Medvedev “xüsusi əməliyyat”a görə bütün məsuliyyəti Putinin üzərinə atıb

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlanması planı Rusiya prezidenti Vladimir Putin tərəfindən həm hazırlanıb, həm də təsdiq edilib.

 

Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “RİA Novosti” nəşrinə müsahibəsində bəyan edib. 

 

“Əməliyyatın gedişi, onun aparılması planı Ali  Baş Komandan tərəfindən müəyyən edilir. Konstitusiyaya görə bu, prezidentdir. Prezident öz qiymətlərini verib. Əməliyyat plan üzrə inkişaf edir. Bu plan Ali Baş Komandan tərəfindən hazırlanıb və təsdiq edilib” – Medvedev deyib.

 

Medvedev Moskva ilə Kiyev arasında danışıqların məqsədini də izah edib: Rusiya üçün bu “xüsusi əməliyyat”ın yönəldiyi nəticələr, Ukrayna üçün isə hər şeydən öncə onun bir dövlət kimi qalması və gələcək inkişafının təmin edilməsidir. 

 

Rusiya məmurlarının belə bəyanatlarını bir çoxları yad ölkədə hərbi əməliyyatlara görə məsuliyyətdən yayınmaq kimi baxır.

 

Məsələn, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, Rusiya elitası bu müharibədən uzaq durmağa cəhd edir, çünki hüquqi nəticələrini yaxşı anlayır. Bu “mühüm əlamətdir”, o vurğulayıb.

 

Qeyd edək ki, son günlər Medvedev KİV- lərdə fəal surətdə çıxış edir. Bu, xüsusilə bir çox rəsmi şəxslərin ictimai məkandan yoxa çıxması fonunda nəzərə çarpır. 

 

Məsələn, müdafiə naziri Sergey Şoyqu, bəzi məlumatlara görə, ürək infarktı keçirib. Şoyqudan başqa, Rusiya ordusunun Baş Qərargah rəhbəri Valeri Gerasimovdan soraq yoxdur, Patruşevin, Narışkinin, Bortnikovun, Mişustinin və Rusiyanın güc və iqtisadi blokunun yüksək vəzifəli məmurlarının hətta protokol bəyanatları da eşidilmir. İctimaiyyət qarşısında yalnız Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, XİN rəhbəri Sergey Lavrov və Medvedev çıxış edir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button