“Bu, dəhşətli bir yol idi…”

Qorxmuş, sarsılmış, tükənmiş insanlarMart ayında təhlükəsiz yerlərə təxliyə edilən Kiyev ətrafı şəhərlərinQostomel, Buça, İrpen, Makarov sakinlərinin vəziyyətini psixoloqlar belə təsvir edirlər.

Kiyevin şimalqərbindəki kiçik şəhərlər Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk günlərindən şiddətli hərbi əməliyyatlar ocağına çevrildi. Yerli sakinlər gözlənilmədən cəbhə xəttində iki odun arasında qalıblar.

Moderator.az AlmaniyanlnDeutsche Welle” (DW) nəşrinə istinadla sonda döyüş bölgəsindən çıxmağı bacaranların hekayəsini təqdim edir.

Qalina: “O, mənim nərgizlərimi tapdaladı, yataq otağımın pəncərəsini sındırdı və silahı ora tuşladı”

Qalina təqaüdçüdur və martın 11-də əri ilə birlikdə Qostomeli tərk edib.

Biz iki həftə atəşə və rus işğalına məruz qaldıq və “yaşıl dəhlizlərhaqqında heç nə bilmirdik. Hələ fevralın 27-də elektrik kəsildi. Mobil rabitə isə fasilələrlə işləyirdi. Telefonları qonşuların maşınlarının akkumlyatorlarından doldurur və qohumlara sağ-salamat olduğumuzu xəbər verirdik. Sonra əlaqə tamamilə kəsildiQaz hələ bir müddət var idi. Martın 7-də qaz da kəsildi və möhkəm şaxtalar düşdü.

Müharibənin ilk günlərində “Antonov” zavodunun aerodromuna uçan rus helikopterlərini görürdük. Ora evimizdən çox da uzaqda deyil, meşənin arxasında idi. Sonra döyüş başladı. Raketlər və mərmilər hər iki istiqamətdə başımızın üstündən uçurdu. Qostomel torf bataqlıqları üzərində yerləşir, bombardmandan gizlənmək üçün dərin zirzəmilərimiz yoxdur. Ən yaxın sığınacağın harada olduğunu bilmirdik, ona görə də atəş zamanı mətbəxdə sadəcə yerə uzanırdıq.

Bir neçə gündən sonra bizim küçədə rusiyalı əsgərlər peyda oldu. Həyətimizə girdilər, qapını döyməyə başladılar, biri evin ətrafında dolandı, nərgizlərimi tapdaladı, yataq otağımın pəncərəsini sındırdı və avtomatını ora tuşladı. Qapını açıb rus dilində onlardan soruşdum ki, burada kiminlə vuruşurlar və niyə gəliblər? Biri dedi ki, bizi “nasistlərdən”, “ukrofaşistlərdən” azad edirlər. Puşkin küçəsində yerləşən rus dili və ədəbiyyatı müəllimlərinin evində hansı nasistləri axtardıqlarını soruşdum. Onlar mülki şəxslərlə döyüşmədiklərini söylədilər, amma niyə pəncərəmi sındırdıqlarını və mənə tuşlanan avtomatlarını niyə yerə endirmədiklərini izah edə bilmədilər. Sonra evdə axtarış aparmaq qərarına gəldilər, silah axtardıqlarını bildirdilər. Mobil telefonları götürmək istədilər, amma mən öz telefonumu gizlətdim və dedim ki, yoxumuzdur.

Axşama yaxın fərqli formalı rusiyalılar peyda oldular. Darvazaları ayaqları ilə açıb dərhal avtomatlardan həyətləri atəşə tutdular. Onların ardınca küçəyə tanklar girərək bütün küçə boyunca hasarları dağıtdılar. Pəncərədən onların varlı qonşular tərəfindən tərk edilmiş dəbdəbəli kotteclərdə necə məskunlaşdıqlarını və ya oralardan müxtəlif əşyalar çıxardıqlarını görürdük.

Ertəsi gün rusiyalıların nəhəng toplu ağır texnikası gəlib keçdi. Onları meşədə yerləşdirdilər. O vaxtdan bəri hər zaman uğultu, güllə səsləri eşidirdik, yer silkələnirdi, qonşunun köhnə evi isə sadəcə uçub dağıldı.

Martın 9-da qonşu qız bizə gəlib dedi ki, evakuasiya olacaq, tələsmək lazımdır. Ağır xəstə olan ərim özünü çox pis hiss edirdi və yeriyə bilmirdi. O, sözün əsl mənasında məni zorla küçəyə atdı ki, təkbaşına evakuasiya olunum. Təyin olunmuş məntəqəyə çatmaq 30-40 dəqiqə çəkdi. İki həftə ərzində ilk dəfə küçəmizdə gördüklərim məni dəhşətə gətirdi: dağılmış evlər, yıxılan hasarlar, bir yaşayış məhəlləsindən yalnız pəncərələr əvəzinə binanın deşik-deşik olmuş skeleti qalmışdı. Azyaşlı uşaqları olan insanlar, qadınlar, qocalar təyinat yerinə yaxınlaşırdılar. Tələsdiklərindən bəziləri çox isti geyinməmişdi, bir qız isə pijamanın üstündən geyindiyi gödəkçədə idi.

Ardınca yerli deputatlarımız bildirdilər ki, rusiyalılar avtobusları bura buraxmayacaq və hamımız başqa yerə, daha səkkiz kilometrə qədər yol getməliyik. Yerimək çətin idi. Yol boyu yanımızdan keçən Rusiyanın zirehli transportyorları bizi daima kənara sıxışdırırdı. Amma avtobuslar gəlmədi. Güclü küləkli soyuqda bir neçə saat boş yerə gözlədik. Heç kimin yeməyi və suyu yox idi.

Hava qaralmağa başlamışdı, işğalçıların təyin etdiyi komendant saatı yaxınlaşırdı. Evə qayıtmağa vaxtım yox idi. Bizə bomba sığınacağına getməyi məsləhət gördülər. Ora tam qaranlıq idi, insanlar iki həftə idi orada otururdular. Bizi saydılar və dedilər ki, burada cəmi 400 nəfər var. Əksəriyyəti qocalar, yataq xəstələri və uşaqlı qadınlar idi. Sığınacaqda temperatur 3-4 dərəcə idi və çox rütubət vardı. Səhər sığınacaqdan çıxdıq. Nəhayət, evə qayıtdım. Soyuqda və küləkdə uzun müddət qaldığım üçün dodaqlarım çatlamışdı, başdan ayağa islanmışdım, ayaqlarım suluqlamışdı.

Ertəsi gün birdənbirə mobil əlaqə yarandı! Qonşularda elektrik generatoru var idi, telefonlarımızı doldurmağa icazə verdilər və öyrəndik ki, yenə evakuasiya olacaq. İki kiçik bel çantası və əlil arabası götürdük ki, ərim ondan qoltuqaltı çəlik kimi tutub yeriyə bilsin. Həqiqətən çoxlu avtobus gəldi.

Kiyevə gedən yol iki-üç saat çəkdi. Yanmış hərbi texnikaların, meyitlərin və partlayışdan əmələ gəlmiş çuxurların yanından ötməli olurduq. Rusiya keçid məntəqələrində xeyli dayanırdıq. Onlardan birində bizə avtobuslardan çıxmağa, hətta tualetə belə getməyə icazə vermədilər. Kiyevdə dəmiryol vağzalına çatanda dərhal Ukraynanın qərbinə gedən evakuasiya qatarına mindik. 12 saatdan çox yol getdik, vaqonlarda işıqlar sönülü idi. Bizə dedilər ki, belə vəziyyətdə atəşdən yayınma ehtimalı daha yüksəkdir”.

İrina: “Qulaqların hər səsi, xışıltı, tappıltını eşitdiyi gecə qorxusu”

İrina təqaüdçüdür və martın 8-də Makarovdan bir neçə kilometr aralıda Rusiya qoşunlarının işğal etdiyi kənddən yola düşüb.

“Biz gözəl yerdə, Makarovdan bir neçə kilometr aralıda yerləşən kiçik Qavronşina kəndində yaşayırdıq. Fevralın 24-də müharibənin başladığını öyrəndik. Fevralın 25-də kənddə nəzarət-buraxılış məntəqəsi düzəltməyə başladılar, 26-da isə rusiyalı işğalçılar artıq gəlmişdi. Kəndlə Makarov arasında yerləşən şəxsi elit qolf-klubun böyük ərazisini ələ keçirdilər. Günlər atəş və partlayışlarla başlayıb bitirdi. Demək olar ki, hər gün, bəzən isə gündə iki dəfə onların vertolyotları qolf-klubun sahəsinə enirdi.

Nə qədər ki, internet vardı, zirzəmilərdə gizlənməli olduğumuz barədə bildirişlər alırdıq. Sonra axşam gəlir, gecə düşür və gözləri demək olar ki, görməyən, çətinliklə yeriyən 96 yaşlı ananı bu zirzəmiyə salmaq lazımdır.

Martın 1-dən 4-nə kimi daimi həyəcanlı günlər, davamlı döyüşlər oldu. Bu günlərdə insanlar orada kömək olmadığı üçün özbaşına çıxıb getməyə başladılar. Martın 7-də axşam qərar verməli olduq – qonşu dedi ki, ikimiz üçün maşında cəmi bir yer var, nənəni isə qucağa almalıyıq. Biz çox tərəddüd edirdik, təhlükəli və risklə dolu yola çıxmaq qərarına gəlmək çox çətin idi, lakin bu heyvani qorxuya hər dəfə dözmək də mümkün deyildi. Qulaqların hər səsi, xışıltını, tappıltını eşitdiyi gecə qorxusu, hər atəş açılanda isə bura düşəcək, yoxsa başqa yerə düşüncəsi… Oğlum təkidlə deyirdi ki, kimsə bizi kənddən çıxarsa, yolda maneələri adlamağın bir yolunu tapacaq.

Mən əynimdə nə vardisa, onunla da çıxdım. Yalnız sənədləri götürdüm. 50 maşın var idi, hamısından ağ cır-cındır parça asılmışdı. Qolf-klubun yanından keçəndə həmişəkindən daha çox qorxdum. Bəlkə də heç vaxt o vaxtkı qədər dua etməmişdim.

Yolda rusiyalıların sınmış texnikası, dağılmış evlər və ətrafda izaholunmaz dəhşətli qoxu var idi. Oradan Jitomirə doğru getdiyimiz yol bir tərəfdən dağıdılmışdı, yenidən hər yerdə məhv edilmiş rus texnikası, onun arasında isə vurulmuş mülki avtomobillər vardı. Dəhşət dolu yol idi, onu təsvir etməyə söz tapmaq olmur.

Gedə-gedə düşünürdüm: qucağımda bir yaşlı uşaqla mən artıq belə qaçmışam. O vaxt Çernobıldan. Və budur, yenə də qaçıram – işğal zonasından, qucağımda isə 96 yaşı olsa da, mahiyyət etibarı ilə uşaqla.

İndi biz daha təhlükəsiz yerdəyik, amma burada da sirenlər davamlı olaraq ulayır. Hər hava həyəcanını sanki hər dəfə kürəyimizə dirənmiş silah kimi hiss edirik. Anam hər gün evi haqqında soruşur, müqəddəs Məryəmdən onu xilas etməsini və evinə qaytarmasını xahiş edir. Bir müharibə görmüş qadın indi ikincidən sağ çıxmaq məcburiyyətindədir”.

Aleksandr: “Göz yaşı olmadan baxmaq mümkün deyildi – sanki 1941-ci ilin mənzərəsi idi”

İrpen şəhərinin kənarındakı yaşayış komplekslərindən birinin sakini olan Aleksandr martın 10-da təxliyə edilib.

“Fevralın 24-nə qədər genişmiqyaslı müharibə olacağına inana bilmirdik, ona görə də hazırlıq görmürdük. Həmin gün hava hücumları zərbəsindən oyananda çaxnaşma olmadı, amma şoka düşmüşdük, depressiyadaydıq, ağlayırdıq. Hətta həyat yoldaşımla işə getmək qərarına gəldik, amma əlaqə kəsildiyindən son anda evdə qalası olduq. Martın 5-nə kimi hamımız evdə qaldıq – həyat yoldaşım, 15 yaşlı oğlum və mən.

Martın 5-nə keçən gecə xüsusilə səs-küylü və narahat olduğundan qonşumuz şəhəri tərk etmək qərarına gəldi və həyat yoldaşımı və oğlumu da özü ilə apardı. Bunun üçün ona ömrüm boyu minnətdar olacağam. Onların gedişindən dərhal sonra dəhşət başladı – dörd saat ərzində bu günə qədər ən güclü atışmalar oldu. Onlar o qədər güclü idi ki, mənzildə işıqları bağlayan bütün vintlər töküldü və lampalar birbaşa naqillərdən asılı qaldı. Bir az sonra Buça istiqamətindən atlan ilk mərmi qonşu evə düşdü. Günorta saatlarında isə mobil rabitə itdi.

Əvvəlcə mənzilin pəncərəsindən Zabuçyadan yola çıxan və İrpenə daxil olan rus hərbi texnikası karvanını gördüm. Saat yarımdan sonra zirzəmidəki taxtalı pəncərələrdən artıq evimizin həyətində təxminən 19-21 yaşlı üç yüzə yaxın rus əsgəri və rus texnikası gördüm. Onların arxasınca “hərbi polisləri” girdi.

Bir neçə saat ərzində çoxlu insanın olduğu zirzəmilərdən onların qarşıdakı evlərin qıfıllarını necə sındırdıqlarını, mağazanı necə qarət etdiklərini seyr etdik. Qonşu evdə qərargah və təmir sexi qurdular, sonradan burada təkərləri və tırtılları dəyişirdilər.

Zirzəmidən əllərimi qaldıraraq çıxdım, dərhal avtomatlarını üzərimə tuşladılar. Görünür, onlar burada mülki insanları görəcəklərini heç gözləmirdilər. Dərhal sənədlər olan çantamı yoxladılar, fənəri götürdülər, telefonumu isə sındırdılar. Bir əsgərin müşayiəti ilə yorğan və şam götürmək üçün mənzilə qalxmağa icazə verdilər.

Növbəti iki gecəni zirzəmidə keçirdik. Bəzən hərbçilər kişilər arasında kimisə axtaran maskalı bir adamla içəri girirdilər. Göstərdikləri adamı zirzəmidən çıxararaq dizi üstə yıxaraq sorğu-sual edirdilər. Psixoloji cəhətdən çox çətin idi. Əsasən kişilər qayıdırdı, amma bir oğlan geri qayıtmadı. Artıq birinci gecədən sonra biz küçədə üstləri ötrülü öldürülmüş dörd yerli sakinin – iki kişi və iki qadının meyidini gördük. Biri, məlum oldu ki, qarət edilmiş mağazanın satıcısıdır. Bizə onları dəfn etməyə belə icazə vermədilər. Orada olduğum günlər ərzində cəsədlər küçədə qaldı.

Gündüzlər bizi siqaret çəkmək, tualetə getmək, bir az hava almaq və mənzillərdəki heyvanlara yem vermək üçün zirzəmilərdən buraxırdılar – hərbçilər bizi hər yerdə müşayiət edirdilər. Gecələr çölə çıxmaq qadağan idi. Rusiya hərbçiləri yaşayış kompleksinin ərazisini də tərk etməyə icazə vermirdilər. Ehtiyatımızda olan hər şeyi yeməli olurduq. Eyni zamanda, onlar öz paylarından da verirdilər – lakin heç də hər kəs onları götürmürdü. Yeməyi manqalda bişirirdik – işıq, istilik, qaz martın 5-dən yox di. Ətrafda partlayış və mərmi səslərini hər zaman eşidirdik.

Humanitar dəhlizlər haqqında həyat yoldaşımdan eşitmişdim, amma toplama məntəqəsinə getmək qeyri-real idi – rusiyalılar bizi yaxın buraxmırdılar. Bir dəfə qonşum və daha 12 nəfərlə aradan çıxmağa nail olduq. Atışma yox idi, amma gördüklərimiz dəhşətli idi – öldürülən velosipedçi, bombalanmış kafelər, demək olar ki, hər həyətdə tank, dağılmış evlər, darvazalar, mərmilərdən dağılmış maşınlar. Maşını olmayanlar piyada qaçırdılar. Göz yaşları olmadan izləmək mümkün deyildi – sanki 1941-ci ilin mənzərəsi idi. Trasda çəlikli bir kişi, qucağında böyük çantası olan yeddi yaşlı bir qız, əllərində itləri, pişikləri, yorğan-döşəkləri olan insanlar gördüm.

Nəhayət, Ukrayna keçid məntəqəsini görəndə gözlərimizə inanmadıq. İşğalda olduğum bu beş gün ərzində dağıntılara elə öyrəşmişdim ki… Amma burada açıq dükanlar vardı, insanlar gülümsəyir, bir-birinə dəstək olurdu. Yenə duş, isti çay, arvadıma telefonla zəng etmək imkanı yarandı. Bu bir rahatlıq deyil, həyata qayıdış idi. Mən o beş gecəni birtəhər yaşadım, amma o günlərin heç birinə görə onları bağışlamayacağam”.

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button