“Qarabağda erməni terrorçularına qarşı ilk qəti həmlə Mütəllibovun dövründə atıldı…” 

“O sənəddəki  Azərbaycanın dövlət müstəqilliyini “bərpa etmək” ifadəsi mənim təklifim və Mütəllibovun razılığının nəticəsi oldu…”

 

“Ayaz müəllim onu yaxından tanıyanların və apardığı siyasəti, gördüyü işləri anlayanların xatirəsində gözəl, sadə və təvazökar insan, ləyaqətli hökumət və dövlət xadimi kimi qalacaq…”

 

“Çox mülayim, insansevər şəxsiyyət olub Ayaz müəllim.  Müsbət məsləhətlərə, tövsiyələrə qulaq asan adam olub. Bəlkə də bəzən həddindən artıq çox qulaq asıb… Özüm  şahidiyiəm ki, Mütəllibov bir hökumət adamı, bir siyasi xadim, dövlət başçısı kimi xalq üçün, dövlət üçün gərəkli təkliflərə yerindəcə və çox müsbət reaksiya verirdi”.

Bu fikirləri  Moderator.az-a açıqlamasında 1988-1993-cü illərdə Azərbaycan parlamentində sədr müşaviri kimi çalışmış Cahangir Nəcəfov ifadə edib.

 

“1991-ci il avqustun 23, yaxud 24-ü idi, o zaman Ali Sovetin sədri olan rəhmətlik Elmira xanım Qafarova məni çağırıb dedi ki, Prezident Ayaz Mütəllibov Azərbaycanın dövlət müstəqilliyi haqqında bir bəyannamə layihəsi hazırlamağı tapşırıb. Elmira xanım əlavə etdi ki, mən də bu məsuliyyətli işi sənə həvalə edirəm. Böyük bir qürur hissi ilə öz iş otağıma gəlib bir az düşünəndən sonra ağlıma gəldi ki, əgər bizim 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, yaxud Azərbaycan Demokratik Respublikası adlanan müstəqil dövlətimiz olubsa, o halda biz niyə “dövlət müstəqilliyi haqda” bəyannamə qəbul etməliyik? Bəlkə həmin bəyannamə “müstəqilliyin bərpası” haqda adlandırılsa, daha uyğun və doğru olar… Az sonra həmin təklifi Elmira xanıma çatdırdım. O da dərhal zəng etdi Prezident Ayaz Mütəllibova və ona bizdə belə bir təklif olması haqda məlumat verdi. Telefonu yerə qoyandan sonra Elmira xanım bildirdi ki, Cahangir, cənab Prezident təklifimizi qəbul etdi, get layihəni işlə. Bu minvalla  1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti tərəfindən qəbul edilmiş bəyannamənin məhz “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” adlandırılması mənim təşəbbüsüm və bilavasitə 1-ci Prezident Ayaz Mütəllibovun razığıyla baş verdi. Həmin bəyannamədə “1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək” ifadəsi var ki, bu da əslində Azərbaycan dövlətinin sovet dövründəki 86,6 min kv.km-lik deyil,  məhz  ADR dövründəki 114 min kv.km-ilik sərhədlə tanınmasını bəyan etməkdir”- deyə keçmiş spiker müşaviri bildirib. 

 

“Unutmayaq  ki, 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı da, 1992-ci il martın 2-də respublikamızın BMT-yə üzv olması da, eləcə də dövlətimizin  hazırkı bayrağı, hazırkı  gerbi və himninin qəbul olunması da məhz Ayaz Mütəllibovun hakimiyyəti dövründə baş verdi. Sonradan düşmənlərimizin müxtəlif xarici və daxili hərbi-siyasi təxruibatlar nəticəsində  Xocalı soyqırımı baş versə də, Qarabağda erməni terrorçu birləşmələrinə qarşı ilk qəti həmlə məhz Ayaz Mütəllibovun prezidentliyi dövründə, onun Moskvaya qarşı ciddi siyasi-diplomatik gedişləri və çalışması sayəsində 1991-ci ilin aprel-iyul aylarındakı məşhur “Həlqə”, “Çaykənd” əməliyyatlarıyla atıldı. Həmin vaxt keçirilmiş əməliyyatlar nəticəsində Azərbaycan ərazisində 30-a yaxın kənd erməni terrorçularından təmizləndi” –açıqlamasının ardında bunları söyləyən həmsöhbətimiz mərhum eks-prezidentlə ilk şəxsi tanışlığı barədə də danışıb.

 

“O dövrün  müxalifətinin bir sıra iddialarına rəğmən Mütəllibov çox demokratik yönümlü bir dövlət başçısı kimi yadda qalıb. Çünki bir insan və kişi kimi də o, gözəl, insanpərvər xarakterə malik idi. Çox sadə və təvazökar adam kimi xatırlayırıq Ayaz müəllimi…

 

Rəhmətliklə ilk tanışlığımız hələ təxminən 1970-ci illərin sonunda o, Nərimanov Rayon partiya komitəsinin ikinci katibi işləyərkən olmuşdu. O dövrdə də mən Ali Sovetdə işləyirdim. Həmin vaxt parlamentin sənaye komissiyasıda gənc mütəxəssislərin işlə təmin olunmasıyla bağlı bir məsələ müzakirə olunurdu. Bununla əlaqədar Ayaz müəllimlə rəsmi görüşümüz oldu. Çox səmimi qarşıladı məni və səmimi, işgüzar söhbətimiz oldu… 

 

Yeri gəlmişkən, onu da deyim ki, Mütəllibov iqtisadiyyatı, xüsusən sənayeni dərindən bilən bir kadr idi.  Uzun illər böyük zavod və sənaye birliklərində rəhbər vəzifələrdə çalışmışdı. O dövrlərdə direktorlar korpusunda Mütəllibov ən sayılıb-seçilən bir mütəxəssis və şəxsiyyət kimi tanınırdı…

Artıq  Ayaz müəllim nazirlər Sovetinin sədri, 1-ci katib, Prezident olduğu dövrlərdə də Bakıdakı müxtəlif rəsmi və qeyri-rəsmi tədbirlər zamanı da, sovet dövründə deputat kimi qatıldığı Moskvada SSRİ Ali Sovetinin sessiyalarında da çox  görüşərdik. Artıq neçə illər tanıdığından mənə qarşı xüsusi münasibəti formalaşmışdı. Çox vaxt xaricə uçanda eyni təyyarədə gedərdik… Moskvadakı sessiyaların, qurultayların fasilələrində birdən digər bəzi rəsmilər kimi, Ayaz müəllim mənə də bir yerdə nahar etməyi təklif edirdi…

 

Bir sözlə, Ayaz Mütəllibov onu yaxından tanıyanların və apardığı siyasəti, gördüyü işləri anlayanların xatirəsində çox gözəl, sadə və təvazökar insan, ləyaqətli hökumət və dövlət xadimi kimi qalacaq… Allah rəhmət eləsin!..”- deyə Cahangir Nəcəfov fikirlərini yekunlaşdırıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button