“Anam rəhmətə gedəndən sonra atam bizim üçün həm ana, həm də ata oldu…”

“Mən Bakının Əmircan kəndində böyümüşəm, uşağlığım orada keçib. 1-ci sinifdən həm orta məktəbə getmişəm, həm də musiqi məktəbinə skripkaya, kiçik qardaşım Minaxan da tar alətinə gedib. Sözsüz ki, bütün bunların hamısı atamın istəyi ilə olub, o bizi yönləndirib. Atamız bizimlə daim maraqlanıb. İstər mənimlə, istər Minaxanla, istərsə də kiçik qardaşlarım Orxan və Hikmətlə. Bu günləri Orxanla Hikmət musiqi aləmindədirlər, biri tar, digəri isə kamança ifaçısıdır”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, ustad sənətkar Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev deyib. O daha sonra əlavə edib.

“Ata-ana övladı üçün hər zaman keçir, ona həyatda hər şeyi başa salır. Mənim atam o atalardan olub ki, bu gün başa düşürəm ki, onun zabitəsi, üstümüzdə möhkəm durması bizi xeyirli övlad kimi yetişdirib. Çalışmışıq ki, atamın qazandığı ada xələl gətirməyək. Atam heç vaxt sənət aləmindəki söhbətləri evimizdə etməyib. Çünki xoşlamırdı, xasiyyətində yox idi. Müəyyən yaşdan sonra atam bizimlə hər şeyi bölüşdü. İmkan verib ki, ona yaxınlaşaq. Nə qədər ki, anamızın canı sağ idi, atamıza demək istədiklərimizi onun vasitəsilə deyirdik. Anam cavan rəhmətə gedib, mənim 19, kiçik qardaşımın 16 yaşı var idi. Anam rəhmətə gedəndən sonra atam bizim üçün həm ana, həm də ata oldu” deyə Xoşbəxt Abdullayev bildirib.

 

Xanəndənin oğlu bildirib ki, müğənnilik sənətinə atasından xəbərsiz başlayıb.

“Mən müğənnilik fəaliyyətinə başlayanda Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Çox şeyi atamdan gizlədirdim, düşünürdüm ki, bir nəticə əldə edim, onu qəfildən atama təqdim edim, bir növ onu sevindirim. İlk dəfə 1993-cü ilin dekabr ayı idi, İndiki Heydər Əliyev sarayında 2 gün konsertim oldu, gəldim 10 dənə bileti təqdim etdim ona. Dedim ki, ata mənim Respublika sarayında konsertimdir, çox istərdim ki, dostlarınla, yaxınlarınla orada olasan. Atam təəccübləndi, dedi ki, nə konsert? Mən konsertdən sonra onun gözlərində olan sevinc hisslərini gördüm. Mənə bir söz dedi ki, oğlum ağır yoldur, istəmirəm mənim çəkdiyim əziyyətləri çəkəsən. Bizim evdə hər zaman böyüyün böyük yeri, kiçiyin kiçik yeri olub. Allah belə qismət edib ki, mən böyük qardaşam, məndən başqa 3 qardaşım var. İstər-istəməz atam deyib ki, sabah mən olmayandan sonra sizin böyüyünüz Xoşbəxtdir. Onları qorumaq, düzgün məsləhət vermək mənim boynumdadır. Çox şükür bu günki gündə mehribanıq. İnanıram ki, atamızın ruhu da şaddır” deyə Xoşbəxt Abdullayev bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button