“Təqdimatım gedib, deyirlər ki, siyahıdasan, amma siyahı bilmirəm ki, neçə kilometrdir…”

“Allah Üzeyir bəyə rəhmət eləsin, deyib ki, “talantlıların əlindən tutun, irəli çəkin, talantsızlar onsuz da yol tapıb irəli gedəcəklər”

 

“Təbrikiniz üçün çox sağ olun. Şükür, sağ-salamatıq, yaşayırıq. Şükür Allaha, torpaqlarımız da işğaldan azad edildi. Amma bir dənə fəxri ad məsələsinə görə narahatam. Altmış beş yaşım tamam olur, amma hələ ki, nə Əməkdar, nə də Xalq artisti fəxri adına layiq görülməmişəm”

 

Bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan xanəndə Sabir Abdullayev deyib.  Xanəndə bu günə kimi onun fəxri ada layiq görülməməsinin səbəbini bilmədiyini deyib:

 

“Məndən daha yoxdur, qalan Arif Babayevdir və Süleyman Abdullayevdir. Fəxri adla bağlı müraciət etmişəm. Dəfələrlə təqdimatım gedib. Deyirlər ki, siyahıdasan, amma siyahı bilmirəm ki, neçə kilometrdir. Vallah elə bir adamla düşmənçiliyim də yoxdur ki, deyəm bunun qarşısını kimsə alır”.

 

Xanəndə doğulduğu Ağdama da onun dəvət edilmədiyini bildirib:

 

“Ağdam işğaldan azad edildi, amma məni heç ora aparmadılar. Müraciət də etmişəm və deyiblər ki, gözlə. Mənə ancaq gözləmək düşür. Balaca-balaca uşaqları Ağdama apardılar, amma mən gözləyirəm. Mən şan-şöhrətə görə sənətə gəlməmişəm, bu sənəti sevdiyimə görə gəlmişəm. Şan-şöhrətə görə gəlsəydim, bu məsələni çoxdan həll edərdim. Düşündüm ki, öz işimlə məşğul olum və vaxtı çatanda da qiymətləndirəcəklər. Amma görürəm ki, yox, elə deyil. Dördüncü mədəniyyət naziriylə işləyirəm. Zakir Bağırov, Polad Bülbüloğlu, Əbülfəs Qarayev və indi Anar Kərimov mədəniyyət naziridir. Deyirlər ki, buna baxacaqlar və ancaq mənim yaşım gedir axı. 

 

Adam baxanda gülməyi turur, savadsız-savadsız adamları çəkiblər qabağa. Allah Üzeyir bəyə rəhbət eləsin, deyib ki, “talanlıların əlindən tutun irəli çəkin, talantsızlar onsuz da yol tapıb irəli gedəcəklər”. İndi həmin vəziyyətdir. Bu gün doğum günümdür nə bir televiziya, bir radio maraqlanmayıb. Özüm də heç kimə doğum günüm olduğunu demədim ki, görüm maraqlanacaqlar. Gördüm ki, yox, havayı şeydir. Yenə də siz jurnalistlər sağ olun. Mən jurnalistlərlə dostdam, onları çox istəyirəm. Diqqətiniz üçün çox sağ olun”.

 

Qeyd edək ki, xanəndə Sabir Abdullayev 1957-ci ilin bu günü Ağdam rayonunun Zəngişalı-Məhrızlı kəndində anadan olub. O, Əməkdar artist Cabir Abdullayevin qardaşıdır. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button