“İndi onların fəaliyyəti cəmiyyətdə bir obyektivlik etalonu kimi qiymətləndirilir”

Bu gün Azərbaycan xüsusi xidmət orqanları- Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat xidmətinin peşə bayramı günüdür. 103 il əvvəl, 28 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat xidmətləri yaradılıb.

 

İstər Azərbaycan, istərsə də dünyanın digər ölkələrinin xüsusi xidmət orqanları haqqında adi vətəndaşlar belə danışarkən, “bu orqanlar dövlətin bel sütunudur” ifadəsini işlədirlər. Bu, həqiqətən belədir.  İstənilən dövlətin təhlükəsizlik konsepsiyasına nəzər salsaq görərik ki, dövlətin təhlükəsizliyinin təmin edilməsi əsasən xüsusi xidmət orqanlarının üzərinə düşür. 

Dünyanın məşhur xüsusi xidmət orqanlarından biri olan İsrailin “Şabat” əks-kəşfiyyat idarəsinin gerbində belə bir deviz var:”müdafiə edir, görünməz qalır. Bu deviz, faktiki olaraq bütün əks-kəşfiyyat sisteminin əsas prinsipidir. Azərbaycan xüsusi xidmət orqanları da ölkənin təhlükəsizliyini görünməz qalaraq müdafiə edən, reklam olunmayan dövlət strukturlarıdır. Bu üstünlüyü qazanmaq çətindir, amma şərəflidir. Bəzən çətinlik yalnız işin mahiyyətində olmur, hər bir dövlətin xüsusi xidmət orqanının tarixində “qara ləkələr” də çətinlik yaradır. Yaxın tariximizdə təhlükəsizlik orqanlarında baş verənləri hər kəs bilir, amma bu peşə bayramı günündə bu barədə danışmayacağıq, həm də ona görə ki, artıq təhlükəsizlik orqanları o qara ləkələrdən təmizlənib. İndi, bu peşə bayramını fəxrlə qeyd edən, vətən qarşısında ləyaqətlə xidmət göstərən, dövlətin əsas bel sütunlarından biri olduğunu əməli ilə sübut edən Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti kimi təhlükəsizlik orqanlarımız var. 

 

İstənilən dövlətin xüsusi xidmət orqanlarının gücü bir sıra amillərlə müəyyən edilir. Bunlar ilk növbədə kadrların peşəkarlığı və onların etibarlılıq səviyyəsi, agentura sisteminin keyfiyyəti və əməliyyat imkanları, maddi-texniki resurslar və əlbəttə ki, cəmiyyət tərəfindən dəstək qazanmasıdır. Məhz kadrların peşəkarlığının nəticəsidir ki, Azərbaycan cəmiyyəti DTX tərəfindən korrupsiyaya qarşı aparılan məlum əməliyyatların zərgər dəqiqliyi ilə yerinə yetirildiyinin şahidi oldu və dəstək verdi. Bu, ilk növbədə kadrların seçilməsinə düzgün yanaşmadan, sonra da onların nəzəri biliklərinin və praktiki peşə vərdişlərinin formalaşmasına xüsusi diqqət yetirilməsindən başlayır. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının, ümumiyyətlə əks-kəşfiyyatçıların əsas keyfiyyətlərinin dürüstlük, cəsarət, etibarlılıq olduğunu xüsusi vurğulamaq lazımdır. Məhz analitik bacarıq, müşahidə qabiliyyəti, əzmkarlıq, iradə və qətiyyət, eləcə də əla fiziki forma, həm də sərtlik (sərtlik əks-kəşfiyyatçının elə keyfiyyətidir ki.., bəzən onsuz olmur) peşə uğurunun açarıdır. İndi onların fəaliyyəti cəmiyyətdə bir obyektivlik etalonu kimi qiymətləndirilir.

 

Təhlükəsizlik sisteminin fəaliyyəti yalnız xarici qüvvələrin casus şəbəkəsinə qarşı mübarizə ilə, radikal terror təşkilatlarının ölkəmizdə planlaşdırdığı terrorun zərərsizləşdirilməsi ilə, siyasi, iqtisadi təhlükəsizliyin, məxfi məlumatların qorunması ilə bitmir. Azərbaycan DTX-si eyni zamanda ölkənin səhiyyə, təhsil, ekoloji təhlükəsizliyi, həyati vacib obyektlərin-işıq, su, qaz, qida mənbələrinin təhlükəsizliyi, kütləvi təlaşa səbəb ola biləcək bütün neqativ halların vaxtında aşkarlanması, profilaktik tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir. Xüsusilə, bu ərəfədə ölkənin müdafiə qabiliyyətinə mənfi təsir edən neqativ halların aşkarlanması çox vacibdir və bir müddət əvvəl Müdafiə Nazirliyi sistemində maliyyə fırıldaqlarının DTX tərəfindən aşkarlanması bu işin tərkib hissəsidir. 

 

Xüsusi xidmət orqanlarının fəaliyyəti məxfilik prinsipi üzərində qurulduğundan detallı şəkildə onların uğurları barədə danışmaq olmur. Amma, Azərbaycan vətəndaşı bu gün dünyanı sarsan terror hadisələri yaşamırsa, o demək deyil ki, terrorçuların hədəfində deyilik. Bu, o deməkdir ki, terrorizmə qarşı mübarizə aparan DTX-nın bu istiqamətdə əməliyyat şəraitinə nəzarəti yüksək səviyyədədir. Doğrudur, böyüklüyündən , kiçikliyindən asılı olmayaraq heç bir dövlət terrordan sığortalanmayıb və qeyd edək ki, müharibəni uduzan düşmən revanşist hisslərlə yaşayır, Azərbaycan ərazisində terror aksiyaları törətmək niyyətindən imtina etməyib. Azərbaycan DTX-nin fəaliyyətində  terrorçulara qarşı mübarizə əsas vəzifələrdən biridir. 

Hər bir ölkənin ən ağır dövrü müharibə hesab olunur. Bu dövr həm də təhlükəsizlik orqanları üçün çox məsuliyyətli, çətin, mürəkkəb zaman sayılır, çünki qabaqlayıcı informasiyalar müharibə ərəfəsində, müharibə günlərində və müharibədən sonra dövlətin hərbi, iqtisadi, diplomatik siyasətini müəyyənləşdirmək üçün əsas amildir. Düşmənin içərisindən məlumat almaq, onun planları və imkanları haqqında qabaqcadan informasiya əldə etmək, hər hansı bir təşkilatın, terror dəstəsinin, cinayətkar qruplaşmanın içərisindən gizli  mənbə əldə etməkdən və ya mənbəni ora yeritməkdən dəfələrlə çətindir. 44 günlük müharibə ərəfəsində və müharibə zamanı Azərbaycan DTX-nın, XKX-nın verdiyi informasiyaların müharibəni zəfərlə başa vurmaqda əvəzssiz rol oynadığını hələ müharibənin ilk günlərində dövlət başçısı  xüsusilə qeyd etmişdi. Ötən il təhlükəsizlik orqanlarının peşə bayramı haqqında yazdığım yazıda da qeyd etmişdim ki, “DTX-nın müharibənin gedişində öncədən çatdırdığı məlumatlar daha doğru qərarların qəbul edilməsi üçün böyük rol oynayıb. Zaman keçəcək, bu gün açılması məqsədəuyğun hesab edilməyən elə məsələlər aşkarlanacaq ki, o zaman DTX-nın müharibədəki rolu geniş ictimaiyyət üçün də bəlli olacaq. Müharibənin gedişində baş verən gözlənilməz dəyişikliklərin və fərqli qərarların qəbul edilməsində təhlükəsizlik orqanının özünəməxsus rolu olub. Bu və digər məsələlər barədə məlumatlar çox uzaq olmayan gələcəkdə açıqlananda cəmiyyət dediklərimizin həqiqət olduğuna bir daha əmin olacaq”.

 

Doğrudan da, Bonapart Napoleonun dediyi kimi “lazımi yerdə bir casusun olması döyüş meydanında 20 min əsgərə bərabərdir”. 

 

Əlbəttə, təhlükəsizlik orqanlarının da özünəməxsus problemləri var və başqa strukturlardan fərqli olaraq burada çətinliklər bir gündə həll olunmur. Əsas odur ki, problemin aradan qaldırılması üçün qətiyyət, məqsəd, iradə var. 

 

Əks-kəşfiyyat və kəşfiyyat peşəsi hər zaman çətin olub, amma həm də şərəfli olub. Bu çətin və şərəfli yolda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarına uğurlar arzulayır, peşə bayramı münasibətilə onları, eyni zamanda keçmiş kolleqalarımı, veteranları təbrik edirəm. 

 

İlham İsmayıl

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button