Mütəllibov Cabir Novruzla yanaşı dəfn edilib… –“Sağlığında qiymət verin insanlara!..”

“Səmimi cavab verək: 1991-1994-cü illərdəki hansı prezidentin dövründə Azərbaycanda kütləvi qırğınlarla nəticələnmiş faciələr olmayıb, hansısa rayon, kənd işğal edilməyib, haradasa qətliam baş verməyib?..”

 

Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibov 1-ci Fəxri Xiyabanda – xalq şairi Cabir Novruzun məzarı yanında  torpağa tapşırılıb… Allah qatında heç nə təsadüfən baş vermir – bu da qananlar üçün bir ibrətdir…

Allah hər iki görkəmli Azərbaycan vətəndaşına rəhmət eləsin!..

 

Yəqin ki, Azərbaycan poeziyasından az-çox məlumatı olan hər kəs bu mənzərəni görər-görməz qeyri-iradi elə həmin Cabir Novruzun məşhur misrasını xatırlayır: “Sağlığında qiymət verin insanlara!..”

 

Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin mənəvi problemidir: insanların bir-birinə laqeydliyi, hər cəmiyyət fərdinin, hər bir vətəndaşın qabiliyyət, bacarıq, bilik və istedadlarının potensialının elə uşaqlıq, yeniyetməliyindən, gəncliyindən düzgün dəyərləndirilməsi və onun doğru istiqamətə yönləndirilmiş potensial enerjisinin kinetik enerjiyə çevrilməsini təmin etməklə ondan xalqın, dövlətin, hətta bəşəriyyətin rifahı naminə optimal şəkildə istifadə olunması…

 

Təbii ki, hər ölkənin, hər cəmiyyətin öz qiymətləndirmə meyarları var: hardasa adama əsasən  qabiliyyət, bacarıq, bilik və istedadlarına, əxlaqına görə, haradasa isə yalnız maddi göstəricilərinə: geyiminə, puluna, varına, maşınına, vəzifəsinə, məddahlığına, yuxarılara yarınmağına və s. görə dəyər verirlər…

 

Etiraf edək ki, Azərbaycanda son xüsusən 25-30 ildə insanlara dəyər verilməsi kriteriyaları kəskin tənəzzülə uğrayıb və insanlara, vətəndaşlara münasibətdə nə xalqımızın milli-mənəvi xüsusiyyət və dəyərlərinə, nə türklüyə, nə də müsəlmanlığa yaramayan çirkin etalonlara üstünlük verilib…

Konkret  dövlətimizin müstəqiliyyinin bərpasından sonra ilk başçısı olmuş Ayaz Mütəllibova gəldikdə, hesab edirəm ki, onun bilik, bacarıq və potensialından düzgün istifadəyə optimal şərait olmadı və bunu yaratmağa imkan olanda həmin şərait yaradılmadı…

 

 Tanıyanlar yaxşı bilir ki, bu sətirlərin müəllifi tərifdən, mədhiyyədən çox uzaqdır… Amma deməliyəm ki, bütün səhv və günahlarıyla bərabər Ayaz Mütəllibov da bu xalqın yetirməsi idi, bu ölkənin ilk Prezidenti idi. Hətta hakimiyyətdə olan zaman ona müxalifətdə olmuş bəzi şəxslər də etiraf edir ki, bəlkə 1990-1992-ci illər yox, başqa dinc dövr olsaydı, Mütəllibov daha uğurlu dövlət başçısı olardı. Amma nə yazıqlar ki, bir yandan işğalçı ermənilər, bir yandan qəzəb içində can verən Rusiya imperiyası, digər yandan da daxildəki hakimiyyət aşiqləri onu hər tərəfdən vurdu, qolun-budağın baltaladı, çıxılmaz vəziyyətlərdə qoydu, sonda isə öz xalqının nümayəndələri tərəfindən o ki var suçlandı…

 

Düzdür, Moskvadakı sürgün həyatından sonra, gec də olsa, Vətənə dönüşünə şərait yaradıldı, eks-prezident kimi əsas huquqları, güzəşt və imtiyazları bərpa edildi. Ancaq Mütəllibovdan Azərbaycan xalqının, dövlətinin bugünkü rufahı və gələcəyi naminə daha çox yararlanmaq, onun siyasətlə yanaşı, iqtisadiyyat, sənaye sahəsindəki bilik, bacarıq və potensialını hansısa yolla bu xalq, ölkə üçün xərcləmək olardı…

 

Çağdaş demokratik ölkələrdə nə qədər səhv və günahlar etsələr də, keçmiş dövlət başçıları daim hörmətlə anılır, ömürlərinin son günlərinədək onların potensialından, məsləhət və tövsiyələrindən istifadə olunmasına çalışılır. Heç uzağa getməyək, bəyənmədiyimiz, “Rusiyanın müstəmləkəsi” adlandırdığımız qəsbkar Ermənistanın  1-ci Prezidenti Levon Ter-Petrosyanın ölkəsində hansı nüfuza mindirildiyi göz önündədir. Məgər onun erməni toplumu qarşısında səhvi, suçu olmayıb? Bəziləri hətta onun bu gün xəyanətdə suçladıqları baş nazir N.Paşinyanın ideoloji müəllimi adlandırırlar. Amma onun üçün yaradılan şəraitə baxın… L.Ter-Petrosyan illərdir ki, Rusiyanın, ABŞ-ın, Fransanın və digər aparıcı dövlətlərin səfirlərini öz iqamətgahında qəbul edir, yəni onlar bunun ayağına gəlir… Bəzən Ermənistan liderləri onun yanına hansısa problemlə bağlı məsləhət almağa gedir…

 

Bilirəm ki, bəziləri bəndənizin yazısını “yersiz” adlandıracaq və deyəcək ki, “əşşi bu, nə Moskvanın adamını tərifləyir e. Onun vaxtında Daşaltı faciəsi oldu, Xocalı soyqırımı oldu” və s. Bəylər, əfəndilər, xanımlar, yoldaşlar, gəlin səmimi olaraq, bütün konyukturadan, siyasi maraqlardan uzaq şəkildə bir neçə suala cavab verək. 1991-ci ildən bəri Azərbaycanın hansı prezidenti Moskvada və ya Bakıda Rusiya dövlət, hökumət başçılarını, nazirlərini qəbul etməyib, onlarla mehriban şəkildə görüşməyib, Rusiya ilə müttəfiqlik, qarşılıqlı əməkdaşlıq və s. mövzularda saziş-filan bağlamayıb. Sizin məntiqinizlə onlar hamısı Moskvanın adamlarıdırmı? Bəs niyə onları da çarmıxa çəkmirik? Deyilən dövrdəki hansı dövlət başçısının öz xalqı qarşısında səhvləri, günahları olmayıb? 1991-1994-cü illərdəki hansı prezidentin dövründə Azərbaycanda kütləvi qırğınlarla nəticələnmiş faciələr olmayıb, hansısa rayon, kənd işğal edilməyib, haradasa qətliam baş verməyib?..

 

Bir sözlə, söhbət yalnız Ayaz Mütəllibovdan getmir. Son 30 ildə məmləkətimizdəki rüşvətxorluq, korrupsiya, qanunsuzluq, məmur özbaşınalığı ucbatından minlərlə insanın, vətəndaşımızın bilik və bacarığından düzgün istifadə olunmayıb, əksinə, onların mənəvi və maddi baxımdan bitirilməsinə şərait yaradılıb. Bu gün neçə belələri artıq dünyadan köçüb, neçələri də maddi çətinliklər girdabında son illərini, günlərini yaşayır… Bilmək gərəkdir ki, insan, vətəndaş potensialının kütləvi itkiləri sonda bütövlükdə ölkədə yeni faciələrə, itkilərə gətirib çıxarır… 

 

Sultan Laçın

   

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button