“Fərrux dağını 1920-ci ildə Həbib bəy Səlimov, 1992-ci ildə isə Şirin Mirzəyev azad etmişdi…”

“Martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşün gedişində Xramord(Pirlər-S.L.) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi…”

 

Flora Qasımova:“Şirin Mirzəyev həmişə deyirdi ki,  Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək…”

 

Mehman Səlimov: “1992-ci ilin  payızında Fərrux yüksəkliyini azad etmək üçün keçirilən əməliyyatlar sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun təxribat xarakterli hərəkətləri sayəsində baş tutmayıb…” 

 

Rey Kərimoğlu: “O kənd əgər azad olunubsa, Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir…”

 

Bu günlər  yerli və dünya mediasında adı fəal şəkildə hallanmaqda olan Xocalı rayonu ərazisindəki Fərrux kəndi və eyniadlı dağın strateji əhəmiyyəti hələ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun  Qarabağın erməni-daşnak birləşmələrindən azad edilməsi üçün apardığı əməliyyatlar zamanı bəlli idi.  1920-ci ilin məhz bu günü – martın 26-da Ağdama gəlmiş Milli Ordumuzun general-mayoru Həbib bəy Səlimov Əsgəran yolunun kəşfiyyatını apararaq həmin istiqamətdəki yüksəkliklərin o cümlədən Fərrux dağının düşməndən azad ediıməsi üçün əməliyyat planı hazırlayır.

Tarixi mənbələrdə bu haqda belə yazılır: 

 

“Bu məntəqə(Əsgəran-S.L.) hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi.

 

Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord(Pirlər-S.L.) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirildi və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşdılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliyə getməyə can atırdılar…”

(Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998, İstinadlar:

// Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I. Bakı: “Lider”. 2004. səh. 400. ISBN 9952-417-14-2).

 

Növbəti əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da,  təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuzun Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla yanaşı, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi ermənilərin nəzarətinə verildi…

 

1988-ci ildən bəri, I Qarabağ savaşı zamanı terrorçu erməni birləşmələri Rusiyanın Xankəndindəki 366-cı alayının da dəstəyi ilə Pirlər, Aranzəmin, Xanabad, Naxçıvanlı və s. kəndlər kimi Fərrux kəndindəki mövqelərindən də Ağdam rayonunun kəndlərini daim təhlükə altında saxlayırdılar.  Həmin kəndin azad edilməsi uğrunda ilk uğurlu əməliyyat isə

1992-ci ilin yanvarında əfsanəvi alay komandiri, şəhid Milli Qəhrəman, polkovnik Şirin Mirzəyev tərəfindən təşkil edilib.  

 

Şəhid Milli Qəhrəmanın xanımı, sabiq parlament üzvü Flora Qasımova belə xatırlayır:

 

“Şirin Mirzəyev həmişə deyirdi ki,  Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək.  1991-ci ilin, səhv etmirəmsə, dekabrında erməni terrorçular Xocalı rayonunun Meşəli kəndinə hücum etmiş, bir yaşlı kişi ilə qadını yandıraraq qətlə yetirmişdilər.   Şirin də deyirdi ki, mən Fərruxu azad etməklə Meşəlinin qisasını aldım… 1992-ci ilin yanvarında keçirdikləri əməliyyat nəticəsində Şirinin taboru həmin kəndi azad etmişdi…” 

 

“Şirin onu da deyirdi ki,  Qarabağdakı, xüsusən Ağdam və Ağdərə istiqamətindəki hücum əməliyyatları zamanı kimlərinsə qurduğu hansısa müəmmalı oyunlar baş verirdi. Bir də görürdün, hücuma keçəndə bizə dəstək verməli olan birləşmələrimizdən biri kiminsə əmri lə geri çəkilir və bu minvalla bir sıra döyüşlərimiz uğursuzluqla nəticələnirdi… Təəssüf ki, məhz belə müəmmalı başıpozuqluqlar səbəbindən Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən  Fərrux kəndini işğal etdi… Və bu gün də hələ də  həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır…  İnşallah, inanıram ki, yaxın müddətdə Qarabağdakı yerdə qalan digər məntəqələrimiz kimi Fərrux da dövlətimizin, ordumuzun tam nəzarətinə keçər və həmin yüksəklikdə yenə də üçrəngli Azərbaycan bayrağı dalğalanar. Onda Şirin Mirzəyevin ruhu daha da dinclik tapar”- deyə şəhid Milli Qəhrəman xanımı vurğulayıb.  

 

Tanınmış Qarabağ qazisi, Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu taborda döyüşmüş kəşfiyyatçı-döyüşçü Rey Kərimoğlu öz xatirələrində belə yazır:

 

“Fərrux Ağdam rayonu ilə keçmiş Əsgərən rayonunun (Xankəndi istiqamətində) sağ tərəfdən arasında yerləşən böyük bir dağ idi, dağın ətəyində isə eyni adlı balaca bir kənd idi. Fərrux Ağdamın Cinli kəndinin yaxınlığında yerləşirdi. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurumuş əsasən Yerevandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Cinli, Yetim Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Hər dəfə də yerli insanların və Ağdam milis şöbəsinin əməkdaşları, eyni zamandan Ağdam “OMON”-u tərəfindən onların qarşısı alınıb. O zaman Cinli ermənilərin bütün Qarabağdakı əsas hədəflərindən biri idi.

 

Qeyd edim ki, bu kənd və yüksəklik xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 1905 və 1918-ci ildə Qarabağda baş verən erməni-müsəlman davasında da Fərrux alınmayıb. Yəni ermənilər Fərruxun alınmaz bir qala olduğu haqqında mif yaratmışdılar. Erməni alimi Zor Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndinin Ağdama tərəfə olan hissəsindəki müdafiəsi sıra ilə inşa edilmiş bir neçə evin qarşısı boyu tikilmiş “topdağıtmaz” dəmir-beton istehkam idi. Kəndin ən böyük müdafiəsi isə Fərrux dağının düz zirvəsində yerləşən “Daşbaşı” postu idi…

 

Umudludan qayıdandan sonra – 31 yanvar 1992-ci ildə Şirin Mirzəyevin batalyonu Ağdamın yerli OMON qüvvələri ilə birgə Fərrux kəndinin quldurlardan azad edilməsi əməliyyatında iştirak edib”.

 

Rey Kərimoğlu Moderator.az-a yeni açıqlamasında isə aşağıdakıları bildirib:

 

“1992-1993-cü illərdə Fərrux istiqamətinə  bəlkə də tərəfimizdən 10 dəfə hücum təşkil olunub. Bir neçə dəfə Daşbaşı yüksəkliyini də almışıq, ancaq saxlaya bilməmişik. Bilirsiz, biz oradakı erməni qüvvələrini çox asan bir şəkildə zərərsizləşdirə bilirdik. Lakin 30-40 dəqiqə sonra ermənilərə kömək gəlirdi və Xankəndi-Xanabad istiqamətindəki yüksəkliklərdən bizi iri çaplı silahlardan atəşə tuturdular. Bizimsə Daşbaşında qorunmağa yerimiz yox idi. Səngər qazmağa da macal tapmırdıq. Ona görə də hər dəfə biz məcbur olub yüksəklikdən düşür, buranı əlimizdə saxlaya bilmirdik. Və onu da deyim ki, mən 1992-ci ilin avqustun 9-da biz kiçik bir kəşfiyyat qrupu kimi gecəylə bu istiqamətdə kəşfiyyat apararkən yaralandım. Məqsədimiz Daşbaşına qalxan zaman bizi vuran ermənilərin təminat durumu, onlara arxadan gələn dəstək yolları, bu dəstəyin qarşısını almaq üçün pusqu qurmaq yerləri və s. müəyyənləşdirmək idi. Öyrənmək istəyirdik ki, Daşbaşı yüksəkliyinə çıxanda bizi vuran erməni qüvvələrini, onlara gələn dəstəyi necə zərərsizləşdirə bilərik. Biz kəşfiyyat planını uğurla icra edib geri dönəndə minaya düşdük. Üç nəfər idik və mən də orada yaralandım”.

 

Müdafiə nazirinin sabiq müavini polkovnik Mehman Səlimovun sözlərinə görə, onun rəhbərlik etdiyi birləşmənin iştirakıyla 1992-ci ilin  payızında Fərrux yüksəkliyini azad etmək üçün  bir neçə  dəfə əməliyyat təşkil edilib. Və həmin əməliyyatlardan biri sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun təxribat xarakterli hərəkətləri sayəsində baş tutmayıb. 

 

“1992-ci ilin,  səhv etmirəmsə, dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və  o  zaman Ağdam üçün  böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə təxminən 2 minədək hərbçisi olan qruplaşmanın komandiri kimi  mənim də iştirakımla hazırlanmış əməliyyat zamanı Nəcməddin Sadıkovun komandiri olduğu briqada sağ cinahdan Ulubaba yüksəkliyinə hücum etməklə bizə dəstək verməli idi. Halbuki, həmin istiqamətdə bir güllə də atılmadı… Eyni zamanda sol cinahdan Əfətli və Qarakənd istiqamətində hücum etməli olan  Ağdam  briqadası tərəfindən də heç bir hərəkət olmadı. Ona görə də bütün cəhdlərimizə baxmayaraq Fərrux  yüksəkliyini azad edə bilmədik. Çünki ermənilər bizim briqadaların hərəkətsizliyindən istifadə edib əsas güclərini Fərrux istiqamətinə topladılar. Halbuku, artıq dağın bir hissəsindən erməni qüvvələrini çıxarmışdıq. Digər briqadalar, dediyim kimi, bizə dəstək versə idi, yüksəkliyi tamam azad edəcəkdik. Və Əsgəran Xocalı istiqamətinə də yolumuz açılacaqdı.  Hesab edirəm ki, həmin əməliyyatın da baş tutmamasında Rusiya kəşfiyyatının –“QRU”-nun rolu olmuşdu… Çünki həmin əraziləri azadlıq etməyimiz Kremlin siyasətinə uyğun deyildi… Göründüyü kimi, bu gün də ermənilər nə yolla olursa-olsun, rəsmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində olan Fərrux kəndini və ətraf yüksəkliyi əldən verməməyə çalışır. Ancaq inanırıq ki, ordumuz tezliklə həmin əraziləri qanunsuz erməni silahlı birləşmələrindən təmizləyəcək…”

 

Fərrux dağı istiqamətindəki döyüş mövqelərinə qarış-qarış bələd olan kəşfiyyatçı Qarabağ qazisi Rey Kərimoğlu bunları da əlavə edib:

“Fərrux dağı Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hətta mən deyərdim Xocalıdan da vacib bir yerdir. Xocalı bizim üçün mənəvi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Fərrux dağı da hərbi baxımdan bir o qədər əhəmiyyətlidir. Belə ki, Qarabağda, Ağdam-Əsgəran istiqamətində yerləşən Fərrux dağı silsilə yüksəkliklərdən ibarətdir. Bu dağ silsilələri düz Ballı Qayaya, oradansa Vəngə qədər gedib çıxır. Xaçın çayının yatağı o dağın ətəyi ilə gəlir. Fərrux kəndi isə 40-50 evdən ibarət bir kənddir, Kolanlı dərəsinin sol tərəfində, Fərrux dağının dibində yerləşir. O kənd əgər azad olunubsa, Ağdamın Cinli və bir neçə kəndinin təhlükəsizliyi tam təmin edilir.

 

Fərrux dağındakı yüksəkliklərdən biri də Daşbaşıdır. O yüksəkliksə Fərrux dağında ən strateji yerdir. Bunu çoxları bilmir; Daşbaşı və Fərrux dağının digər yüksəkliklərini alan tərəf “86-cı” deyilən bir yola, Ağdərə-Xankəndi yoluna nəzarət edə bilər. Əldə olunan məlumatlara görə bizim ordu hazırda Daşbaşındadır. Bu isə Əsgəran, Xanabad və Xocalının tam ovucumuzun içinə düşdüyü, Xocalının o biri başından keçən Xankəndi yolunun da nəzarətimizə keçdiyi mənasına gəlir. Bu Qarabağdakı separatçıların taleyinin həll edilməsi deməkdir…”

 

İnanırıq ki, tezliklə Azərbaycan ordusu Fərrux kəndi və yüksəkliyi kimi, Qarabağdakı qalan strateji məntəqələri də qanunsuz  və terrorçu erməni birləşmələrindən təmizləyəcək…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button