“Ermənilərin arxasında kim olursa olsun, bizim arxamızda güclü Türkiyə var…”

Son zamanlar Qarabağdakı Rusiya sülhməramlıları mandatına uyğun davranış sərgiləmir. Sülhməramlıların ermənipərəst davranışları rəsmi Bakının əsəblərini tarıma çəkir. Maraqlıdır ki, Qarabağda erməni silahlılarının artan təxribatları və buna Rusiya sülhməramlılarının laqeyd münasibətinə Türkiyə sükutla qarşılayır. 

Məsələ ilə bağlı Moderator.az -ın əməkdaşı Türkiyənin Erciyes Universitetində çalışan professor, tanınmış siyasi şərhçi Qafar Çaxmaqlının mövqeyini öyrənib.

Türkiyə son günlər Qarabağ bölgəsində ermənilərin həyasızlığına və Rusiyanın yersiz gərginlik yaratmaq cəhdlərinə nədən səssiz qalır?– sualımıza professor belə cavab verib:

“Rusiya sülhməramlılarının nəzarəti və himayəsi altında olan Qarabağın bir hissəsində baş verənlər və gərginliyin artması Ermənistanın maraqlarına uyğun olduğunu deməyə ehtiyac yoxdur. Onlara da, himayəçilərinə burada sabitliyin olması əl vermir. Ermənistan bütün diplomatiyasını beynəlxalq gücləri bölgəyə cəlb etmək istəyir. Bunu Ermənistanda olan rəsmi ağızlardan da dilləndirirlər. Onların Avropa quruluşlarına, BMT-yə müraciətlərinin amacı da budur. Ölmüş Minsk qrupunu diriltmək və burada yaşayan əhali ilə bağlı hansısa haqlar almaq. Onlar Azərbaycanla sərhəd problemlərini həll etmək, uzlaşmaya getmək fikrini də beynəlxalq publika üçün söyləyirlər, o ovqatı yaratmaq istəyirlər ki, biz sülhə getmək istəyirik, hətta onların təklif etdikləri 5 maddəlik önərini də müzakirə etməyə hazırıq, amma Azərbaycan gücə əl atır. Ermənistanın son olaylarla bağlı dünyaya təqdim etdiyi budur. Onlar onu da gözləyirlər ki, Türkiyə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi üçün hansısa bir addım atsın. Türkiyənin bəlkə də səssizliyinin səbəblərindən biri budur. Türkiyə Şuşa Bəyannaməsi ilə artıq Azərbaycanın bütün məsələlərdə yanında olduğunu təsdiq edib. İşlər açıq qarşıdurmaya keçərsə, Türkiyə, şübhəsiz, öz mövqeyini ortaya qoyacaq. Həm də indi Türkiyənin Rusiya – Ukrayna müharibəsi fonunda missiyası başqa bir səmtdə diplomatik başarılarını möhkəmlətməkdir. Bununla belə Azərbaycan hər zaman Türkiyənin öncəliyidir. Həm də Azərbaycanın ortaya çıxan süni problemləri öz axarına qaytarmaq gücü və iradəsi yetərincədir. Ermənilər Azərbaycan torpaqlarında at oynada bilməzlər. Xankəndi və digər ərazilərimizdə yaşayan ermənilər gec- tez seçimlərini edəcəklər. Bu artıq müzakirə mövzusu deyil. Azərbaycan kimlərin iradəsindən və himayəçiliyindən asılı olmayaraq öz torpaqlarında dövlət suverenliyi bərpa edəcək. Çünki ermənilərin arxasında kim olursa olsun, bizim arxamızda güclü Türkiyə var.”

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button