“Kül o müğənninin başına ki, toyda qapazaltı olur, onu döyürlər, bizim nazımızı çəkiblər…”

“Gəlib görərsən ki, evi yarıb, qapının da açarını dəyişib”

 

“Hamı bilir ki, mən Sovetskidə böyümüşəm. 173 saylı məktəbin yanında olurduq, qonşu məhəllədə isə Firuzə İbadova yaşayırdı. Mənə ağ kişmiş, Firuzəyə isə qara kişmiş deyirdilər. Evdən çıxan kimi bilirdilər ki, filankəslərin qızı məhəlləyə çıxıb. Amma bir adam bizə sataşmazdı, əksinə məhəllənin oğlanları bizi qoruyurdu. O illər üçün elə darıxıram ki. İndi nə Sovetski qalıb, nə də oranın insanları. İnam vardı, qonşular bir-birinin evini qoruyurdu, indi qonşuya açar vermək olar? Gəlib görərsən ki, evi yarıb, qapının da açarını dəyişib”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva bildirib. O, daha sonra əlavə edib.

“Mən əvvəlki məhəlləmizdən keçəndə kövrəlirəm, ağlamaq tutur məni. Öz-özümə deyirəm ki, kaş o insanlar, qonşularımız sağ olardı. İndi heç nəyin dadı-duzu qalmayıb. Nə adət ən-ənə yaşayır, nə də məhəllə qanunları. Kim məhəllədə kiməsə söz ata bilərdi? Bir yad insanın ixtiyarı yox idi ki, məhəlləmizə gəlsin. Maraqlanırdılar ki, gələn kimdir, nəçidir, niyə gəlib? Məhəllənin ağsaqqalı, böyük-kiçiyi var idi. Kaş o illərə qayıda bilsəydim, o illərin xiffətini çəkirəm” deyə qarmon ifaçısı bildirib.

 

Gövhər Rzayeva o vaxtkı toylarla indiki toyları da müqayisə edib.

 

“O vaxt toylarımız bilirsiniz necə yaxşı idi? Ləzzəti var idi, indiki toyların ləzzəti yoxdur. Mən musiqiçiyəm, həm qadın, həm də kişi toylarına gedirəm. Bu gün də kişi toylarına dəvət alıram. Bəzən deyirlər ki, kişi toyunda dava düşür. Yalan söhbətdir, dava düşmür. Qadın toylarında elə dava düşüb ki, kişi toylarında heç elə davalar görməmişəm. Bəzən eşidirəm ki, hansısa müğənniləri toylarda döyürlər. Kül o müğənninin başına ki, toyda qapazaltı olur, onu döyürlər. Vallah bizim nazımızı çəkiblər, güldən artıq söz eşitməmişəm. Bu gün zövqlər, musiqilər də dəyişib. İndiki müğənnilər, musiqiçilər bəzən klassik mahnıları, musiqiləri elə günə qoyurlar ki, adam dinləyəndə yadına belə düşmür ki, hansı mahnıdır! Mahnının özülünü, fundamentini saxlayın, sonra nə əlavə edirsinizsə edin də. Əgər maraqlı bir şey tapıb əlavə edə bilsəniz” deyə Gövhər Rzayeva bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button