“Şuşada deputat kimi 2 saat çalışmaq da böyük fəxarət və məsuliyyətdir…”-Flora Qasımova

Sabiq millət vəkili və şəhid Milli Qəhrəman xanımı Milli Məclisin Şuşadakı iclasına qatılmaları münasibətilə keçmiş həmkarlarını təbrik etdi…

 

“İnşallah, tezliklə azad Xankəndimizdə də belə bir iclasda iştirakınızın sorağını eşidəyəcəyimizə böyük ümidimiz var…”

 

Xəbər verdiyimiz kimi, bu gün – aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşa şəhərində keçiriləcək.

 

Sabiq millət vəkili, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı  Flora Qasımova Moderator.az vasitəsilə keçmiş həmkarlarını Azərbaycan parlamentinin Şuşada keçiriləcək ilk iclasına qatılmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

 

“Ali Baş Komandanın rəhbərliyi, şəhid və qazilərimizin canı-qanı sayəsində 2020-ci il noyabrın 8-də azad edilmiş Şuşa şəhərində  Milli Məclisin komitələrinin birgə iclasının keçirilməsi xəbəri həm bir vətəndaş, həm də keçmiş parlament üzvü olaraq məni çox sevindirdi və qürurlandırdı. Qafqazın konservatoriyası adlanan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş bu təkrarsız gözəlliyə malik qədim şəhərimizdə deputat kimi 2-3 saat çalışmaq da böyük fəxarət və məsuliyyətdir… 

 

28 illik işğaldan sonra, nəhayət, müstəqil Azərbaycan parlamentinin də azad Şuşada rəsmi tədbir keçirməsi bu şəhərin əsasını qoymuş Qarabağ xanı Pənahəli xanın, onun havası, suyu, gözəlliyi sayəsində dahilik zirvəsini fəth etmiş Üzeyir bəyin, Bülbülün, onun uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu bir daha şad edəcək… 

 

Dəyərli keçmiş həmkarlarım, hörmətli parlament üzvləri, sizin hər birinizi Milli Məclisimizin belə bir tarixi iclasında iştirakınız münasibətilə təbrik edir, Şuşada keçirəcəyiniz iclasda xalqımızın rifahı naminə qəbul ediləcək yeni qanunların qəbuluna vəsilə olmağınızı arzulayır və yeni uğurlar diləyirəm. İnşallah, tezliklə azad  Xankəndimizdə də belə bir iclasda iştirakınızın sorağını eşidəyəcəyimizə böyük ümidimiz var” – deyə keçmiş parlament üzvü bildirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button