“Ukrayna yaxın günlərdə Mariupolda ciddi hərbi dəyişikliklər edəcək…”-Azərbaycanlı polkovnik

“Genişmiqyaslı hərbi əməliyyatların olacağı artıq heç kəsdə şübhə yaratmır…”

 

“Ukrayna cəbhədəki ümumi vəziyyətə və yerlərdə operativ taktiki əməliyyat şəraitinə tam nəzarət edir…”

 

Son günlər hərbi əməliyyatların gedişatı, Ukrayna daxilindəki və ətrafındakı hərbi-siyasi proseslər, ölkə paytaxtındakı gerçək durum, Ukrayna ordusunun son nəsil texnologiyalı silaj və texnikalarla təchizatı, Qərbin, ABŞ-ın gerçək dəstəyi, Rusiyanın məğlub olacağını labüd edən amillər və s… Hazırda  Kiyevdə ərazi müdafiə birləşmələrinin komandir heyətində olan Azərbaycan diasporunun Ukraynadakı tanınmış simalarından biri, Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyevlə Moderator.az üçün bu dəfəki söhbətimizdə bunlar haqda danışdıq…

-Elxan bəy, savaşın artıq 51-ci günündə Ukraynadakı hərbi-siyasi durumu necə dəyərləndirirsiz? 

 

-Hazırda Ukraynada ölkənin cənubu, Donbas və Krımı azad etmək uğrunda böyük müharibəyə hazırlıq gedir. Rəsmi Kiyev Qərbdən, ABŞ və NATO ölkələrindən gözlədiyi yardımları, silah və texnikaları almaqda davam edir. Amma yeni silah və texnikalar ən son nəsil texnologiyalar üzrə hazırlanmış mürəkkəb qurğular olduğundan hərbi poliqonlarda, ərazi müdafiə birləşmələrində onların öyrənilməsi və onlardan bacarıqla istifadənin mənimsənilməsi prosesi gedir. Yəni Ukrayna tərəfi ciddi fədakarlıqla mükəmməl yeni savaş, böyük döyüşlər mərhələsinə hazırlıq görür. Bu mənada genişmiqyaslı əməliyyatlarda baş verən indiki pauza hardasa ukraynaya daha çox sərf edir. Halbuki, həmin pauza onunla bağlıdır ki, Rusiya tərəfinin şəxsi heyətinin komplektləşdirilməsində çox ciddi problemlər yaranıb. Bizdə olan, eləcə də xarici kəşfiyyatların əldə etdiyi məlumatlara görə, Rusiyanın döyüşlərdə iştirak etmiş müqaviləli peşəkar hərbçilərinin 40 faizindən çoxu Ukraynaya təkrar döyüşlərə qayıtmaqdan imtina edir. Rusiya dövləti tərəfindən buna görə onlara cinayət işi qaldırılmasıyla qorxu tətbiq edilir, eyni zamanda, əksinə, maaşlarının qaldırılmasıyla bağlı təkliflər də olunur. Lakin bizdə olan məlumata görə, Rusiya hərbçilərinin xeylisi hətta həbs olunmağı döyüşə yollanmaqdan üstün tutur…

 

-Donbas-Mariupol cəbhəsindəki əməliyyatların gedişi haqqında bir hərbi ekspert kimi nə deyə bilərsiz?

 

-Bildiyiniz kimi, dünən səhər 36-cı dəniz piyadaları briqadası Mariupolda “Azov” alayı ilə birləşə bildi. Təbii ki, çox ağır manevr və döyüşlərlə. Yəni bir var, mühasirədən çıxasan, bir də var, dəstək üçün düşmən mühasirəsindən keçib şəhərə girəsən. Son məlumatlara görə, hazırda Mariupolun üçdə biri Rusiya qüvvələrinin, üçdə ikisi isə Ukrayna hərbçilərinin nəzarətindədir.  Və indi artıq Ukraynanın iki seçmə hərbi birləşməsi şəhərdədir. Düşmən isə 10 min nəfər şəxsi heyətlə, elit, xüsusi təyinatlı hesab olunan qüvvələri ilə Mariupolu tam işğal etmək niyyətindədir. Ancaq belə hesab edirik ki, yaxın günlərdə bu, mümkün olmayacaq…

Bu saat ayrı-ayrı peşəkar döyüşçülər mobil qruplarla da Mariupola köməyə gedə bilirlər. Bundan əlavə, Ukrayna Qərbdən aldığı uzaqmənzilli artilleriya qurğuları və yeni növ aviasiyanın, hava hücumundan müdafiə üçün lazer kompleksləri və s. köməyi ilə yaxın vaxtlarda Mariupolda ciddi hərbi dəyişikliklər etməyə hazırlaşır. Yəni hər şeyi də açıq demək olmur. Və ümumiyyətlə, baş verənlər göstərir ki, Ukrayna ordusu hər gün güclənməkdə, qüdrətlənməkdə, düşmən tərəfi isə, əksinə, demoralizə olunmaqda davam edir. Yerlərdə Ukrayna tərəfinə əsir düşən Rusiya hərbçilərinin öz həmkarlarına döyüşlərə qatılmamaq barədəki video-müraciətləri gündən-günə çoxalmaqdadır. Bir sözlə, düşmən tərəfinin problemləri qat-qat çoxdur. Ukrayna tərəfi isə artıq mənəvi baxımdan qalibdir, ancaq həmin qələbəni həm də fizikiləşdirmək istəyindədir…

 

– Necə hesab edirsiz, Rusiyanın, Allah eləməmiş, Donbas və Luqansk vilayətlərini bütün sərhədləri boyu işğal etməyə gücü çatarmı? Axı Putin mayın 9-da Moskvada üzdəniraq qələbə paradı keçirməyi planlaşdırır…

 

-Bəli, Putin mayın 7-9-dək Ukraynanın iki iri şəhərini: Xarkovu və Odessanı da işğal etmək niyyətindədir. Artıq parad üçün “Mosfilm”də dekorasiyalaradək, orden-medallaradək hər şey isfariş verilib. Yəni mayın 9-u Putin parad keçirmək və guya yeni hərbi uğurlarını öz əhalisinə çatdırmaq istəyindədir. Amma inanırıq ki, bunlar heç cür mümkün olmayacaq… Bundan əlavə, o, Xerson vilayəti vasitəsilə Krımı şirin su ilə təmin etmək  və bir də Donbas və Luqansk vilayətlərinin inzibati ərazisinin tamamilə Rusiyanın nəzarətinə keçirilməsini planlaşdırır. Bu məqsədlə Kreml Ukrayna ordusunun yüksək döyüş əzmkarlığını və müasir texnologiyalara malik olmasını nəzərə alaraq  Donbas ərazisinə Ukrayna qüvvələrindən 5 dəfə çox canlı qüvvə və texnika toplamağı planlaşdırır. Ancaq öncə dediyim kimi, Rusiyanın canlı qüvvənin komplektləşdirilməsində çox ciddi problemləri var… 

 

Xarkov vilayətinin cənub-şərqindən Slavyansk, Kramotorsk və Konstantinovka istiqamətində düşmənin həmlə istəyi böyükdür. Amma aprelin 14-də İzyum şəhəri yaxınlığında düşmənin növbəti tank kalonu məhv edildi. Bu, Rusiyanın 1-ci tank ordusunun komandirsiz qalmış artıq dördüncü tank birliyidir. Onu da deyim ki, Ukrayna özünün əlində olan və Qərb ölkələrinin verdiyi dəqiq kəşfiyyat məlumatları sayəsində işğalçı Rusiya ordusunun Ukrayna ərazisində və sərhədə yaxın yerlərdə bütün yerdəyişmələrinə nəzarət edə bilir. Yəni hər hansı bir  gözlənilməz əməliyyatın baş verməsi mümkünsüz görünür. Bu mənada Ukrayna cəbhədəki ümumi vəziyyətə və yerlərdə operativ taktiki əməliyyat şəraitinə tam nəzarət edir…

 

-Kiyevdə sosial –iqtisadi durum necədir? Ərzaq, dərman çatışmazlığı – filan yoxdur ki?

 

-Hər şey öz qaydasındadır. Ərzaq, yaxud dərmanla bağlı heç bir probelmimiz yoxdur. Apteklərin hamısı işləməsə də, xeylisi işləyir. Bankomatlar da işləyir.

 

-Paytaxta qayıdan əhalinin sayı çoxdur son günlər?

 

-Əlbəttə, çoxdur. Artıq dükanlarda, apteklərdə növbələr yaranır. Kiyev tədricən öz həyatına qayıdır… 

 

-Əhalinin ümumi əhval-ruhiyyəsi necədir?

 

-Həmişəki kimi, bütün çətinliklərə rəğmən çox yüksək… Hamı hər zaman öz torpağını, şəhərini, küçəsini, məhləsini, evini qorumağa hazırdır. Hər kəsin eyvanında, həyətində kanistrlərlə benzin ehtiyatı və hazır “Molotov kokteyl”ləri var. Hər yerdə, hər küçədə, hər dalanda, hər küncdə postlar fəaliyyət göstərir. Şəhərə daxil olan yüzlərlə kiçikli-böyüklü küçələrin hamısı böyük beton plitələrlə bağlanıb və bəzi yerlərdə yalnız minik və ərzaq daşıyan  maşınlar üçün kiçik keçidlər qoyulub. Bu mənada Kiyevi işğal etmək mümkün deyil. Rusların füreri bunu da hesablamayıb.  Kiyev şəhərinin ərazisi təxminən 900 kv. km-dir. Pentaqon hesablayıb ki, yalnız Ukrayna paytaxtını ələ keçirmək üçün 1 milyon yarımlıq canlı qüvvə lazımdır…

-Siz yenə də ərazi müdafiə birləşmələrində fəal iştirak edirsiz, eləmi?

 

-Bəli, bildiyiniz kimi, mən Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri kimi də fəaliyyət göstərirəm. Bu mənada da məsuliyyətim böyükdür. Biz hazırda Kiyevin bir sıra strateji məntəqələrini qoruyuruq. Və mən ərazidə cavabdeh zabitlərdən biriyəm. Onu deyim ki, kifayət qədər peşəkar və ciddi komandamız var. Bunun nəticəsində hazırladığımız, təlim keçdiyimiz minlərlə döyüşçüdən bu günədək yalnız 20-i şəhid olub. Bizim komandir kimi problemimiz ondan ibarətdir ki, bizi aşağıdan yuxarı sıxışdırırlar, yuxarılarla heç bir problemimiz yoxdur. Yəni yerlərdə hər gün yeni-yeni sakinlər, vətəndaşlar birləşmələrə yazılmaq üçün müraciət edir.

 

-Rusiyadakı proseslər haqda hansı nəticələrə gəlmisiz?

 

-Bildiyiniz kimi, son günlər Rusiyada bir çox həbslər olub. O cümlədən Putinin keçmiş köməkçisi, “Rus dünyası” taftalogiyasının baş memarlarından biri və Donbasın, Krımın işğalının ideya müəlliflərindən, kuratorlarından biri  olan Surkovun da həbs edildiyi dəqiqləşib. Bundan əlavə, FTX-nin və Müdafiə Nazirliyinin 150-dək zabiti və iki generalının həbsi, yaxud təcrid olunması də təsdiqlənib. Deməli, Kremldə böyük çaxnaşma və qarşıdurma yaşanır. Çünki bizdə olan məlumata görə, gerçək durumu dərk edən bir sıra peşəkar Rusiya generalları mart ayının 24-dən bəri siyasi hakimiyyətə çatdırırlar ki, Ukraynadakı əməliyyatların davamı mənasızdır və bu, hədsiz itkilərə və Rusiya dövlətinin özünə ağır zərbələr vurulmasına gətirib çıxaracaq. Bu mənada Rusiya tərəfi artıq uduzur. Bu günlərdə artıq Qərb Buça və digər məntəqələrdəki kütləvi qətliamlardan sonra birmənalı olaraq Rusiyanın bugünkü formada qala bilməyəcəyi haqda siyasi qərarını verib. Bunun həll edilməsi zaman məsələsidir. Hətta Putin rejiminə qarşı loyallığı ilə seçilən Almaniya da öz yüngül zirehli texnikalarını Ukraynaya göndərmək qərarına gəlib. Hazırda Qərbdən elə silahlar var, artıq çatdırılıb, eləsi də var, gəlməkdədir. Ukrayna Silahlı Qüvvələri intensiv təlimlər və yeni silah və texnikaların öyrənilməsi ilə məşğuldur… 

-Hazırda Ukraynada baş verən gərgin hərbi-siyasi proseslərin gələcəyini necə görürsüz?

 

-Təəssüf ki, Avstriya kanslerinin son şans kimi Putinlə görüşündən sonra məlum oldu ki, bu mərhələ üçün Rusiya ilə danışıqların heç bir perspektivi yoxdur. Çünki Putin qəti şəkildə bildirib ki, onun məqsədi Ukraynanı bir dövlət kimi ləğv etməkdir. Yəni Ukrayna cəbhəsində II Dünya savaşından sonra ən güclü  və genişmiqyaslı hərbi əməliyyatların olacağı artıq heç kəsdə şübhə yaratmır. Amma onu deyim ki, Rusiya Ukraynanı işğal etmək üçün 10 milyon qoşun toplasa da, öz məqsədinə tam nail ola bilməz. Yenə də hansısa şəhəri, kəndi işğal edə bilər. Amma haranısa uzunmüddətli əldə saxlamaq iqtidarında deyil.  Rusiyanın başıyox füreri hələ anlamayıb ki, 2014-cü ildən bəri Donbas savaşlarını da yaşayan, könüllü olaraq o torpaqların müdafiəsinə yollanan Ukrayna xalqı, Ukrayna cəngavərləri öz torpağını, öz dövlətini qorumaqda qətiyyətlidir. Bu dövlət bu xalqa gərəklidir. Ukraynada son illərin demokratik dəyişiklikləri xalqda özünə və dövlətinə inam və nəyisə dəyişə bilmək inamı yaradıb. Və bu inamı sarsıtmaq heç cür mümkün deyil…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button