“Yaşarla aramızda sevgi olmayıb, hərbi xidmətdən gələndə mənimlə evləndiriblər ki, birdən kiməsə “ilişər””

“Ailə tamam başqadır, sənət isə başqa. Yaşar da elə idi. Vay o gündən ki, tutması tutardı, vay o günə ki, əhvalı yaxşı olardı. Orta hədd yox idi onda, ya elə olurdu, ya da belə. Yaşar uzaq qohumum olub, hərbi xidmətdən gələndə onu mənimlə tanış etdilər ki, birdən kiməsə “ilişər”. Mən o vaxt konservatoriyada oxuyurdum, 3 gün arxamca gedib-gəlib. O vaxt diplom işi yazırdım, daha sonra qoymadı məni işləməyə. 3-4 ay ərzində toyumuz oldu, bu aylar ərzində onu bəlkə də heç 3-4 dəfə görməmişdim. Onda indiki kimi deyildi ki, nişanlılar gündə görüşüb, gəzməyə getsinlər. İkimiz də Sovetskidə böyümüşdük, orada qayda-qanunlar başqa idi, bu Yaşarın xasiyyətinə də təsir etmişdi. Mən bilirdim ki, Yaşarla evlənəndən sonra o məni işləməyə qoymayacaq, elə də oldu. 3 il mən işləmədim, atamın təkidi ilə sonra məni dərs deməyə qoydu. Nə yalan deyim, bizim aramızda sevgi olmayıb. Xəstələndiyi vaxt aramızda əsl sevgi yarandı, 2005-ci ildən sonra. O illəri yadıma salanda sanki yeni sevməyə başlayan bir qızcığazın yaşadığı hissləri keçirirəm”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva bildirib. O daha sonra əlavə edib.

“Bəlkə də o vaxt sevgi olub, yəqin mən bilməmişəm. Çünki xəstə idi, onsuz qala bilmirdim. Həyatımız təkər kimi sürətlə gedirdi, romantik hisslər yaşamağa da vaxtımız yox idi. Yaşar da bütün günü çəkilişlərdə, orda-burda olurdu. Hamının yanında ona deyirdim ki, səni sevirəm, sığallayırdım. Məni pərt edirdi, deyirdi ki, nə özünü göstərirsən? Amma ölümündən öncə ondan icazə alıb, öpdüm. Son günlərini yadıma salanda, ölüb-dirilirəm. Həmişəki kimi yenə də qapıda məni gözləyirdi. Gördüm kolyaskada oturub, gəlib kolyaskanı hərəkətə saldım ki, onu gəzdirim. Gördüm mənə baxır ki, ayıbdır. Həkim də yanında idi, dedim ki, Yaşar məni sevirsən?! Dedi ki, bəsdir, ayıbdır. Dedim ki, nə olar bir dəfə mənə de ki, “səni sevirəm”. Tibb bacısı dedi ki, ay Yaşar müəllim, belə xanımla bir ömür boyu yaşamaq olar. Dedi ki, “hə, sevirəm”. Daha sonra o yatdı, mən gəldim evə. Gecə saat 11-də baş həkim zəng edib dedi ki, bu xəbəri sizə verməyə məcburuq, Yaşar müəllim dünyasını dəyişdi. Yaxşı ki, son nəfəsində ondan sevgi etirafını eşitdim” deyə sənətkarın həyat yoldaşı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button