“Vahid Əhmədov Azərbaycan tarixində bir şəxsiyyət kimi öz yerini çoxdan tutub”

Rafiq Əliyev: “O, cəsarətli siyasi xadim, dəyərli elm adamıdır”

 

İlham İsmayıl: “Millət vəkili olmaq çətin deyil, əsas  Vahid müəllim kimi “millətin vəkili” statusunu qazanmaqdır”

 

Qulu Məhərrəmli: “Vahid Əhmədovda qiymətləndirdiyim ən mühüm keyfiyyət onun daxili azadlığıdır”

 

Bu gün millət vəkili Vahid Əhmədovun 75 illik yubileyidir.

 

Bu münasibətlə Moderator.az-a açıqlama verən professor Rafiq Əliyev Vahid Əhmədovu təbrik edib, onunla bağlı düşüncələrini dilə gətirib:

 

“Şəxsiyyətinə, ləyaqətinə, insanlığına dərin hörmət bəslədiyim Vahid Əhmədov Azərbaycan xalqının yetişdirdiyi ən ləyaqətli ictimai-siyasi xadimlərdən biridir. Vahid müəllim fəhləlikdən tutmuş hökumət başçılarından biri statusuna kimi böyük və şərəfli yol keçib. Bu yolda, həmin zirvəyə qalxmaqda onun özü-özünə kömək edib. O, öz gücü, istedadı, çalışqanlığı ilə bu zirvəyə yüksəlib. Ümumiyyətlə, Vahid müəllimi xarakterizə etsək görərik ki, onun bütün həyatı və fəaliyyəti çoxşaxəlidir.  

 

Vahid Əhmədov siyasi xadim ki, parlamentdə hər zaman cəsarətlə öz sözünü deyib. O, həm də  “İstiqlal Aktı”nın hazırlanmasında fəal iştirak edən dəyərli bir şəxsiyyətdir.

 

O, ictimai xadim kimi həmişə cəmiyyətin ağrılarını ön plana çəkib.

 

Bir ziyalı kimi də Vahid müəllim cəmiyyətin ağrılarına diqqət çəkib və bəzən bu ağrıların müalicə yollarını da göstərib.

 

Eyni zamanda, Vahid müəllimi bir elm adamı kimi tanıyıram. Onun xeyli sayda elmi məqalələri və kitabları var. Vahid Əhmədov Azərbaycan tarixində bir şəxsiyyət kimi öz yerini tutub və xalqın yaddaşında da  hər zaman bu cür qalacaqdır.

 

Təltif münasibətilə də Vahid müəllimi təbrik edir, ona cansağlığı, uzun ömür, ailə rahatlığı və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram”.

 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl saytımıza açıqlamasında Vahid Əhmədovu “millətin vəkili” adlandırdı:

 

“Bir neçə il əvvəl tanıdığım bir şəxs dövlət idarələrində rastlaşdığı bürokratiyadan şikayətlənirdi. Problemini həll etmək üçün Milli Məclisə də üz tutacağını dedi. Öz rayonunun deputatına müraciət edəcəyini öyrənmək istəyəndə, o, qətiyyətlə “yox” deyib “ Vahid Əhmədova müraciət edəcəyəm” dedi. Adam Vahid müəllimi şəxsən tanımırdı, amma üz tutacağı millət vəkili kimi onu görürdü.

 

Millət vəkili olmaq çətin deyil, amma “millətin vəkili” olmaq statusunu qazanmağı, Vahid müəllim əməli, işi, şəxsiyyəti ilə təsdiq edib və Azərbaycan vətəndaşları da buna şahiddir. Cəmiyyəti narahat edən məsələlərin, xüsusilə müharibədən əvvəl Qarabağ probleminin Milli Məclis kürsüsündən ən çox Vahid Əhmədov tərəfindən səsləndirildiyinin dəfələrlə şahidi olmuşuq. Müharibə günlərində Vahid müəllimin necə həyəcan keçirdiyini, Tərtərdə olduğumu bilib az qala hər gün vəziyyət haqqında maraqlandığını da unutmamışam. Məlum Quba hadisələri zamanı isə Vahid Əhmədovun xalq arasında olan nüfuzu, şəxsi hörməti, apardığı danışıqlarla baş verənləri qanlı məcradan uzaqlaşdırması isə bir tarixi hadisədir. Güc tətbiq etməklə də hadisənin qarşısını almaq olardı, amma Vahid Əhmədovun xalq arasında şəxsi nüfuzu onun tərəflərə müraciəti ilə böyük bir problem həll olundu.

 

Vahid müəllim məsul vəzifələrdə çalışıb, qabiliyyəti, bacarığı ilə xalqa, dövlətə xidmət edib, amma ən əsası odur ki, bütün bu keşməkeşli dövrlərdə şərəf və ləyaqətini hər zaman uca tutub və elə ona görə də “millətin vəkili” statusunu qazanıb. Bu gün hörmətli Vahid Əhmədovun 75 yaşı tamam olur. Yubiley münasibətilə onu təbrik edənlər çoxdur, amma xalqın qəlbində olan hörmət və məhəbbət ən böyük təbrikdir. Mən də bu təbriklərə qoşulur, Vahid müəllimə can sağlığı arzulayıram”.

 

Professor Qulu Məhərrəmli Vahid Əhmədovu Azərbaycan cəmiyyətinin ən işıqlı simalarından biri kimi xarakterizə etdi:

 

“Millət vəkili Vahid Əhmədov cəmiyyətdə göz qabağında olan, bütün mürəkkəb situasiyalarda öz şəxsiyyətini, mənliyini qoruyub saxlayan, həqiqəti söylkəməkdən çəkinməyən bir şəxsiyyədir. Təbii ki, buna görə də cəmiyyətin, insanların böyük əksəriyyətinin rəğbətini qazanıb. O, yüksək səviyyəli mütəxəssisdir. İqtisadiyyatı gözəl bilir. İdarəçiliklə bağlı zəngin təcrübəsi var. Yüksək dövlət vəzifələrində işləyib. Millət vəkili kimi də ən layiqli insanlardan biridir. Onun insanlarla münasibəti, seçicilərə yanaşması, Azərbaycanın problemlərini həsaslıqla duyması, ifadə etməsi hamıya məlumdur. Ona görə də bu cür adamlar hörmətə layiqdir.

 

Vahid Əhmədovda qiymətləndirdiyim ən mühüm keyfiyyət onun daxili azadlığıdır. O, sadəliyi, təvazökarlığı ilə diqqət əkidr. Onunla hər hansı bir problemi müzakirə etmək çox rahatdır. Ölkənin elə bir problemi yoxdur ki, Vahid Əhmədov həmin problemlə bağlı öz prinsipial mövqeyini bildirməsin. Milli Məclisdə  bu cür şəxsiyyətlərin olması xüsusilə vacibdir. Təəssüf ki, cəmiyyətimizdə belə işıqlı insanların sayı azdır.

 

Bu gün Vahid müəllimin yubileyidir. Mən bu münasibətlə onu ürəkdən təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Öz mürəkkəb dövrünü yaşayan Azərbaycan kimi ölkədə Vahid müəllim kimi şəxsiyyətlərin, millət vəkillərinin olması cəmiyyətin diri qalması deməkdir”.

 

Seymur ƏLİYEV

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button