Alman ekspert: “Rusiyanın Mariupoldakı hərəkətlərini soyqırım adlandırmaq olar”

Almaniyalı hüquqşünas Otto Lühterhandt əmindir ki, Mariupolun mühasirəyə alınması və dinc əhalinin rus qoşunları tərəfindən məhv edilməsi soyqırıma şahidlik edir.

Moderator.az xəbər verir ki, o, Almaniyanln “Deutsche Welle” (DW) nəşrinə verdiyi müsahibədə gəldiyi nəticələri izah edib.

Almaniyalı hüquqşünas Otto Lühterhandt Şərqi Avropada hüquq məsələləri üzrə ixtisaslaşıb və təqaüdə çıxmazdan əvvəl Hamburq Universitetində kafedralardan birinə rəhbərlik edib. O, bu yaxınlarda Rusiya qoşunlarının Mariupoldakı hərəkətlərinin soyqırım anlayışına aid olduğunu bildirən hüquqi rəy hazırlayıb.

Cənab Lühterhandt, Almaniyanın “Tagesspiegel” nəşri sizin Mariupolun blokadasına və beynəlxalq hüquq baxımından Rusiya hərbçilərinin çoxsaylı cinayətlərinə, xüsusən də soyqırıma istinad edən hüquqi fikrinizi dərc edib. Bu sənəddir?

Mənə siyasətçilər müraciət etdilər və Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərinin soyqırım anlayışına aid olub-olmaması ilə bağlı fikrimi bildirməyimi istədilər. Və mən belə qənaətə gəldim ki, Mariupolda rus hərbçilərinin həyata keçirdiklərini soyqırımı ilə bağlı tezis kimi qəbul etmək və onu təsdiqləmək olar. Soyqırımın cinayət məsuliyyətini təyin edən və beynəlxalq səviyyədə qadağan edən iki hüquqi sənəd var. Bu, soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında 1948-ci il Konvensiyadır ki, burada 2-ci maddə bu cinayətin tərkibini ətraflı şəkildə müəyyən edir. Eləcə də Beynəlxalq Cinayət Məhkəməsinin 1998-ci ildə qəbul etdiyi Roma Əsasnaməsinin 6-cı maddəsi.

Sizə Rusiyanın Ukraynaya qarşı bu müharibəsində Mariupol hadisələrində soyqırımdan söhbət getdiyini deməyə nə imkan verir?

– Burada cinayətin subyektiv və obyektiv tərkibini fərqləndirmək lazımdır. Obyektiv o deməkdir ki, müəyyən meyarlara əməl edilməlidir. Söhbət müəyyən bir qrupun, indiki halda milli qrupun üzvlərinin öldürülməsindən gedir. Eyni zamanda, təkcə bütövlükdə Ukrayna deyil, həm də bu milli qrupun bir hissəsi, əsasən də təxminən yarım milyonluq Mariupol şəhərinin icması konvensiyanın himayəsi altına düşür.

Söhbət qətldən, ciddi fiziki və əqli zərərdən və ya fiziki məhvə qismən və ya tam gətirib çıxaran həyat şəraitinin qəsdən yaradılmasından gedir. Bu obyektiv cinayət tərkibi açıq-aydın mövcuddur və bu, jurnalistlərin, yerlərdəki fotoreportyorların və s. sayəsində gündəlik xəbərləri ilə təsdiqlənir. Bu, xüsusən martın əvvəlində Rusiya və rusiyapərəst separatçı qoşunlar şəhəri mühasirəyə aldıqdan sonra baş verdi.

– Rusiya tərəfi partlayışlarda, əsasən də bütün dünya ictimaiyyətinin diqqətini cəlb edən partlayışlarda iştirakını qəti şəkildə inkar edir. Söhbət ilk növbədə doğum evinin, eləcə də dinc əhalinin gizləndiyi teatrın dağıdılmasından gedir.

– Rusiya tərəfi illərdir ki, dövlət daxilində və onun hüdudlarından kənarda nəhəng yalan təbliğat aparır, bunda təəccüblü heç nə yoxdur. Onlar hətta Ukraynaya hücum etdiklərini də inkar edirlər. Əsas yalançı Putinin özüdür, o, guya “Ukraynanın denasifikasiyası” ilə bağlı ifadələri ilə özünü gülməli vəziyyətə qoyur. İkinci peşəkar yalançı Sergey Lavrovdur, biz artıq buna öyrəşmişik. Müəyyən dərəcədə o, hətta məşhur yalançı Molotovu (Vyaçeslav Molotov İosif Stalinin vaxtında SSRİ Xarici İşlər Nazirliyinə rəhbərlik edirdi red.) üstələyir. Onlar məsələn, deyirlər ki, Ukrayna guya Donbassda soyqırım törədib. Bu ittiham yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəti şəkildə rədd edildi, yəni Rusiyanın təbliğat maskası yırtıldı.

– Bəs Rusiya silahlı qüvvələrinin məhz hansı hərəkətləri soyqırımdan xəbər verir?

– Mən artıq cinayətin obyektiv elementlərindən danışdım. Birincisi, şəhərin mühasirəyə alınması və əhalini ərzaq və həyat üçün ən zəruri əşyalarla təmin etmək üçün martın əvvəlindən Ukrayna xidmət tərəflərinin şəhərə buraxılmamasıdır. Əhali sudan, işıqdan, istilikdən təcrid olunub, eləcə də adi mobil rabitə, yəni insanların xarici aləmlə əlaqəsi kəsilib.

İkincisi, yaşayış məntəqələrinin və insanların, xüsusən də hökumətə, hərbi obyektlərə heç bir aidiyyatı olmayan tibb, mədəniyyət və digər müəssisələrin davamlı olaraq bombalanmasıdır. Ən dəhşətlisi isə uşaq xəstəxanasına edilən hücumdur. Burada hətta rus təbliğatı da əvvəlcə bunun saxta olduğunu və ümumiyyətlə olmadığını deyəndə öz-özünə ziddiyyət təşkil etdi, sonra isə guya burada bir batalyonun, sağ radikalların və “nasistlərin” qərargahının yerləşdiyini bildirdi.

Bu obyektiv faktlardan belə nəticəyə gəlmək olar ki, Rusiya qoşunlarının və ya prezident Putinin subyektiv niyyəti şəhəri dağıtmaq və onun əhalisini yer üzündən silməkdir. Yəni təsadüfi bombardmanlar deyil, planlaşdırılmış tədbirlər sayəsndə əhalinin sistematik şəkildə məhv edilməsi həyata keçirilir.

Niyə məhz Mariupol Putinin hədəfinə çevrildi? Onun motivləri nədir?

– Birincisi, Mariupol Krıma gedən yolda əsas əhəmiyyət kəsb edir. Axı Putinin müharibə məqsədlərindən biri də Rostov şəhərindən Donbass vasitəsilə ilhaq edilmiş Krıma qədər fasiləsiz dəhliz yaratmaqdır. İkincisi, 2014-2015-ci illərdə ilk növbədə könüllü batalyonlar orada uğur qazanan rusiyapərəst separatçıları şəhərdən sıxışdırıb çıxararaq şəhəri Ukrayna hökumətinin nəzarətində saxlamağa nail olublar. Bunlar, məncə, Rusiya rəhbərliyinin, xüsusən də prezident Putinin Mariupol şəhərini dağıtmaq və onunla bərabər əhalisini də məhv etmək üçün əsas motivləridir.

– “Soyqırım” sözünü eşidən insanların çoxu dərhal hansısa etnik qrupun məhv edilməsi haqqında düşünür. Bunu Mariupol əhalisinə şamil etmək olarmı?

– Bəli, çünki söhbət Ukrayna əhalisinin, yəni Ukrayna milli qrupunun tərkibində Mariupol şəhərinin icmasından gedir. Cinayətin tərkibində təkcə bütün qrupu deyil, həm də onun bir hissəsini məhv etmək durur. Axı, hətta nasistlər də yəhudilərə münasibətdə bütün qrupu məhv edə bilmədilər. Altı milyonu öldürdülər və əslində hamını öldürmək istəyirdilər. Lakin əgər bunu etmək mümkün olmayıbsa, bu o demək deyil ki, bu, soyqırım deyil.

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button