“Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik…”

Rusiya ilə Ukrayna arasındakı müharibə ukraynalı gənclərin həyatını birdən-birə dəyişdi. Çoxlu gənc qız və yeniyetmələr təcavüzkarı dəf etmək üçün orduya gedir, ərazinin müdafiəsi sıralarına və könüllülərə qoşulurlar.

Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində qan töküldü və bu, bir çox ukraynalı gəncin xəyallarını alt-üst etdi. Neçə-neçə gənc oğlan və qız əllərində silah vətənlərini Rusiya təcavüzündən qorumaq üçün könüllü olaraq ordu sıralarına, ərazi müdafiəsi sıralarına qoşularaq yaralılara tibbi yardım göstərməyi öyrənir, könüllü olaraq xidmət edirlər.

Moderator.az Almaniyanln “Deutsche Welle” (DW) nəşrinə istinadla müharibə nəticəsində həyatları kəskin şəkildə dəyişmiş gənc ukraynalıların hekayəsini təqdim edir.

“Biz təslim olmayacaq, kapitulyasiyaya getməyəcəyik”

Əslən Xarkovdan olan 25 yaşlı Marqarita hazırda Kiyev ərazisinin müdafiəsi sıralarındadır.

“Müharibədən bir neçə gün əvvəl mənim 25 yaşım tamam oldu. Ad günümü Budapeştdə qeyd etdim. Orada, onların ən məşhur pabının divarında “Yaşasın Ukrayna!” sözlərini yazdım. Müharibədən bir gün əvvəl evə qayıtdım və bu mənim son rahat gecəm idi. Mülki həyatda mən piar-menecer və mətn müəllifi kimi çalışırdım. Kiyevin qorunub saxlanması uğrunda mübarizədə iştirak etmişəm və şəhər fəalı olmuşam. Həyatım idman, ispan dili öyrənmək, dostlarla görüşmək və səyahət etməkdən ibarət idi. Bir günün içində hər şey alt-üst oldu.

Marqarita ərazi müdafiəsi sıralarına qoşulub

Fevralın 24-də Rusiya yenidən Ukraynaya müdaxilə edəndə mənim üçün həqiqətən də alternativ variant qalmadı. Ailəm Xarkovda qalmışdı, mən Kiyevdə tək idim. Qaçmaq istəmirdim, amma nəsə etməliydim, ona görə də ərazi müdafiəsi sıralarına qoşulmaq qərarına gəldim. Əvvəlcə ailəm şoka düşdü, amma sonra mənə dəstək oldular.

İndi mənim üçün yeni reallıq belədir – yatmaq və sirenaların səsinə oyanmaq və yeni bacarıqlar əldə etmək. Əvvəllər ilk tibbi yardım kursu keçmişdim, ona görə də ərazini müdafiədə tibbi yardım göstərənlərə qoşuldum, sanitar təlimatçı oldum. İndi mən dərmanların alınması ilə məşğulam, xəstələrin müalicəsinə kömək edirəm. Yaralılara kömək etməyə hazırlaşıram.

Təbii ki, hamı kimi mən də qorxuram. Sadəcə iş görməyə çalışıram ki, qorxmağa vaxtım olmasın. Bir ay keçsə də, müharibə hələ də davam edir, amma hər şeyin tez bitəcəyinə artıq ümid yoxdur. Biz uzunmüddətli və mövqe savaşına hazırlaşırıq. Ötən gün Kiyevi gəzdim və mənə elə gəldi ki, sanki həyat birtəhər bərpa olunur. Kiyev dirçəlir. Uşaqlı bir ailə gördüm, əvvəlki kimi gəzir, gülürdülər… Əgər rus qoşunlarını Kiyev ətrafından sürətlə sıxışdırıb çıxara bilsək, paytaxt tezliklə normal həyata qayıda biləcək.

Biz artıq səkkizinci ildir ki, müharibə edirik, sadəcə, son bir ayda bu, ölkəmizin bütün ərazisinə yayılıb. Biz təslim olmayacaq, kapitulyasiyaya getməyəcəyik. Ukrayna qeyri-adekvat Putinin qarşısında Avropanın sonuncu forpostudur. Bizi düşünün, etirazlara qoşulun, Avropa liderlərinə çatdırın ki, Ukraynanın səmasını bağlamaq lazımdır”.

“İnanıram ki, hər şey hansısa qələbə ilə başa çatacaq”

17 yaçlı Sofiya əslən Kiyevdəndir, Lvovdakı Ukrayna Katolik Universitetinin “Psixologiya” proqramının 1-ci kurs tələbəsidir.

“Mən həmişə müharibə haqqında ətrafımdan bir az daha çox bilirdim – qardaşım Ukraynanın şərqində döyüşür. Artıq fevralın əvvəlində, semestrimiz başlayanda valideynlərim genişmiqyaslı işğalın mümkünlüyü barədə danışırdılar. Necə hərəkət edəcəyimizi təfərrüatla açıqlamasaq da, amma bunu daim beynimdə fırladırdım. Müharibədən əvvəlki həftə, ümumiyyətlə, narahat idim, amma fikir verməməyə çalışırdım, planlar qururdum: fevralın 24-də rəfiqəmlə gedib otaq bitkiləri almağı planlaşdırırdıq… Amma səhərimiz Kiyevin bombalanması xəbəri ilə açıldı, mənim orda valideynlərim və kiçik bacım vardı…

Sofiya könüllülər sırasında

Dərhal telefonla onlara zəng etdim, anam telefonu götürmədi, amma atam cavab verdi və dedi ki, hər şey yaxşıdır. Sonradan onlar Kanevə (Mərkəzi Ukraynada şəhər – red.) köçdülər, orada sakitlik olduğunu deyirlər. Qardaşımla çoxdan əlaqə saxlamırıq – telefonu açmır, onunla hər şeyin qaydasında olduğunu bilmirəm. Bəlkə sadəcə cavab verməyə vaxtı və imkanı olmur…

Bu müharibədə nə edəcəyimi dərhal anladım. Noyabr ayından etibarən yataqxanamızda ordu üçün kamuflyaj torları toxuyan məntəqənin koordinasiyası ilə məşğul olurdum. Və bir gün belə bir fikir ortaya çıxdı ki, indi bunu həftədə iki dəfə iki saat deyil, hər gün və daha yaxşısı bütün günü etmək lazımdır. Ancaq zaman keçdikcə başa düşdüm ki, doqquz saat bir yerdə oturmaqla iş getməz və bu, təkcə mənə aid deyil. Oturmaqla kömək etmək olmaz, başqa cür yardım etmək lazımdır.

Ona görə də mən Qırmızı Xaç tərəfindən sərhədə, Rava Russkayaya (Ukrayna-Polşa sərhəddindəki keçid məntəqəsi – red.) getdim, – orda sendviç, çay hazırlayırıq, insanlara hara getməli olduqlarını və bəzi əsas şeyləri başa salırıq. Qaçqın axını bir az səngiyib, həm də gecələr növbətçi olduğum üçün az adam görürəm. Buna baxmayaraq, mənəvi cəhətdən ağırdır – hamı qorxmuş, narahat, yorğun, ümidsiz gəlir. Amma digər tərəfdən insanların minnətdarlığı bizə çox böyük dəstəkdir. Bunu necə düzgün təsvir edəcəyimi bilmirəm: yəqin ki, birlik buna deyilir.

Bizim universitetdə deyəsən hamı könüllülük fəaliyyəti ilə məşğuldur. Amma bir yandan həm də dərslər bərpa olunub və artıq üzərimə daimi könüllülük öhdəçiliyi götürə bilmirəm, yalnız birdəfəlik tapşırıqlara gedirəm.

İnanıram ki, bütün bunlar müsbət nəticələr verəcək hansısa qələbə ilə başa çatacaq – ilk növbədə bu, ukraynalıların vətəndaş mövqeyinə aiddir… Ən çox belə bir qələbənin olmayacağından qorxuram. Amma yox, hər şey çox dəyişib, nəinki Ukraynada, həm də bütün dünyada. Nə qədər, üç-dörd ay, bəlkə də daha çox davam etməsindən asılı olmayaraq, əvvəlki vəziyyətə qayıtmaq mümkün deyil”.

“Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik”

25 yaşlı Ruslan hərbçidir və Kiyev ətrafında döyüşür.

“Mənim üçün müharibə 2014-cü ildən davam edir, lakin genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başladı. Çağırış vərəqəsi aldım və dərhal hərbi komissarlığa getdim. Bundan sonra məni öz döyüş briqadama göndərdilər. İlk bir neçə gün düşməni müşahidə və aşkar etmək tapşırıqlarını yerinə yetirirdik.

Düşmən çoxlu sayda güclü atəş vasitələrini cəmləşdirəndən sonra sadəcə olaraq dinc yaşayış məntəqələrini dağıtmağa və yoluna çıxan hər şeyi süpürməyə başladı. Eyni zamanda heç kimə – nə uşaqlara, nə də pensiyaçılara aman vermirlər. Günahsız dinc insanlar ölür. “Qrad”lar, artilleriya, aviasiya… Tamamilə hər şeyi bombalayırlar. Sadəcə cəhənnəmdir…

Lakin biz öz torpağımızdayıq, baxmayaraq ki, günahsız qurbanlar çoxdur, biz dözəcəyik. Düşmən düşünürdü ki, müharibə yolu ilə Ukraynanı parçalayacaq, amma əksinə, birləşdirdi. Dinc əhali düşmənin qarşısına çıxaraq onun texnikasını yandırır. Onlar düşmənə səhv ünvana gəldiklərini göstərirlər.

Bütün dünya gördü ki, Ukrayna yıxılacaq ölkə deyil. Himnimizdə çox gözəl sözlər var: “Azadlığımız üçün ruhumuzu və canımızı fəda edəcəyik”. Bu, hər bir ukraynalının başa düşdüyü çox güclü sözlərdir. Bu sözlər əməllərimizə də uyğun gəlir – biz canımızı verməyə hazırıq ki, övladlarımız azad, müstəqil dövlətdə yaşasın və burada “rus dünyası” olmasın… Məncə, bu müharibə uzun sürməyəcək: onların sursat və yanacağı tükənir. Və onların gücü də tükənməz deyil”.

“Biz nəsə etməliyik və birtəhər ölkəni qorumalıyıq”

27 yaşlı Denis könüllüdür və Qostomel bölgəsində döyüşlərdə yaralanıb.

“Fevralın 24-də Ukraynanın bombalanması başlayanda başa düşdüm ki, mən nəsə etməliyəm və birtəhər ölkəni qorumalıyam. Ərazi müdafiə dəstəsinin üzvü olan dostlarıma müraciət edərək onlara qoşulmaq istədim. Elə oldu ki, mən könüllülər batalyonuna düşdüm. Mənə silah, dəbilqə, qoruyucu jilet verdilər.

Denis əmindir ki, müharibə həmişə danışıqlar və sülh sazişinin bağlanması ilə başa çatır

Sonra biz Qostomel (Kiyevin şimal-qərbində yerləşən şəhərətrafı qəsəbə – red.) istiqamətində tapşırığa getdik. Bizim bölmə martın 1-dən orada idi, lakin artıq martın 4-də biz dislokasiya yerini tərk etməli olduq. Bir gün əvvəl Qostomel hava limanı bombalandı və düşmən hər şeydən atmağa davam edirdi – artilleriyadan, tanklardan və təyyarələrdən dayanmadan atəş açırdı.

Mən avtobus sürücüsü idim və insanları çıxarırdım. Bir dəstəni çıxartdım, sonra digər dəstə üçün qayıtdım və onu gözləyəndə bizim tərəfə mərmi düşdü və mən yaralandım. Müalicə olunuram, həkimlər deyir ki, yeriyəcəm. Yavaş-yavaş sağalıram…

Müharibə həmişə pisdir, həmişə şər, ölüm, göz yaşı və qorxudur. Məncə, müharibənin heç bir mənası yoxdur. Hər bir müharibə danışıqlar və sülh müqaviləsi ilə başa çatır. Lakin bu zaman insanlar, uşaqlar həlak olur və onları geri qaytarmaq mümkün deyil”.

 

Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button