“Belə çıxır ki, ordumuz artıq Ağdərə-Xankəndi yoluna da nəzarət edir…”

“Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir…”

 

“1992-ci ilin 31 yanvarında Fərrux kəndi şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin özünmüdafiə batalyonu və polis alayının iştirakı ilə ermənilərdən azad olunub…”

 

“Fərrux dağı Qarabağda ən strateji ərazilərdən biridir və Birinci Qarabağ müharibəsi zamanı bu istiqamətdə ordumuz xeyli itkilər verib. Hətta böyük şair Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində şəhid olub”.

Bunu Moderator.az-a açıqlamasında 1-ci Qarabağ savaşında kəşfiyyatçı kimi Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak etmiş Qarabağ qazisi, Rey Kərimoğlu söyləyib.

 

“Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim ki, Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Belə ki, Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə 40-50 evdən ibarət bir kənddir, Kolanlı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. Hazırda o kənd ordumuz tərəfindən azad olunubsa, Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir” -açıqlamasının ardında bunları söyləyən kəşfiyyatçı  Fərrux dağı istiqamətində iştirak etdiyi əməliyyatlardan danışıb:

 

“1992-ci ilin 31 yanvarında Fərrux dağındakı Daşbaşı yüksəkliyinin aşağısındakı kənd şəhid Milli Qəhrəmanımız Şirin Mirzəyevin özünmüdafiə batalyonu və polis alayının iştirakı ilə ermənilərdən azad olunub. Mənsə bu kəndin azad edilməsindən sonra onun müdafiəsində iştirak etmişəm. Ümumiyyətlə Fərrux dağı və Daşbaşı istiqamətində bir çox əməliyyatlar həyata keçirilib. Bu əməliyyatları rəhmətlik komandirimiz Şirin Mirzəyevin yaratdığı batalyon icra edirdi. 1992-1993-cü illərdə bəlkə də bu istiqamətə tərəfimizdən 10 dəfə hücum təşkil olunub. Bir neçə dəfə Daşbaşını almışıq, lakin saxlaya bilməmişik. Bilirsiz, biz oradakı erməni qüvvələrini çox asan bir şəkildə zərərsizləşdirə bilirdik. Lakin 30-40 dəqiqə sonra ermənilərə kömək gəlirdi və Xankəndi-Xanabad istiqamətindəki yüksəkliklərdən bizi iri çaplı silahlardan atəşə tuturdular. Bizimsə Daşbaşında qorunmağa yerimiz yox idi. Səngər qazmağa da macal tapmırdıq. Ona görə də hər dəfə biz məcbur olub yüksəklikdən düşür, buranı əlimizdə saxlaya bilmirdik. Və onu da deyim ki, mən 1992-ci ilin avqustun 9-da biz kiçik bir kəşfiyyat qrupu kimi gecəylə bu istiqamətdə kəşfiyyat apararkən yaralandım. Məqsədimiz Daşbaşına qalxan zaman bizi vuran ermənilərin təminat durumu, onlara arxadan gələn dəstək yolları, bu dəstəyin qarşısını almaq üçün pusqu qurmaq yerləri və s. müəyyənləşdirmək idi. Öyrənmək istəyirdik ki, Daşbaşı yüksəkliyinə çıxanda bizi vuran erməni qüvvələrini, onlara gələn dəstəyi necə zərərsizləşdirə bilərik. Biz kəşfiyyat planını uğurla icra edib geri dönəndə minaya düşdük. Üç nəfər idik və mən də orada yaralandım…”

 

“Onu da xüsusi olaraq qeyd edim ki, Daşbaşı Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir, Daşbaşı və Fərrux dağının digər yüksəkliklərini alan tərəf  “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolunun da nəzarətimizə keçdiyi mənasına gəlir. Yəni belə çıxır ki, ordumuz artıq Ağdərə-Xankəndi yoluna da nəzarət edir… Bu isə Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir” –deyə Rey Kərimoğlu vurğulayıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button