““Zelenski səhv siyasət aparır” deyimləri Azərbaycana şüuraltı təslimçilik aşılayır…”

“Rusiyanın Ukrayna dövlətçiliyini ləğv etməklə bağlı strateji planı olubdur və həmin o ekstremist siyasətbazlar bunu öncədən planladıqlarını da açıq şəkildə etiraf edirlər…”

 

V.Putinin Ukraynanın işğalı və soyqırımı siyasətini başlatmasından bəri bəzi şərhçilər tərəfindən rəsmi Kiyev öncəki illərdən bəri Rusiyaya və Qərbə münasibətdə yanlış siyasət yürütməkdə suçlanır və məhz belə siyasətin Kremlin bu ölkəyə hücumuna bəhanə verdiyini vurğulayırlar. Bəs görəsən, doğrudanmı hazırkı prezident Volodimir Zelenski, yaxud ondan öncəki Ukrayna prezidentləri Rusiya, eləcə də ABŞ və Avropaya yönəlik siyasətlərində hansısa ciddi səhvlərə yol veriblər, yoxsa?..

 

Politoloq Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı baxışlarını dilə gətirib.

 

“Mən, ümumiyyətlə, belə ittihamları nəinki qəbul etmir, heç anlamıram da… Ona görə ki, Rusiyanın Ukraynaya təcavüz edib açıq işğal və soyqırımı apardığı bir vaxtda Ukrayna siyasətçilərinin səhvi; istər prezident Zelenskinin, istər ondan əvvəlkilərin, hətta Yanukoviçin belə, hansı səhvlərə yol verməsi haqda danışmaq anlaşılan deyil. Anlaşılan başqa bir şeydir: Rusiyanın Ukrayna dövlətçiliyini ləğv etməklə bağlı strateji planı olubdur. Rusiya ideoloqları, həmin o ekstremist siyasətbazlar bunun nəzəriyyəsini də hazırladıqlarını və öncədən planladıqlarını da açıq şəkildə etiraf edirlər. Və vaxtı ilə şərqi Ukraynanı orada separatçı qurumlar yaradılması adı altında işğal edəndə və Krımı ilhaq edəndə Putin həmin ərazilərdə faktiki olaraq özünə bir plasdarm yaradırdı. Məqsəd ikinci mərhələdə Ukrayna dövlətini ləğv etmək idi. Ona görə də mən bir daha deyirəm, Zelenskinin, Poroşenkonun, hətta açıq Rusiyapərəst siyasət yürüdən Yanukoviçin hansısa ciddi səhvə yol verdiyini güman etmirəm. Bu cür düşüncələrin təbliği yalnız və yalnız Rusiyanın həmin işğalçı siyasətinə, onun Ukraynada törətdiyi soyqırıma və Ukrayna dövlətçiliyini ləğvetmə strategiyasına bəraət qazandırmaq məqsədi güdür. Və bunu edənlərin də böyük əksəriyyəti, əgər söhbət təbii ki, siyasi bilikli səriştəli, hansısa mənada ekspert təcrübəsi olan insanlardan gedirsə, deyilən məqsədə xidmət edir. Axı bu qədər səhvə yol vermək mümkün deyil. Bu, sadəcə, Rusiyanın “5-ci kalon”unun fəaliyyətinin tərkib hissəsidir. Və Rusiya bunun vasitəsilə, yəni kimlərəsə “Zelenski və komandası səhv siyasət aparır” dedirtməklə digər postsovet ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də çaşqınlıq yaratmağa çalışır. Eyni zamanda paralel olaraq Azərbaycan ictimaiyyətini də şüuraltı təslimçiliyə hazırlayır. Mən bunu yalnız belə qiymətləndirirəm, başqa dəyərləndirməm yoxdur”- deyə politoloq vurğulayıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button