“Evlənmək xatirinə, baxın, ərə getdim, uşağım oldu deyə ailə həyatı qurmaq istəmirəm…”

Tanınmış və sevilən aktrisa Səbinə Məmmədzadə Moderator.az-ın suallarını cavablandırıb.

 

– Səbinə xanım, sizi sonuncu dəfə mart ayının 27-də “Qağayı” tamaşasında izlədim. Həqiqətən də obrazınızı çox gözəl oynayırdınız. İstərdim bu tamaşanın ərsəyə gəlməsindən danışasınız.

– Öncə xoş sözləriniz üçün sizə təşəkkür edirəm. “Çexovun “Qağayı” əsərinin məşqlərinə hələ iki il əvvəl pandemiyanın tüğyan etdiyi vaxtda başlamışdıq. Ümidimiz var idi ki, teatr açılacaq. Tamaşanın quruluşcu rejissoru əməkdar artist Nicat Kazımovdur. Bu tamaşada mən Nina obrazına həyat verdim və səhnə əsəri 27 mart Beynəlxalq Teatr Günündə nümayiş olundu. Teatrı tamaşaçılarsız təsəvvür etmək çətindir. Tamaşaçı bir şeyə sevgi ilə baxırsa yaxşı görür, pis gözlə baxırsa pis də görəcək. Məşq prossesində tamamilə obrazımın təsirinə düşmüşdüm, hələ də o təsirdəyəm (gülür). Teatrı çox sevirəm, həddindən artıq çox! Aktyor da, rejissor da inkişaf etməlidir. Özümə söz vermişəm ki, teatra aid nə varsa hamısına yiyələnib, yaxşı teatr adamı olub, teatra xidmət edəcəm.

 

– Teatrda çalışmağı sizə kim qadağan edə bilər? 

 

– Belə bir insan yoxdur. Yəqin ki, elə bir adam mənim həyatıma gəlməz! Amma yenə də öncədən danışmaq olmaz. Çünki həyatın işini bilmək olmur. Bəlkə elə bir sevgi ola bilər ki, həqiqətən də mən o enerjini, xoşbəxtliyi o adamda görə bilərəm. Bu zaman nəinki mən bütün enerjimi səhnədə qoyaram, bəlkə də teatra başqa cür xidmət edərəm. Amma belə bir sevgim hələ ki, yoxdur. Əgər həmin insanla eyni sənətdə olacağıqsa da, o sənətdə məndən üstün, ağıllı biri olmalıdır. Elə bir insan mənə heç vaxt deyə bilməz ki, sənəti at. Mən belə düşünürəm. Mən komplekssiz aktrisayam, məni qısqana bilər, narahat ola bilər. Amma “sənəti at” deyə biləcək insan mənim həyatımda yəqin ki, olmaz.

 

– Erotik obrazlara dəvət gəlsə çəkilərsiniz?

– Erotikanı qətiyyən sevmirəm. Erotika əxlaqdan kənar, hər şeyi açıb göstərməkdir. Hər şey estetik gözəl görünməlidir. İstər kinoda, istərsə də teatrda. Xüsusilə də tamaşada. Orada əxlaqdan kənar, iyrənc nəsə göstərmərəm.

 

– Müsahibələrinizin birində bildirmisiniz ki, içimdə böyük bir boşluq, sevgisizlik var. O boşluq dolub yoxsa?

 

– Bu sözü mən çoxdan demişdim. O boşluğu istər ailəmin, istər sənət, istərsə də tamaşaçılarımın sevgisi ilə doldurmuşam. Mən istəyirəm insanlar üçün nəsə edim ki, onların üzü gülsün. Hal-hazırda teatral studiyada işləyirəm, orada sənət üçün, cəmiyyət üçün sağlam uşaqlar yetişdiririk. İçimdəki o sevgi boşluğunu həm də uşaqlarla doldurmuşam. Vaxt gələcək, onlardan ən azı 2-si, 3-ü böyük aktyor olacaqlar. O ki, qaldı sevgisizliyə… İnsan hər dəfə içindən nəsə bir hiss keçirəndə elə bilir ki, bu həqiqətən də sevgidir. Amma bir balaca fasilə, boşluq olan kimi anlayırsan ki, yox, əsl sevgi bu deyil. Mən özümə qarşı çox eqoistəm, maksimum diqqət və qayğı sevən insanam. Çünki özüm də insanlara sevgi və qayğı göstərirəm. Evlənmək xatirinə, baxın ərə getdim, uşağım oldu deyə ailə həyatı qurmaq istəmirəm. İstəyirəm ki, sağlam sevgi və qarşılıqlı hörmət çərçivəsində hər şey baş tutsun. Əgər bu olacaqsa o sevgisizlik yox olacaq. Olmayacaqsa, deməli Dostoyevski demişkən, yar məsələsi hamısı uydurmadır, heç kimin yarı yoxdur.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button