“Ən böyük günahım namaz qılmamağımdır, namaz qılandan sonra içki olan toya getmərəm”

“Hal-hazırda Ramazan ayını yaşayırıq. Bilirsiniz ki, bu ayda toylar məhdud sayda olur. Mən işimi elə qurmuşam ki, gündəlik yeməyimiz də restoranımızdan çıxır. 3-4 ildir ki, müntəzəm olaraq oruc tuturam, həmçinin də bu il. Bu gün özüm də 15 nəfərlik şəxsə iftar süfrəsi vermişəm. Yalnız iki növ yemək hazırlatdırdım. Amma bəzi hallarda görürsən ki, süfrələri aşıb-daşır və götürüb onu paylaşırlar. Bəlkə kimsə aylardır evində ət yemir?! Bu dəqiqə elə bir zəmanədə yaşayırıq ki, 10 nəfərdən 6-sı acdır. Belə hallar məndən uzaqdır”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O daha sonra əlavə edib.

“Çox istərdim ki, insanlar bir-birinə qarşı səmimi, mehriban olsunlar. Bu dünyanın malı, bu dünyada da qalacaq. Heç kim o biri dünyaya nəsə aparmır. Kəfənin də cibi yoxdur! Ölüm gözlə-qaş arasındadır, 1 saniyə sonra nə olacaqsa bunu heç kim bilmir. Bəzən düşünürəm ki, Allah təala bəlkə də əbədi həyatı bizə bu dünyada bəxş edib, amma biz bilmirik. Hamı tərəzidə ağır gəlməyə çalışır. Həyat imtahanından bəziləri keçə bilmir. Elə hey deyirlər ki, mən üstün olum. İnsanların hamısı bərabər, eyni olmalıdır. Səhvsiz insan yoxdur. Əlbəttə ki, bu dediklərim həm də mənə aiddir. Mənim ən böyük səhvim namaz qılmamağımdır. Amma yəqin ki, qurban olduğum nə vaxtsa izn versə, namaz qılmağa başlayacağam. Namaz qılandan sonra içki məclislərinə getməyəcəm, müəyyən toylardan da imtina edəcəyəm. Təbii ki, seçəcəm ki, hansı toya gedim?! Elə öz işimin başında olum, biznesimi inkişaf etdirim bu mənə bəsdir. Şükür Allaha, bir oğlum var, onu da evləndirmişəm, evi, maşını, özünə çatacaq qədər imkanı var. Özümü oda-közə vurmayacam” deyə aşıq bildirib. 

Aşıq Zülfiyyə oğlundan da danışıb.

 

“Oğlumun idman sahəsində olmağını istəyirdim, özü isə polis olmaq arzusu ilə yaşayırdı. Daha sonra incəsənət sahəsini seçdi. Mən də heç bir söz demədim. Amma istəyirdi ki, polislik üzrə təhsil alsın, artıq gec idi. Babək oğlunun idmançı olmağını istəyir. Bunu artıq zaman göstərəcək” deyə sənətçi bildirib.

 

“Yaxşı qaynana olmağın xüsusi düsturu varmı?” sualına isə aşıq belə cavab verib.

“Belə bir deyim var, “gəlin gəlin olmaz, gəlinin düşdüyü yer gəlin olar”. Bu söz boşuna deyilməyib. Hamımız səhv etmişik, guya mənim səhvim olmayıb? Qaynanam o qədər məni bağışlayıb, başa salıb ki. Mən də çalışmışam ki, bir qaynana olarq həm bağışlamağı bacarım, həm də başa salmağı. Bacardığım qədər gəlinimi başa salıram və şükür Allaha ki, problem yaşamıram. Mən özüm də yaxşı gəlin olmuşam (gülür). Qaynanam mənə “qızım” deyə müraciət edirdi. Bir qızı var idi, deyirdi ki, elə bilirəm Nahidə tək deyil. Bir dəfə evimizə bir qohum gəldi. Mən də bilirdim ki, qaynatam həmin insanla danışmır. Danışmadığı üçün də çəkilib otağımda oturdum ki, yəqin qonağın qabağına çıxmaq olmaz. Qonaq gedəndən sonra qaynatam mənə dedi ki, mən onunla danışsam da, danışmasam da bunun sənə aiddiyatı yoxdur. Mənə görə belə etmə, sabah mən onunla danışaram, sən pis vəziyyətdə qalarsan. Bu qapıdan kim içəri daxil oldusa sənin borcundur ki, xoş gəlmisən deyib qabağına bir stəkan çay qoyasan. Dedi ki, bunu heç vaxt unutma. Mən də gəlinimə deyirəm ki, kiminləsə problemim olarsa bu problem mənimdir. Sən mənə görə özünü heç kimlə pis etmə” deyə aşıq bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button