 197 min pensiyaçı var. Onların da pemsiyaları 2020-ci illə müqayisədə artırılaraq, 302 manatdan 331 manata çatdırılıb. Təqribən 28-29 manat artım olub. Hesab edirəm ki, bu da yetərli deyil. Nəzərə alsaq ki, Azərbaycana Rusiya və Ukraynadan pul göndərişlərində də məhdudiyyətlər olacaq. Eyni zamanda heç kimə sirr deyil ki, xaricdən daxil olan vəsaitlər sosial gərginliyin aradan qalxmasına səbəb zəmin yaradan amillərdən biridir.Bütün bunlar mütləq nəzərə alınmalıdır. Hesabatda qeyd olunub ki, 2021-ci ildə bizim valyuta ehtiyatlarımız 2,4 milyard artıb. Amma inflyasiya və pandemiya dövründə biz, əslində valyuta ehtiyatlarımızdan daha çox xərcləməliydik. Valyuta ehtiyatlarımızın artması ilə öyünməli deyilik. Məncə əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə valyuta ehtiyatlarımızdan xərcləməyə ehtiyac var idi.

 

Başqa bir məqama diqqət çəkim: Hesabatda qeyd olunur ki, 2021-ci ildə ölkənin sənaye sektoruna 7 milyard 328 milyon manat vəsait yatırılıb. Bunun 5 milyard 761 milyon manatı neft-qaz sektoruna qoyulub. Qeyri-neft sektoruna isə cəmi 1 milyard 563 milyon manat investisiya yatırılıb. Bu çox kiçik rəqəmdir. Belə olduğu təqdirdə biz qeyri-neft sektorunu necə inkişaf etdirə bilərik? Buna görə də araşdırma aparılmalıdır ki, bizdə qeyri-neft sektoruna hansı səbəblərdən investisiya yatırılmır. Bunun kökü haradan və nədən qaynaqlanır? Baş nazir də vurğuladı və biz də böyük minnətdarlıq hissi ilə qeyd edirik ki, gömrük və vergi orqanları 1,7 milard manat artıq vəsait toplayıblar və bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xərclənilib. Amma bununla vəziyyətdən çıxmaq mümkün deyil. Hesab edirəm ki, ölkədə daha ciddi iqtisadi islahatları həyata keçirilməsinə ehtiyac var”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button