Tanınmış Qarabağ qazisi işdən niyə azad olundu?..- RƏSMİ CAVAB

“Məni işdən, məzuniyyətdə ola-ola, Prezidentin imzasıyla təsdiqlədiyi Əmək  Məcəlləsini, ölkə Konstitusiyasını pozaraq azad  ediblər…”

 

“Azay Kərimov 2022-ci il yanvarın 10-dan 27-dək üzrsüz səbəbdən işə gəlməyib və bununla bağlı hər hansı sənəd təqdim etməyib…”

 

Moderator.az-a tanınımış Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimovun

Azərbaycan Respublikasinin Prezidenti  cənab  İlham  Əliyevə, 1-ci Vitse-prezident xanım Mehriban Əliyevaya , Ombudsman Səbinə Əliyevaya, deputat Qənirə Paşayevaya, butun qazi ictimai birliklərinə və QHT-lərə, eləcə də digər tanınmış  qazi, hüquqşünas və ictimai fəallara ünvanlanmış  müraciəti daxil olub. Müraciətində Azay Kərimov cari ilin fevral ayında  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin tabeliyində olan Sabunçu rayonu Ramanı qəsəbəsində- “Şuşa şəhərciyi” deyilən məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivi ərazisindəki  450 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəis müavini vəzifəsindən qanunsuz  və  haqsız olaraq azad olunduğunu iddia edir.

 

Qarabağ qazisinin xahişini nəzərə alaraq  müraciətini olduğu kimi nəzərinizə çatdırırıq:

 

“2022-ci il yanvarın 1-də ağır formada koronovirusa yoluxdum.  Bunu təsdiqləyən laboratoriya sənədlərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərdim və Şuşa  rayon poliklinikasindan həftəlik bülleten götürməyə məcbur oldum. Əvvəlcə duşundum ki, xəstəlik tezliklə kecib gedər.  Amma səhhətim getdikdə daha da ağırlaşdı. Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədova və onun muavini Azər muəllimə  zəng etdim.  Hər ikisi şəxsən dedilər ki, işə cixma, başqalarını da yoluxdurarsan. Mən də tam sagalmadığımdan məzuniyyətə çıxmaq ücün bildiriş yazdım və  Ramanı 450 saylı MİS rəisi Etibar Nəcəfovın yazılı razılığıyla dövlət “Qaçqınkom”a –  Azər müəllimə göndərmişəm. Özü də rəis də mənə bildirdi ki, bu, sənin qanuni haqqındır, neçə ildir, məzuniyyətə çıxmırsan… 

 

Və gözlənilmədən  fevralın 16-da məlum oldu ki, məni guya 17 gün ərzində işə çıxmadığıma görə əmrlə işdən azad ediblər.  Ancaq maraqlıdır ki,  MİS rəisi Etibar Nəcəfov tərəfindən “Qaçqınkom”a, şəxsən Azər müəllimə göndərilmiş  məzuniyyət sənədim tapılmır. E.Nəcəfov sənədin göndərildiyini təsdiqləyir. Azər müəllim də məzuniyyət sənədinin onda olduğunu bildirir. Amma sonradan necə yoxa çıxması guya bilinmir. Zəng edirəm “Qaçkınkom”un müsahibinə, kadrlar idarəsinə və s.,  deyirlər, bizdə yoxdu. Amma qəribədir ki, məni işdən azad edəndən sonra məzuniyyət haqqımın hesablanması  haqda sənəd yazılıb. Bəs əgər mən qanuni şəkildə məzuniyyətə çıxmamışamsa, hansı əsasla mənə məzuniyət pulu hesablanır? 

 

Fakt ortalıqdadır ki, əməkdaş məzuniyyətdə ola-ola Prezidentin imzasıyla təsdiqlədiyi Əmək  Məcəlləsini, ölkə Konstitusiyasını pozaraq, məni – Qarabağ qazisini işdən azad  ediblər. 

 

Bir sözlə, mən dövlət rəhbərliyindən “Qaçkınkom” tərəfindən tapdanan haqqımın bərpası üçün tədbir görmələrini tələb edirəm. 

 

Onu  da nəzərinizə çatdırım ki,  həyat yoldaşim bir ildir, birinci dərəcəli agır xərcəng xəstəsidir. Buna görə də hər şeyimi: 2 evimi, 2 avtomobilimi satmağa məcbur olmuşam.  Qalan daxili orqanlarımdır. Əgər salamatdirlarsa, onları da satmağa hazıram. I Qarabağ savaşında 3 dəfə agır yaralanmışam. İkinci dərəcəli müharibə əliliyəm.  Sənəddən görunduyu kimi qolumun 3,1 faizi işləyir. Fiziki iş qabiliyyəti məhduddur. 

 

Onu da nəzərinizə çatdırıram ki, “Qaçqınkom” tərəfindən barəmdə cürbəcür şayiələr yayılır. Guya mən hansısa şəhid ailəsini təhqir etmişəm və o, qaynar xəttə zəng edib.  Guya işlədiyim şəhərcikdə kimlərdənsə rüşvət almışam və s.  Əgər əllərində doğrudan da belə faktlar varsa, qoysunlar ortalığa. Qaynar xəttdə hansısa şəhid ailəsinin səs yazısı varsa, onu tapıb mənimlə üzləşdirsinlər.  Bunlar hamısı böhtan və hədyanlardır. Mənim leksikonumda, ümumiyyətlə, təhqir anlayışı yoxdur. İkincisi də, mən vətən uğrunda canını fəda edən şəxsəm, gözümün qarşısında neçə silahdaşım, əsgərim, yaxın qohumlarım şəhid olub.  Digər tərəfdən,  “Qaçqınkom” Mənzil İstismar Departamentinin direktoru hörmətli Səbuhi Əhmədov da dəfələrlə rəhbəri olduğu qurumun iclaslarında bildirib ki,  işlədiyi 4 il müddətində Azay Kərimovdan rəhbərliyə heç bir şikayət daxil olmayıb. 

 

Onu da bildirirəm ki, bu yaxınlarda keçirməyə hazırlaşdığım mətbuat konfransında işlədiyim müddətdə şahidi olduğum digər faktlar barədə də ətraflı məlumat verməyə çalışacağam.

 

Xatırladaq ki, 1990-cı illərdən bəri  mediada yayılmış çoxsaylı məlumat, tele-veriliş və müsahibələrdən  polkovnik Azay Kərimovun 1992-ci ilin fevralında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndləri sakinlərinin erməni terrorçularının mühasirəsindən mümkün qədər az itki ilə çıxarılmasında böyük xidməti olub. 3 dəfə Milli Qəhrəmanliga təqdimatı verilib.

 

Qarabağ qazisi Azay Kərimovun söylədiklərinə rəsmi münasibət öyrənmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinə müraciət etdik. Qurumdan bizə aşağıdakı qısa rəsmi açıqlama verildi:

“Sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin tabeliyində olan Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsində rəis müavini vəzifəsində çalışan Kərimov Azay Allahyar oğlunun qanunsuz hərəkətlərə yol verməsi, iş vaxtı spirtli içki qəbul etməsi və əmək intizamını kobud surətdə pozması barədə məcburi köçkünlər tərəfindən şikayətlər daxil olub.  Eyni zamanda, Azay Kərimov 2022-ci il yanvarın 10-dan 27-dək üzrsüz səbəbdən işə gəlməyib və bununla bağlı hər hansı sənəd təqdim etməyib. Qeyd edilənlər aidiyyəti üzrə araşdırıldıqdan sonra, öz təsdiqini tapıb və Azay Kərimovla bağlanmış əmək müqaviləsinə xitam verilib”.

 

Məsələni nəzarətdə saxlayacağıq.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button