“Reallığa uyğun gəlsin deyə bunu soyqırım, ya da başqa dəhşətli sözlə adlandırmaq istəyirik”

Buçada öldürülən mülki şəxslərin foto və videoları insanı şoka salır. Hüquq müdafiəçiləri sonra onları Beynəlxalq Cinayət Məhkəməsinə vermək üçün Rusiya ordusunun Ukraynada törətdiyi cinayətlərə dair sübutlar toplayırlar.

Moderator.az xəbər verir ki, Ukrayna Amnesty İnternational təşkilatının direktoru Oksana Pokalçuk Almaniyanın “Deutsche Welle” (DW) nəşrinə müsahibəsində hüquq müdafiəçilərinin Ukraynada Rusiya qoşunlarının hərbi cinayətlərinə dair sübutları necə topladığı və hansı sübutların artıq sənədləşdirildiyi, bunun necə edildiyi, nəyin artıq təsdiqləndiyi və nəyin sübut olunduğu barədə danışıb.

– Xanım Pokalçuk, Amnesty İnternational təşkilatı Kiyev vilayətinin İrpen, Qostomel və Buça şəhərlərinin Rusiya işğalından azad edilməsindən sonra üzə çıxan dəhşətli cinayətlərlə bağlı araşdırmaya başlayıb? Təşkilatınız bu cinayətləri necə sənədləşdirir?

– Biz Rusiyanın tammiqyaslı işğalının ilk həftəsində işğal altındakı həyat haqqında məlumat toplamaq problemi üzərində işləməyə başladıq. Kiyev vilayəti işğal olunmuş ərazilərdə məlumat topladığımız və cinayətləri sənədləşdirdiyimiz ərazilərdən biridir. Tez hesabat vermək üçün müəyyən problemlər var: müəyyən ardıcıllıq yaratmaq üçün kifayət qədər material toplamaq, oxşar davranış nümunələrini görmək, xüsusən də mülki əhaliyə münasibətdə. İndi mövcud foto və videolar məlumat əldə etmək imkanını əhəmiyyətli dərəcədə yaxşılaşdırır, lakin hələ də ölənlərin ailələri ilə daha çox müsahibələrə, tibbi ekspertizalarin nəticələrinə ehtiyacımız var.

Bizim məlumatların toplanması metodologiyamız Beynəlxalq Cinayət Məhkəməsinin metodologiyası ilə eynidir – belə ki, gələcəkdə məhkəmə hazır sübutlar paketini əldə edə bilsin və qərar verməkdə bunlardan əsas kimi istifadə edə bilsin. Hardasa aprelin 20-dən sonra biz, xüsusilə Kiyev vilayətindəki hərbi cinayətlərin nəticələrini sübut edən böyük insan haqları hesabatı ilə çıxış edəcəyik. Başa düşülməlidir ki, siyasətçilərin cinayətlərdən danışması başqa, hüquqşünasların, vəkillərin bu cinayətləri sübut etməsi isə başqadır. Məlumatların toplanması da çox vaxt aparır.

– Ukrayna siyasətçiləri Buçada baş verənləri soyqırım adlandırırlar. Siz hüquq müdafiəçiləri bu cinayətləri necə xarakterizə edirsiniz?

Mən vəziyyətin emosional tərəfini başa düşürəm. Biz reallığa uyğun gəlsin deyə bunu soyqırım, yaxud başqa dəhşətli sözlə adlandırmaq istəyirik. Amma hüquqi baxımdan nəyisə soyqırım adlandırmaq üçün daha mürəkkəb proseslər mövcuddur. İndi biz daha çox məlumat toplamalıyıq ki, müvafiq beynəlxalq ekspert qurumları törədilən cinayətləri soyqırım kimi tanısın.

– Əlinizdə olan məlumatlar toplusundan Rusiya ordusunun Ukraynadakı hansı cinayətlərini artıq müəyyən etmək olar?

– Bu, qadağan olunmuş silahların, xüsusən də kassetli döyüş sursatlarının istifadəsidir. Biz Xarkov və Sumada müəyyən etdik ki, Rusiya mülki əhalinin olduğu yerlərdə belə silahlardan istifadə edir. Bundan əlavə, Rusiya mühasirəyə aldığı şəhərlərdə dinc əhalinin tükənməsi taktikasından istifadə edir – ərzaq, su, elektrik enerjisi, istilik təchizatını bilərəkdən əngəlləyir. Sonra insanları taqətdən salaraq şəhəri humanitar fəlakətlə üz-üzə qoyur. Söhbət artıq yaralıların və ya ölənlərin sayından deyil, insanların yaşaya bilməyəcək səviyyəyə çatdırılmasından gedir. Bu yeni bir şey deyil. Rusiya iştirak etdiyi digər müharibələrdə də belə taktikalardan istifadə edib. Əldə etdiyimiz cinayətlərin digər növü isə humanitar dəhlizlərin bağlanması, avtobusların atəşə tutulması, mühasirəyə alınmış şəhərləri tərk etməyə cəhd edən dinc sakinlərin öldürülməsi olub.

– Təşkilatınız Ukraynada rus əsgərləri tərəfindən törədilən zorlama halları ilə bağlı sübutlar əldə edib?

– Belə hallar var, lakin zərərçəkənlərin təhlükəsizliyi baxımından bu barədə məlumatı açıqlamaq istəmirik. Biz hazırda məlumat toplayırıq və sensasiyalar arxasınca getmirik, çünki qurbanların həyatı və sağlamlığı bizim üçün daha vacibdir.

– Ukraynanın rəsmi orqanlarının nümayəndələrindən rus ordusu tərəfindən Mariupoldan və Ukraynanın digər şəhərlərindən ukraynalıların Rusiya ərazisinə zorla deportasiyası ilə bağlı çoxlu məlumatlar var idi. Belə faktlardan xəbəriniz var? Onları təsdiqləyə bilərsiniz?

– Bu mövzuda müəyyən sayda müsahibələrimiz var, lakin informasiya mediada gördüklərimizlə tam eyni deyil. Çünki ünsiyyət qura bildiyimiz insanlar Ukraynaya getmək imkanı olmayanlardır. Onlara yalnız bir istiqamətə getməyə icazə verilmişdir. Bu, humanitar hüquq normalarının birbaşa pozulmasıdır. Belə etmək olmaz. Getmək istədikləri istiqaməti seçmək imkanı verilməlidir. Amma indiyə qədər hüquqi yox, yalnız insani mənada zorla çıxarılan insanlarla danışmaq imkanımız olmayıb. Bəli, onlara hara getmək seçimi verilməyib və bu, bəzi media müsahibələrində təqdim olunduğu kimi deyil. Ona görə də biz hələ də bu məlumatı yoxlayırıq.

– Ukraynada rusiyalı hərbi əsirlərin hüquqlarının pozulması barədə sənədləriniz varmı?

– İndi bizim prioritetimiz vətəndaş hüquqlarının pozulması hallarının sənədləşdirilməsi və yoxlanılmasıdır. Əgər bizdə belə məlumatlar varsa, əlbəttə, o zaman bu pozuntular barədə danışacağıq. Konkret olaraq hərbi əsirlərlə məşğul olan hüquq müdafiə təşkilatları var, amma bizim təşkilat əsasən mülki şəxslərlə məşğul olur.

– Amnesty İnternational təşkilatında cinayətlərə dair məlumat və sübutları kim və necə toplayır? Bu, əsasən foto və videolarınn uzaqdan öyrənilməsidir? Hüquq müdafiəçiləri elə yerindəcə işləyirlərmi?

– Biz bütün mövcud üsullardan istifadə edirik. Bütün foto və videoları yoxlayan xüsusi laboratoriyamız var. Bunlar xüsusi biliyə və xüsusi avadanlıqlara malik yüksək peşəkar insanlardır ki, onlar təkcə fotonun nə vaxt və kim tərəfindən çəkildiyini deyil, həm də onların doğruluğunu, necə çəkildiyini, nəyin çəkildiyini və s. yoxlayırlar Biz həmçinin yerlərdə işləyən  fotoqraflardan fotoşəkillər alırıq və ya sadəcə özləri bizə təqdim edirlər. Həmçinin, bunlar cinayət yerində və ya yaxınlıqda olan insanların telefonlarından və ya digər texniki avadanlıqlarından götürülən foto və videolardır.

Açığı, əgər edam olubsa, edamın foto və ya videosunu tapmaq çətindir. Amma biz həmin gün həmin şəhərdən, həmin ərazidən olan insanların şəklini əldə edə bilərik. Sonradan isə havanın necə olduğunu, günün hansı  vaxtında baş verdiyini  öyrənərək və bir sıra digər dolayı sübutlarla hadisəni  aydınlaşdıra bilərik. Tədqiqatçılarımız da Ukraynada yerləşir və birbaşa zərərçəkmiş ailələrlə işləyirlər.

Məsələn, budundan çıxarılan sursatın bir parçasını bizə təqdim edən zərərçəkmişdən müsahibə götürərək Rusiyanın qadağan olunmuş kassetli sursatlardan istifadə etdiyini sübut edə bilmişik. Bu fraqment əsasında onun nə ilə yaralandığını, hansı növ silah və sursatdan istifadə edildiyini müəyyən etmişik. Digər hərbi münaqişələr zamanı fəaliyyət göstərmiş beynəlxalq hüquqşünaslar qrupu da bizimlə əməfdaşlıq edir. Onlar hazırda Ukraynada zərərçəkmişlər və şahidlərdən müsahibə götürürlər.

– Cinayətlərin sənədləşdirilməsi və yoxlanılması zamanı hansı çətinliklərlə üzləşirsiniz?

– Ən çətini itkiləri sübut etməkdir. Axı bu, çoxlu miqdarda toplanmış material tələb edir. Buçada hamı bağlanmış əllər, güllələnmiş başlar görüb. Ancaq sonra sual yaranır: bu nə vaxt baş verdi? Bu insanın kim olduğunu yoxlamaq, tibbi ekspertizanın nəticəsini əldə etmək, yaxınları ilə danışıqlar aparmaq və bütün bunları analizə daxil etmək lazımdır. Fotodan da gördüyümüz kimi, belə hadisələr hələ çox olacaq. İnsanların kədəri, faciəsi var, onlar analiz hayında deyillər. Digər problem isə tibbi sənədlərdir. Məhkəmə tibbi ekspertiza orqanları indi təsvir və təhlil tələb edən cəsədlərlə doludur. Hər kəs nəticəni mümkün qədər tez əldə etmək istəyir və hazırda bu, çox çətindir. Hüquq müdafiəçiləri üçün bu, ayların işidir: beynəlxalq cinayət məhkəməsinin işinin əsasını təşkil edəcək keyfiyyətli iş görmək.

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button