“O vaxt çörək qurumasın deyə onu salafana yox, süfrəyə bükürdülər”-qədim tikmə sənəti-QURAMA-FOTOLAR 

“Zəngin ənənələrə malik qurama sənəti özündə milli, mənəvi dəyərlərimizi yaşadır. Müxtəlif rəngli parçaların qalıqlarından hazırlanan quramalar xalqımızın məişət həyatında xüsusi yer tutur. Əl əməyi, göz nuru olan bu nəfis əl işləri keçmişdə parçaya qənaət məqsədi ilə istifadə edilirdi. Lakin zamanla bədii sənətkarlıq nümunəsinə çevrilən qurama həm də dekorotiv əhəmiyyət daşıyır və bu gün də evlərin interyerində geniş istifadə olunur. Mən 30 ildən çoxdur ki, bu işlə məşğul oluram. Keçmişdə hətta xalça, süfrə və geyimlər də quramadan hazırlanırdı”

 

Bunu Moderator.az-a açıqlamasında qurama ustası, Səbirə Qarayeva deyib. O daha sonra əlavə edib.

 

“Əvvələr çörəyi salafana bükmürdülər, o vaxtı  çörək qurumasın deyə onu bükmək üçün xüsusi süfrələr hazırlayırdılar. Bu çörəyi həm təravətli saxlayırdı, həm də qurumaqdan qoruyurdu. Mən həmişə çalışıram ki, o quramada həm soyuq, həm isti həm qışqıran, həm belə də müxtəlif tonda parçalardan istifadə edim. Qara rəngli parçanın üstünə ağ, sarı, bir güllü parçanı otuzduranda gözəl bir əsər yaranır. Qurama elə bir çəmənliyi xatırladır insana. Bu iş həm çətin, həm də zövqlü işdir. Bir rəngi burada əskik eləsən, bütün ahəng pozular” deyə sənətkar bildirib.

 

Səbirə xanım deyir ki, quramaların özünəxas ənənəvi quruluşu var. Həndəsi fiqurlar şəklində hazırlanan quramalar forma və üslubuna görə bir-birindən fərqlənir. 

 

“Parçaların hər birini ayrı-ayrılıqda kəsmişəm. Rənglər bir-birinə uyğun olmalıdır. Sonra işləyəndən sonra bunları elə tikmişəm ki, heç oturduğu tikiş yerləri bilinməsin. Bu artıq yastı quramadır. Bundan əlavə xurcunlar, qaşıqdanlar, canamazlar hazırlamışam. Hər biri özünə görə zaman tələb edir. Bu sənət insandan bədii zövq, bacarıq və ən əsası səbr tələb edir. Bu gün də öz aktuallığını qoruyan qurama nəsildən-nəsilə ötürülür” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button