“Azərbaycan SSR…” – 28 aprel 1920 “inqilabı” öncəsinə bənzər situasiya yaranıb, amma…”

“Nə Azərbaycan dövləti, ordusu o zamankıdır, nə də Türkiyə həmin Türkiyədir…”

 

“Onların içərisindən müstəqillik tərəfdarı olan “milli kalon”a ultimatum verəcək yeni Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Ağamalıolular və Musabəyovlar meydana çıxa bilər…”

 

“1920-ci ilin mart-aprelində də ermənilər vasitəsilə Qarabağda, o cümlədən Fərrux dağı, Əsgəran ətrafında başımızı qatmışdılar…”

 

-FİKİR SAVAŞI…-

 

Bütövlükdə bəşəriyyət və Azərbaycan tarixinin həlledici günlərini yaşayırıq… Gözlənilməz və əndrəbadi olaylara şahidlik edirik…

 

*** 

Xüsusən 1990-cı illərdən bəri ABŞ və müttəfiqlərinin İraq, Əfqanıstan, Suriya, Liviya və s. ölkələrə əsassız müdaxilə və oralardakı soyqırımları kimi,  1988-1994-cü illərdən bəri Ermənistana Qarabağ torpaqlarımızı işğal etdirən, 2008-ci ildə Gürcüstana soxulan Rusiyanın bu dəfə də  Ukraynaya namərd təcavüzü və bir xalqa qarşı açıq qətliamı dünya nizamını, “beynəlxalq hüquq” adlanan anlayışı tamamilə alt-üst etməkdədir… 

*** 

Son bir aydan çox dövrdə Ukraynadakı tam ədalətsiz savaşda bütün müharibə,  beynəlxalq hüquq, adi insanlıq, əxlaq və mənəviyyat normalarını tapdayan Kreml rəhbərliyi əsl neofaşizm və neobolşevizm təzahürləri nümayiş etdirməkdədir… 

*** 

Olayların gedişi, təhlil və araşdırmalar göstərir ki, nəinki Ukrayna və Şərqi Avropanın qonşu ölkələrini, bütün keçmiş SSRİ məkanını, bütövlükdə planeti, bəşəriyyəti Hitler faşizmindən də, Lenin-Stalin bolşevizmindən də daha amansız və qəddar, əxlaqsız və mənəviyyatsız bir Putinizm kabusu təhdid etməkdədir… Bu mənada Rusiyanın hərbi, kəşfiyyat və siyasi dayaqlarının daha güclü olduğu keçmiş müttəfiq respublikalarını daha böyük təhlükə gözləyir…

 

*** *** 

 

Demək olar ki, hətta Baltikyanı dövlər də daxil olmaqla postsovet respublikalarında 1917-1922-ci illərdəki bolşevik Rusiyasının təcavüz və işğalı ərəfəsinə bənzər bir situaisya yaranıb… Konkret Azərbaycanda isə 28 aprel 1920-ci il öncəsi kimi…

 

*** ***

 

Rəsmi və ya qeyri-rəsmi kimlərsə bu sətirlərin müəllifini  “əhalidə yersiz təşviş, panika yaratmağa cəhd”də günahlandıra bilər. Amma atalar deyib ki, “şər” deməsən, xeyir gəlməz… Və bu səpkili yazılar yazmaqda məqsədimiz hər bir vətəndaşı ayıq-sayıq və ehtiyatlı olmağa çağırmaqdır…

 

*** ***

 

Bəs  mövcud geopolitik və hərbi-siyasi  durum 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulması ərəfəsinə hansı cəhətlərdən bənzəyir?.. Düzdür, bu suala doğru cavab vermək üçün

mükəmməl tarixçi və siyasətçi araşdırmasına ehtiyac duyulur. Amma hər halda vətəndaş və yazar olaraq bizim də bu mövzuda fikirlərimizi ifadə etmək haqqımız və hüququmuz var…

 

*** ***

 

Əvvəla, Putin başda olmaqla Rusiya dövlətinin, onun ordusunun üstünlüyünü, gücünü qəbul etməyən bütün dünya xalqlarına, xüsusən də ətrafdakı postsovet qonşularına dişlərini qıcamış və artıq   2008-ci(Gürcüstan)  və 2014-cü illərdən bəri Ukraynaya qarşı növbəti daha qəddar, namərd və qəti addım atmış və ən azı keçmiş Sovet İttifaqı sərhədlərində imperiyanı bərpa etmək istəyi açıq-aydın görünən  Kreml rəhbərliyi, Dumanın neobolşevik düşüncəli deputatları  göz qabağındadır…

 

*** *** 

 

İkincisi, sakinlərinin  böyük əksəriyyəti slavyan mənşəli və xristian ukrayın, xeylisi də rus millətindən ibarət olan Ukraynanın namərd və məkrli işğalı, dinc uşaq, qadın, qocaların belə, açıq-aşkar qətliamı sübut edir ki, şəxsən Rusiya rəhbəri Putin milliyyətindən, dinindən asılı olmayaraq Rusiya dövlətindən daha çox, özünün diqtəsini, köləliyini qəbul etməyən hər kəsi irqçi, nasist, terrorçu siyahısına yazır və belə insanların qeyd-şərtsiz məhvi üçün əmr və göstərişlər verir… Bu baxımdan Azərbaycan xalqının da böyük əksəriyyətinin Rusiyanın “böyük qardaşlığı”nı deyil, Türkiyəni gerçək qardaşlığını qəbul və təbliğ etməsi, xüsusən də Qarabağdakı Rusiya hərbi birləşməsinə münasibəti Kreml diktatorunu cin atına mindirir. Putinin bu qəzəbi də özünü ötən illər əsasən Jirinovski, bu günlər isə Delyaqin, Şerin kimilərin dili ilə biruzə verməkdədir…

 

***

 

Üçüncüsü, 1920-ci ilin əvvəllərində, xüsusən  fevral-mart-aprel aylarında da bu ilki kimi bir çox keçmiş sovet respublikalarında, o cümlədən Ukrayna və Azərbaycanda da müstəqillik tərəfdarlarıyla bolşeviklər, yəni Rusiyaya birləşmək ideoloqları arasında güclü həm siyasi, həm də bəzən hərbi qarşıdurmalar, o cümlədən əsasən Rusiya və Ukrayna ərazilərində ağqvardiyaçılarla qırmızı qvardiyaçılar arasında  vətəndaş müharibəsi baş verirdi… Və məhz 1920-ci ilin əvvəllərindən postsovet məkanının əksər hissəsində qırmızılar, yəni bolşeviklər cəbhələrdə üstünlük təşkil etməyə başlayırdılar…  

 

*** ***

 

Bu günlər olduğu kimi, 1920-ci ilin əvvəllərində də nəinki bolşeviklərin, ağqvardiyaçı Denikinlərin də Azərbaycan dövlətinə qarşı müxtəlif səpkili hədə və ultimatumları səslənir, ölkəmizin daxili və xarici siyasətinə müdaxilələrə cəhdlər edilirdi. Məsələn, həmin il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı  Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətləndirərək rədd etmişdi…

 

*** ***

 

Və bu günümüz üçün ən maraqlı paralel 1920-ci ilin məhz mart ayının sonlarından Qarabağdakı erməni separatçı-terrorçu qüvvələrin fəallaşması, daha doğrusu Moskvadan gələn mesajlarla fəallaşdırılması nəticəsində Xalq Cümhuriyyəti hökumətinin öz yenicə formalaşan ordusunun əsas hissəsini həmin torpaqlarımızın azad edilməsi üçün göndərməsi və əsas döyüşlərin Ağdam, Əsgəran və Xocalı yaxınlığında getməsi faktıdır. Maraqlıdır ki,   Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimovun komandanlığıyla Milli Ordu hissələrinin martın 29-da Əsgəran üzərinə ilk hücumunda indiki Xocalı rayonuna aid Pirlər(“Xramort”) kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi ələ keçirilib və qüvvələr Xanabad kəndinə xeyli yaxınlaşıblar… Diqqət edirsizsə, düz 102 il sonra təxminən eyni günlərdə, yəni 2022-ci il martın 26-27-28-də Azərbaycan ordusu yenidən Daşbaşı yüksəkliyi və Fərrux kəndini azad edib, Pirlər və Xanabad kəndlərini isə azad etməyə yaxınlaşıblar… 

 

1920-ci ilin mart-aprelindəki növbəti əməliyyatlar nəticəsində Əsgəran və Xocalı azad olunsa da,  təəssüf ki, aprelin 27-28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuzun o vaxt kiçik bir qəsəbə olan, amma ermənilərlə yanaşı,  hələ XIX əsrin əvvəlindən çar Rusiyası ordu hissələri də yerləşən Xankəndini də azad etmək planları yarımçıq qaldı və sovet dövründə Əsgəranla bərabər, ətraf yüksəkliklər, o cümlədən Fərrux kəndi və eyniadlı dağ, həmçinin Daşbaşı yüksəkliyi ermənilərin nəzarətinə verildi…

 

*** ***

 

Beləliklə aydın olur ki, XX əsrin əvvəlində olduğu kimi, 1988-1994-cü il I Qarabağ müharibəsində, 2020-ci ilin 44 günlük savaşında və indi də Xankəndi, Xocalı, Əsgəran istiqaməti, o cümlədən Fərrux dağı Rusiyanın imperialist, şovinist rəhbərliyi üçün Azərbaycan qarşısında qoyulan “qırmızı xətt” olaraq qalır… Çünki XIX əsrin əvvəllərindən Qarabağ torpaqlarımıza səpdikləri hay toxumunun əsası bu ərazilərdə cücərib və onlardan törənən  separatizmin kökünün kəsilməsindən qorxur…

 

*** ***

 

Belə çıxır ki, 1920-ci ildə olduğu kimi, bu gün də Rusiya rəhbərliyinin yenidən Qarabağda  Xankəndi, Xocalı ətrafında başımızı qatıb yeni “müttəfiqlik bəyannaməsi”nin bəzi maddələri “əsasında” Bakıda müəyyən süni problemlər, etirazlar yaratmaqla şimal sərhədimizdən Azərbaycana təcavüz etməsi ehtimalı var?..

 

***

Yaxşı ki, vəziyyət 1920-ci ilin mart-aprelindən Azərbaycanın xeyrinə olmaqla xeyli dərəcədə fərqlidir. 

 

Əvvəla, o dövrdə dövlətimiz cəmi bir il 9 ay idi ki, müstəqillik qazanmış, Milli Ordumuzun formalaşması isə ondan da qısa müddətdə keçmişdi. Halbuki, bugünkü Azərbaycan dövləti artıq 30 ildən çoxdur ki, ən azı hüquqi müstəqilliyini bərpa edib və bir çox neqativ hallara rəğmən digər güc strukturları kimi, ordumuz da artıq son 6 ildə dünya orduları sırasında sözünü deyən və 44 günlük savaşda torpaqlarımızın əksər hissəsini azad edən orduya çevrilib… 

 

İkincisi, bir sıra problem və çatışmazlıqlar olsa da, iqtisadiyyatmız da 1920-ci ilin əvvəllərindəki iqtisadiyyatımızdan dəfələrlə güclü və sabitdir…   

 

Üçüncüsü, Rusiyanın Azərbaycanda, onun hakimiyyətində yetərincə agentura şəbəkəsi və “5-ci kalon”u olsa da, XX əsrin əvvəllərindən fərqli olaraq həmin qüvvələr yoxsul xalq kütlələrini cəlb edə biləcək heç bir ideoloji, inqilabi əsaslara malik deyil…

 

Dördüncüsü, 1920-ci illərdə həm hərbi-siyasi, həm də iqtisadi baxımdan xeyli zəif və  bolşevik Rusiyasının dəstəyinə belə ehtiyaclı durumda olan qardaş Türkiyə bu gün artıq regional və beynəlxalq siyasətdə öz sözünü deyən, II Qarabağ savaşında ən azı mənəvi-siyasi və texniki dəstəyi ilə Azərbaycanın arxasında durmuş və artıq Putin Rusiyasından nəinki asılı olan, bir sıra hallarda ona öz şərtlərini diqtə edə bilən bir dövlətə çevrilib.  Bundan əlavə,  havada qalan Moskva bəyannaməsi qarşılığında artıq hər iki ölkənin parlamentləri və dövlət başçıları tərəfindən təsdiqlənərək hüquqi qüvvəyə minmiş Şuşa  Bəyannaməsi var… Odur ki, Rusiyanın işğalçı siyasətindən törənəcək hadisələrin əleyhimizə çevriləcəyi təqdirdə rəsmi Ankaranın yenə də arxamızda və yanımızda olmağa kifayət qədər gücü və hərbi-siyasi rıçaqları var…

 

Beşincisi, Cümhuriyyət dövründən fərqli olaraq Azərbaycanın beynəlxalq siyasi-diplomatik dəstəyi də xeyli güclüdür. Bunu 2020-ci ilin 44 günlük müzəffər savaşı zamanı baş verənlər də sübut etdi. Yəni Türkiyədən əlavə, dost Pakistan, eləcə də İsrail və Böyük Britaniyanın da dəstəyi özünü göstərdi. Hesab etmək olar ki, bundan sonra düşəcəyimiz çətin durumlarda da adları çəkilən ölkələr, eləcə də ABŞ da, ola bilsin, Polşa, Almaniya və Yaponiya da ən azı, öz maraqları xatirinə birbaşa hərbi qüvvələri ilə olmasa belə, kəşfiyyat və texniki dəstəkləri, həmçinin iqtisadi və maliyyə rıçaqlarıyla yanımızda olarlar… 

 

*** ***

 

Bəs 1920-ci ilin 28 aprel “inqilabi” öncəsinə bənzər hansı amillər Azərbaycanın əleyhinədir? 

 

*** ***

 

Əvvəla, hazırkı Rusiyada heç bir birləşdirici ideoloji əsasları olmasa da, bəlkə də, Lenin-bolşevik Rusiyasından daha azğın, amansız, qatı şovinist, irqçi, nasist, işğalçı xislətli və ən qorxulusu,  on illərlə ölkənin sərvətlərini talayaraq hədsiz harınlamış bir putinist hakimiyyət mövcuddur. Yəni Lenin partiyası kimi bunlar da sanksiyalar altında əzilən Rusiya iqtisadiyyatının bərbad durumuna, xalqın əksər hissəsinin yoxsulluq səviyyəsində olmasına rəğmən öz ambisiyalarını həyata keçirmək üçün ölkədə milyonların acından ölməsi müqabilində belə, keçmiş sovet respublikaları və Şərqi Avropayla bağlı işğalçı iddialarını həyata keçirməyə hazırdır. Unutmayaq ki, 1920-ci ilin I Dünya savaşından imperiya olaraq çökmüş,  iqtisadi və siyasi baxımdan çox bərbad durumda çıxmış, xalqını aclıq, yoluxucu xəstəliklər bürümüş bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi və qarşısına qoyduğu məqsədə çatdı… Yəni bu gün Rusiyanın Qərbin sanksiyaları və Ukraynadakı müharibə xərcləri altında əzilməsinə arxayın qalıb boş dayanmaq olmaz… 

 

İkincisi, ötən yazılarımızda da vurğuladığımız kimi, başında “KQB” polkovnikinin durduğu Rusiyadakı “KQB”-“FSB” korrupsiya şəbəkəsinin əksər postsovet respublikalarında, o cümlədən Azərbaycanda da aktiv “filialı” və həmin şəbəkənin siyasi, hərbi,mədəni, elmi və s. sahələrdə dəstəkləyib bəslədiyi Moskvanın “5-ci kalon”u hələ də aktivdir… Ramiz Mehdiyevin, Nəcməddin Sadıkovun və s. vəzifələrdən çıxarılması və təzyiqlər altındakı kimi görünməsi bizləri aldatmasın… Azərbaycanda nicatını Rusiyada görən korrupsionerlər şəbəkəsinin, eləcə də orduda Tərtər qətliam və işgəncələrini törətmiş və Putin rejiminin çökəcəyi halda özlərini hansı sonluq gözlədiyini bilən qrupların və s. xeyli siyasi, iqtisadi, hərbi, parlament və s. dayaqları var… Və Putinin Ukraynada başı əməlli-başlı əzilmədiyi və ya digər yollarla hakimiyyətdən kənarlaşdırılmayacağı halda həmin dayaqlar içərisindən müstəqillik tərəfdarı olan  “milli kalon”a ultimatum verəcək yeni Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Ağamalıolular və Musabəyovlar meydana çıxa bilər… 

 

Üçüncüsü, 44 günlük savaşın nəticələrinə görə Qarabağa soxulmasına izn verdiyimiz Rusiya “sülhməramlı” hərbi kontingentinin torpaqlarımızdakı varlığı indiki durumda bizim üçün daha böyük təhlükələr yaradır… Həmin hərbi kontingentinin davranışlarının timsalında  Rusiya Müdafiə Nazirliyinin, ordusunun və bütövlükdə Putin rejiminin  Azərbaycana gerçək münasibəti də aşkardır… Bu, özünü xüsusən son günlər bütün rəsmi və qeyri-rəsmi xahiş və tələblərə rəğmən Rusiya MN-in “Dağlıq Qarabağ” və “Furux” “xəta”larına düzəliş etməməsində də göstərir…

 

*** ***

 

Ona da şübhə yoxdur ki, imkanı, gücü çatmasa belə, Ukrayna kimi böyük ərazili ölkənin işğalı kimi Putin və onu dəstəkləyən şovinist, imperialist əqidəlilərin ən azı, ürəyindən Azərbaycanı, xüsusən Leninin də 1918-1920-ci illərdə “nəyin bahasına olursa-olsun, işğal etməyi” qarşısına məqsəd qoyduğu neft Bakısını ələ keçirmək,  həm də Qərbə təzyiq üçün Ermənistan və  Qarabağdakı hayların dəstəyi ilə Tərtər və Tovuz istiqamətlərindən hücuma keçib Gəncə-Qazax dəhlizini, Bakı-Ceyhan kəmərini və s. kommunikasiyaları nəzarətə götürmək keçə bilər. Bəlkə də hazır planları çoxdan var…  

 

*** ***

 

Artıq işğal mesajları da həm Moskvadakı Jirinovski davamçılarının sərsəm saydığımız təhdid nitqləri vasitəsilə, həm də yerli xəyanətkarlar tərəfindən Bakı ərazilərinə “Z” rəmzlərinin həkk olunmasıyla da gəlir…

 

***  ***

 

Spiker Sahibə Qafarovanın texniki səhv kimi təqdim edilən “Azərbaycan SSR” xətası da istənilən halda Moskvadakı Putinistlər və yerli “5-ci kalon”çular tərəfindən bir mesaj kimi qəbul olundu…

 

*** ***

 

Əlbəttə, bu mövzunu daha çox genişləndirmək, müsbət və ya mənfi amilləri daha da çoxaltmaq olar… 

Amma Azərbaycanın müstəqil(!) dövlətinin yaxın gələcəyin gözlənilən təhlükələrindən sığortalanması üçün 3 əsas amilə dayanmasının vacibliyi şübhəsizdir:

 

-Allaha, Haqqa güvənmək və bütün fəaliyyətində buna uyğun davranmaq…

 

– Xalqa, harınlamış korrupsioner “elita”nın bəyənmədiyi yoxsul kütləyə arxalanmaq… Ən azı, 44 günlük savaşdakı qələbənin məhz yoxsul təbəqənin on minlərlə şəhid və qazi oğullarının hesabına əldə edildiyini heç kəs dana bilməz… Odur ki, milli(!), müstəqil(!) dövlətin başında duranlar oliqarxların korrupsiya və özbaşınalıqları hesabına xalqla dövlət arasında qırılmaqda olan, uçurum təhlükəsi yarada, “belə müstəqil yaşamaqdansa, Sovet hökuməti qayıdaydı” arzularını oyada və 2022-ci ilin yanvarındakı Qazaxıstan üsyanları ssenarisinə rəvac verərək Rusiya işğalına şərait yarada biləcək bağları təcili bərkitməlidir… 

 

– Türkiyə və Pakistan kimi qardaş və dost ölkələrə dayanmaq. Və  təhlükənin  reallaşmaq ehtimalı artıq güclü olduğu məqamda Şuşa Bəyannaməsinə əsaslanaraq Türkiyə qoşunlarını Azərbaycana dəvət etmək. Bunun hərbi-siyasi baxımdan bizim ən optimal və yeganə qarantımız olacağına şübhə yoxdur…

 

*** 

 

Bütün hallarda sonda həm Ukraynada, həm də Azərbaycanda məhz biz arzu etdiyimiz yox, Allahın məsləhət bilib təqdir etdiyi baş verəcək. Rusiya və Ukraynada bu günə kimi baş verənlər də Allahın təqdir etdikləridir. İnsan, bəndə olaraq bizim isə borcumuz düşdüyümüz situasiyanın ağırlığına, mürəkkəbliyinə, çıxılmazlığına rəğmən daim haqqın yanında olmaq, ədalətlini, məzlumu dəstəkləmək, haqqı söyləmək və müdafiə etməkdir… Bir sözlə, hər birimiz şəhidliyə belə, hazır olmalıyıq…

 

Sultan Laçın

  

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button