“Atam hər zaman deyirdi ki, bu sənətin səhnəarxası qaranlıqdır, orda batıb, yox olarsan”

““Dəli Kür” filmindəki Mələk obrazı məni hamıya sevdirib, böyük uğur gətirdi. Bu rola çəkilməyim məni çoxdan xalq artisti edib. Elə xalq artistləri var ki, heç kim onları tanımır. Amma mən hər zaman tamaşaçılarımdan, izləyicilərimdən böyük sevgi və hörmət görmüşəm. Bu sevginin kökündə də mənim onlara hörmətim dayanır”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Zemfira Sadıqova bildirib. O daha sonra əlavə edib.

 

“Mən bu sənətə həvəslənəndə atam hər zaman mənə deyirdi ki, bu sənətin səhnəarxası çox ağırdır, qaranlıqdır, orda batıb, yox olarsan. O vaxta kimi atama inanmırdım. Gəldim və gördüm! O bataqlıqda heç vaxt batmadım, düz və təmiz oldum. Heç kimin yanında başı aşağı olmadığım üçün çox fərəhliyəm. Bu sahədə həqiqətən də çox çətinliklər görmüşəm. Fotosınaqlardan uğurla keçsəm də məni sonradan filmə çəkmirdilər. Bunun hamısını da edən Kinostudiyanın o vaxtkı direktoru Cəmil Əlibəyov idi. Hətta o vaxt məni işdən də çıxarmaq istəyirdi. Yusif rəhmətə getmişdi, iki uşaqla tək qalmışdım. Nədənsə daha sonra mən işdən çıxmadım” deyə aktrisa bildirib.

Zemfira Sadıqova bildirib ki, ona hər zaman qərəzli münasibət olub.

 

“ “Bağ mövsümü” filmində bir çox səhnələri rejissor Tofiq Tağızadə filmə daxil etmədi. Əslində mənim bu filmdə çəkiləcəyim çoxdan bəlli idi, sadəcə fasilə vermişdilər. Mənə dedilər ki, rejissor səni çəkmək istəmir, öz namizədi olan bir aktrisa var, onun üçün artıq geyim seçir. Özümü ələ alıb, birbaşa getdim kinostudiyanın o vaxtkı direktoru Eyvaz Borçalının yanına. İndi filmlərdə kimi gəldi çəkirlər, amma o vaxt belə bir qayda-qanun vardı ki, ştatda işləyən aktrisa dəvət olunan aktrisadan zəif də oynasa gərək ştatdakı aktrisa çəkilsin. Mən də bu sözləri Eyvaz Borçalıya dedim. Sağ olsun məni başa düşdü. Tofiq Tağızadə Eyvaz müəllimə Ağababa roluna Həsən Məmmədovu çəkmək istədiyini deyəndə Eyvaz müəllim demişdi ki, Ağabacı roluna da Zemfiranı çək. Tofiq Tağızadə məcbur olub məni çəkmişdi. Bu film dram yüklüdür, amma rejissor onu başqa bir filmə döndərdi. Bir çox səhnələrimi kəsib, digər obrazların səhnələrini böyütmüşdü” deyə sənətkar bildirib.

Zemfira Sadıqova “Dəli Kür” filmindəki başına gələn hadisələri də bizimlə bölüşüb.

“Filmdəki köç səhnəsində atın belinə minməliydim. Dedilər, atın yalından yapış, ayağını üzəngiyə qoy və otur üstündə. Ata yazığım gəldi, əlimi buraxdım, o saat da yıxıldım atın ayaqlarının altına. Yaxşı ki, at tərpənmədi. Xəsarətsiz qurtuldum, amma çox qorxdum. Ya da çayda paltar yuduğum səhnə. Mayın əvvəli idi. Su hələ isinməmişdi. Bütün günü mən o suyun içində oldum, həmin səhnə çəkilib qurtarana qədər. Yaxşı ki, Yusif yanımdaydı. Çəkilişdən sonra mənə qulluq etdi, zoğallı çay verdi və mən sağalıb, səhəri gün yenidən çəkilişə qatıldım” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button