“Putinin bu gün istifadə etdiyi bütün metodlar yüz faiz nasizmdir”

“Putindən qorxmaq lazım deyil, amma biz narahat olmalıyıq, o, hər şeyə gedə bilər”

 

“Vəziyyət 5 ssenari üzrə inkişaf edə bilər, ən dəhşətlisi nüvə müharibəsidir”

 

Polşanın sabiq prezidenti Aleksandr Kvasnevski “QORDON” internet nəşrinin sahibi Dmitri Qordona müsahibə verib.

 

“Moderator.az” saytı müsahibədən seçmələri təqdim edir.

 

Bəşəriyyət XX əsrin tarixindən ibrət dərsləri götürməyib. Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayan Rusiya prezidenti Vladimir Purin nasistlərin metodundan istifadə edir  .

 

Kvasnevski işğalçıların hücumları zamanı Mariupolun,Xarkovun, Çerniqovun dağıdılmasından və şəhərlərin dinc sakinlərinin həlak olmasından danışıb. O, vurğulayıb ki, Rusiyanın müdaxiləsi Ukrayna tərəfindən təhrik edilməyib.

 

“Bu, Rusiya ilə heç vaxt heç bir müharibə istəməyən, 2014- cü ildən ərazilərinin bir hissəsini itirən və bu məsələni diplomatik yolla həll etmək istəyən ölkəyə qarşı təcavüzdür. Siz bilirsiniz, bu, qorxuludur, bu həm də o deməkdir ki, XXI əsrdə XX əsrdə yaşadıqlarımız bütün bədbəxtçilikləri təkrar etmək olar”, – Polşanın sabiq prezidenti deyib.

 

O, qeyd edib ki, XXI əsrdə çox şey dəyişib, bu zaman sosial şəbəkələrin meydana çıxmasını xatırladıb.

 

“Bir tərəfdən bu, yaxşıdır, çünki bütün məlumatları əldə etmək olar. Lakin düşünürəm ki, hətta sosial mediada baş verənlər bizi daha ağıllı etməyib. Hətta belə reaksiyalar da mövcuddur: “Bəlkə, bunlar həqiqətdir”. Rusiya öz təbliğatını aparır. Bilirsiniz, mən eşidəndə ki, bu, “nasizmə qarşı xüsusi əməliyyatdır, nə edəcəyimi bilmirəm”, – siyasətçi öz hiddətini gizlətməyib.

O, sual edib: Ukrayna prezidenti Vladimir Zelenskini necə “neonasist” prezident adlandırmaq olar ki?

 

“Bu adam yəhudidir, ailəsinin bir hissəsi Xolokost zamanı həlak olub. O, rus dilində, rus mədəniyyətində doğulub və tərbiyə alıb, – Kvasnevski sözünə davam edib. – Putinin bu gün istifadə etdiyi bütün metodlar tamamilə nasizmdir, 100 faiz nasizmdir. Bu, tamamilə yalandır, bu, nasizmdir, bu, belə də olub”.

 

Polşanın sabiq prezidenti təbliğatın rusiyalılara təsirindən danışıb.

 

“Əlbəttə, rusiyalıların çoxu bu təbliğata uyur, onlar əmindir ki, “ola bilər ki, belə olsun”. Mən Sizə deyim ki, mən dəhşətə gəldim, BBC- də Moskvadan olan bir yaşlı qadınla söhbəti dinlədim. O, ingiliscə gözəl danışırdı, ola bilər ki, ingilis dili müəlliməsi idi.  Jurnalist ondan soruşub ki, “Siz bilirsinizmi ki, onlar  orada evləri, adamları bombardmanlara məruz qoyur?”- “Yox, bu, ola bilməz”. – “Onlar söz vermişdilər ki, bunu etməyəcəklər”. – Hə, nə olsun ki, vəd etmişlər?” – Necə yəni? Onlar söz veriblər, yəqin ki, etməzlər”, – Kvasnevski deyib.

 

O, Putinin Ukraynaya hərbi müdaxilə etmək qərarını tarixi yanlışlıq adlandırıb.

 

“Putinin Ukraynaya qarşı etdikləri Ukraynanın identikliyini (eynilik) yaradıb. Mən həmişə bütün müsahibələrimdə deyirdim ki, Putin Ukraynaya hücum etsə, müqavimətlə üzləşəcək, insanlar mübarizə aparacaq. Ona görə ki, onlar ukraynalılardır, onlar öz həyatları, öz azadlıqları, öz mədəniyyətləri, öz identikliyi uğrunda mübarizə aparacaqlar”, – siyasətçi vurğulayıb.

 

“Bugünkü vəziyyətin beş inkişaf ssenarisi var, ən dəhşətlisi nüvə müharibəsidir”

 

Jurnalist soruşub: “Polşa Putindən qorxurmu? Qorxurmu ki, Ukraynadan sonra Putin Polşaya hücum edə bilər? “

 

Kvasnevski cavabında deyib ki, yox, qorxmaq güclü sözdür, biz, belə deyək, narahat olmalıyıq. Ona görə ki, Putin Ukraynada qalib gəlsə, daha irəliyə gedəcək. Mənə elə gəlir ki, Polşa birinci yerdə deyil. Baltikyanı ölkələr daha yaxındır. Həm də onlar sovet respublikaları olub.

 

Bəli, Putin Polşaya nifrət edir. Mən Sizə deyim ki, Putinlə ehtiyatlı olmaq lazımdır. O, müxtəlif şeylər edə bilər.

 

Beş inkişaf ssenarisi mümkündür.

 

Birincisi, ən yaxşı ssenaridir, bu müharibədə Ukrayna qalib gələcək.

 

İkincisi, bu müharibə çox uzun müddət davam edəcək, heç kim də onun sonunun necə olacağını bilməyəcək. Məncə, bu ikinci variant daha yaxındır.

 

Üçüncüsü, Putin qalib gələcək, Kiyevi ələ keçirəcək, özünün hökumətini quracaq.

 

Dördüncüsü, Putin daha da irəliləyəcək, bu isə Rusiyanın NATO ilə müharibəsi demək olacaq.

Bu həm də müəyyən mənada Avropa müharibəsi demək olacaq.

 

Biz bu gün yaxşı bilirik ki, qloballaşma zamanı qitə müharibələri olmur. Bu, üçüncü dünya müharibəsi olacaq.

 

Amma beşinci ssenari də var, bu, ən dəhşətlisidir.  Bu, nüvə müharibəsidir. Putinin davranışlarından belə görünür ki, o, bundan öz siyasi məqsədləri üçün istifadə etmək istəyir.

 

Ona görə də bəlkə də qorxmaq lazım deyil. Amma hər şeyə hazır olmaq lazımdır. Bütün bu ssenariləri dərindən təhlil edib, baş verə biləcək hər şeyə hazır olmaq lazımdır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button