“Türkiyə diplomatiya mərkəzinə çevrildi, Avropa itirdi, Türkiyə qazandı…”

Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hulusi Kılıç dünən İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında baş tutan görüşü Moderator.az-a şərh edib:

“Türkiyə diplomatiya mərkəzinə çevrildi, Avropa itirdi, Türkiyə qazandı. Rusiya ilə Ukrayna arasında atəşkəs yaranması üçün Prezident Rəcəb Tayyib Ərdoğan müharibə başlayan gündən bəri yorulmadan onu dayandırmaq üçün səylərini əsirgəmir. Martın 10-da iki ölkənin xarici işlər nazirləri arasında Antalyada görüş baş tutdu. Bu, o tarixə qədər tərəflər arasında ən yüksək səviyyədə bir görüşmə oldu. Hörmətli Ərdoğanın prezidentlər – Zelenski və Putinlə görüşməsi sonucunda tərəflər arasında martın 28-də baş tutan görüş isə tarixə İstanbul görüşü kimi düşdü.

Türkiyə güvənilən bir ölkə, güvənilən bir dost, güvənilən bir müttəfiqdir. ABŞ lideri Bayden dünən Prezident Ərdoğanı aramaq əvəzinə özünə çox yaxın bildiyi Fransanın Prezidentinə, Almaniya, İngiltərə və İtaliyanın baş nazirlərinə zəng elədi. Hər halda, onlar da hörmətli Ərdoğanı arayıb, nə oldu, necə oldu deyə məlumat alacaqlar. Avropa qısqanclıq içindədir. Çünki Türkiyə, türklər bacardı və bu görüşü təşkil etdi. Dünənki görüş də müəyyən nəticələr verdi.

Türkiyə Prezidenti Ərdoğan iki ölkə liderini bir araya gətirmək üçün əlindən gələni etməyə çalışır. Əvvəl Fransa prezidentinin vasitəçilik etməyə can atdığını gördük, ancaq Putin Fransanı Amerikaya çox yaxın bildiyindən ona güvənmədi və onun yerinə Ərdoğanla danışdı və görüşlərin Türkiyədə keçirilməsinə qərar verdilər. Həm də Türkiyə bu iki ölkənin qonşusudur və onlarla yaxın dostluq münasibətləri var və aralarında iş birliyi davam edir. Həm də Türkiyə tərəfsiz ölkədir, məlum sanksiyalara baxmayaraq, hava sahəsini Rusiyaya qapatmayıb. Ukrayna mövqeyindən yanaşdıqda isə Türkiyə boğazları bağlayıb və BMT-də Ukraynanın lehinə səs verib. Həmçinin bu günə qədər Türkiyənin Ukraynaya humanitar yardımlarının ardı-arası kəsilmir.

Türkiyənin yeganə arzusu axıdılan qan və göz yaşlarını dayandırmaq, bu insanlıq dramına dərhal son qoymaqdan ibarətdir. Türkiyə öncə atəşkəsə nail olmaq, ardından isə Rusiya və Ukrayna prezidentlərini bir araya gətirmək arzusundadır. Mən Putinə, Zelenskiyə təşəkkür edirəm ki, Türkiyəyə güvəndilər və dünyaya Türkiyənin necə dəyərli ölkə olduğunu göstərdilər. Türkiyə Azərbaycan, Azərbaycan Türkiyə deməkdir. Bir-birimizin uğurları bizi xoşbəxt edir. Başqa sözlə, Avropa, Amerika itirdi, Türkiyə qazandı. Dünyanın rəğbətini qazandı. Dünən dünyanın gözü-qulağı İstanbulda idi”.

 

Moderator.az        

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button