“Sabunçu İcra Hakimiyyətindən kimsə qapımı açmır”

“Bu dəfə Əlizamanın ildönümündə məni heç axtaran da olmadı. Lənkərana, kəndimiz Cilə gedib orda kənd orta məktəbinin şagird və müəllim kollektiviylə Əlizamanın məzarı başında tədbir keçirdik. Ordan da Bakıya qayıtdım. Burda yaşadığım Zabrat qəsəbəsində isə məclis keçirdim”.

 

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Əlizaman İslamovun anası Hürnisə xanım deyib. Şəhid anası Sabunçu rayon İcra Hakimiyyətinin laqeyd münasibətindən də gileylənib:

“Bu dəqiqə qonşularım da başsağlığı vermək üçün bizə gəliblər. Əlizamanın il mərasiminin keçirilməsini və məzar daşının qoyulmasını Sabunçu rayon İcra Hakimiyyəti edib və Lənkəran İcra Hakimiyyəti də ona kömək edib. Bunları itirmirəm, amma il mərasimindən sonra heç kim qapımı açmır. Tək anayam. Gözümün ağı-qarası bir oğlum var idi, o da şəhid oldu.

 

Əlizamanın atasıgil məni yola vermədilər və biz ayrıldıq. Ondan sonra oğlumu tək böyütdüm. Uşaq şəhid olanda da qayınlarım yaxınlarının yanında dəfn etməyə qoymadılar. Ona görə də aparıb Lənkəranda doğulduğum Cil kəndində dəfn etdik. Amma hansı ki, İkinci Fəxri Xiyabanda da dəfn edə bilərdilər. Mən indi hər dəfə rayona gedib-gəlirəm. Yol uzaqdı, hər şeyin də xərcini özüm çəkirəm. Atası isə bir dəfə də olsun oğlunun məzarını ziyarət etməyib. 

 

Bircə istəyim odur ki, Zabratda 307 saylı orta məktəbə Əlizamanın adını versinlər. Hansı bu məktəbin kollektivi uşağımı yad edir. Hansı ki, Əlizaman 75 saylı orta məktəbdə oxuyub”. 

Qeyd edək ki, şəhid Əlizaman İslamov ailənin tək övladı olub. O, aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib. 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button