“Orduya qalib gəlmək olar, amma bütövlükdə xalqa yox…” –General-mayor 

“Ukraynada Gəncənin, Bərdənin və s. bombalanmasıyla eyni ssenari tətbiq edilir…”

 

“Bir balaca ağlı olan ölkə liderləri Rusiyadan uzaq durmağa çalışır…”

 

“Özgə torpağını işğal edən Rusiya ordusunun  ruh yüksəkliyi yoxdur.  Ukrayna ordusu isə çox ağıllı gedişlə onların təchizat məsələsini də dayandırdı. Yəni arxadan Rusiya ordusuna heç bir ərzaq, yanacaq, silah-sursat çatdırmaq, demək olar ki, mümkün deyil. Ac qalan əsgər  də döyüşə bilməz… Burada sərt iqlim şəraiti də böyük rol oynayır…”

 

Bu fikirləri Moderator.az-a açıqlamasında sabiq Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev dilə gətirib.

 

Sabiq müdafiə naziri bütövlükdə Ukrayna xalqı ilə  üzbəüz gələn Rusiya ordusunun qələbə şansının olmadığını da qeyd edib.

 

“Eyni zamanda  Rusiyanın yaşayış binalarını, dinc sakinləri bombalaması, raket, aviasiya, artilleriya zərbələrinə məruz qoyması, uşaqlara, qadınlara, qocalara qarşı belə, birbaşa terror aktları həyata keçirməsi də bütün dünyada böyük nifrət yaradıb. Və bir çey aydın olur ki,  bu gün Ukraynada da II Qarabağ savaşı zamanı Gəncənin, Bərdənin və s. bombalanmasıyla eyni ssenari tətbiq edilir. Yəni mülki əhaliyə qarşı açıq terror aktları törətməklə ölkədə qorxu və təşviş yaratmaqla insanları kütləvi şəkildə öz yaşayış yerlərini tərk etməyə vadar edərək şəhərlərin işğalına şərait yaratmaq. Ona görə də Ukrayna prezidenti, riskli olsa da, çox düzgün qərar qəbul etdi ki, bütün əhalinin silahlanmasına göstəriş verdi. Bilirsiz, bunu tarixdəki bir çox savaşlar da göstərib; bir ölkənin ordusuyla vuruşub ona qalib gəlmək olar, amma bütövlükdə xalqla savaşda qalib olmaq qeyri-mümkündür. Bunu Hitler də bacarmadı… Faşist Almaniyasının onurğa sütununu  məhz SSRİ tərkibindəki müxtəlif xalqların faşistlərlə hər vasitə ilə mübarizəsi sındırdı. Xüsusən də  Ukrayna və Belarus partizanlarının hərəkatı… Ən çətin döyüş növü şəhər döyüşləridir. Ona görə ki, küçələrdə, dalanlarda ağır zirehli texnikanın, eləcə də düşmənin canlı qüvvəsinin manevr imkanları azdır. Öz şəhərlərini işğalçılardan daha yaxşı tanıyan sakinlər, məsələn, tanklar küçələrə daxil olan kimi onları, ən azı, “Molotov kokteyl”ləri ilə, o cümlədən qumbaraatanlarla, “Javelin”lərlə vurub məhv edirlər. Bu baxımdan Rusiya ordusu qorxusundan tam şəkildə hansısa şəhərə girib oranı ələ keçirə bilmir. Çünki hər dalanda, hər döngədə, hər binada müdafiəçilər, partizanlar dayanıb və işğalçılara hər vasitə ilə zərbə vurmağa hazırdırlar. Şəhəri raket və bombalarla məhv etsə də,  o ordu o vaxt qalib sayılır ki, həmin şəhərə piyada qoşunlar daxil olsun. Bu mənada da Rusiya ordusunun Ukraynanın Xarkov, Kiyev, Odessa kimi iri şəhərlərini də ələ keçirmək və bütövlükdə qələbə çalmaq şansı çox azdır”.

 

Bu gün Ukraynada  həmçinin meşəlik ərazilərdə düşmənin texnikasına və canlı qüvvəsinə güclü zərbələr endirilir.  Mən hesab edirəm ki, əgər Rusiya ordusu doğrudan da Ukrayna mənbələrinin dediyi qədər itkilər veribsə, onun bundan sonra özünə gəlməsi və yenidən irəliləməsi həddindən artıq çətin məsələdir. Müharibə taktikasında belə bir amil qəbul olunub ki, hər hansı iri hərbi birləşmə, ordu, briqada, diviziya, alay və s. öz canlı qüvvə,  texnika və hərbi sursatının 50 faizini itiribsə, deməli həmin birləşmə öz döyüş qabiliyyətini də itirib. Bu mənada Rusiyanın durumu çox ağırdır. Görün, Kreml nə qədər acınacaqlı vəziyyətə düşübsə, Belarusu da Ukraynadakı əməliyyatlara qoşmaq istəyir, Suriyadan və s. “könüllülər” adıyla muzdlu döyüşçülər gətirməyə çalışır. Deyir, cəhənnəmə gedən özünə yoldaş axtarar… Amma bir balaca ağlı olan ölkə liderləri Rusiyadan uzaq durmağa çalışır. Hətta Belarusun diktator lideri Lukaşenko da müxtəlif bəhanələrlə bu günədək öz ordusunu Ukraynaya yeritməyib” –  deyə general-mayor bildirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button