“Ailəmə qarşı olan səhvi qiyamət gününə qədər bağışlamaram, onları Allaha həvalə edirəm”

“Aydın Xırdalanlı ruhunu sevdiyim şair olub, ona görə də…”

 

“Aydın Xırdalanlı ruhunu sevdiyim şair olub. Repertuarından ikinci qəzələ mahnı bəstələmişik. Allah ona qəni-qəni rəhmət etsin.  Onun yazdığı qəzəllər ilə Muxtar Abseynovun mahnılara qatdığı qeyri-adi hisslər və mənim ifam vəhdət daşıyır. Musiqi, sözlər və ifa bir-birini tamamlayır. Bu da nadir hallardan biridir”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Amina Şirinqızı deyib. O daha sonra Ramazan ayına əməl edən insanlardan danışıb.

“Bir ilin 11 ayını günah edib, Ramazan ayında özünü kimsə günahdan çəkindirirsə buna da şükür. Bunu etməyənlər də var! Heç olmasa onlar bu müqəddəs ayda bir az abır-həya saxlayırlar. Məsələn, içki içənlər var ki, müqəddəs aylarda bundan çəkinirlər, artıq onlara bu ayın qorxusu gəlir. Nəfsinə heç olmasa 1 ay, 2 ay sahib çıxır. Sadəcə pəhrizə görə oruc tutanlar da çoxdur. “Oruc” sözünü dərk etmirlər, sənin dilin, ağzın, qulağın, əməlin də oruc olmalıdır. Hər gün mədəni ac saxlamağa nə var ki?! Canımıza da, sağlamlığımıza da, görünüşümüzə də xeyirdir. Orucdur, mədəsi acdır, amma dili dayanmır, danışır, qeybət edir. Əgər bir ayı sən oruc saxlayırsansa, bunu hərtərəfli etdə. Bəzən də görürsən süfrələrini paylaşırlar. İstər Ramazan ayı olsun, istərsə də adi gün süfrəni çəkib paylaşmazlar. İmkanı olmayan, övladına o təamlardan alıb yedizdirə bilməyənlər var. Bu daha nə oruc oldu?!” deyə müğənni bildirib.

 

“Əminə Şirinqızı kimləri bağışlayır? Yaxud, kimləri bağışlamır?” sözünə isə Amina belə cavab verib.

“Elə bir şey ola bilməz ki, mənə qarşı kimsə nəsə bir hərəkət etsin, mən onu nəticədə bağışlamayım. “Bağışlamaq” sözünü düzgün başa düşək. Nə mənada bağışlamayım? Əgər o özünü və insanlığını itirmiş biridirsə mən ona görə içimdə kin saxlayıb, ruhumu kirlədə bilmərəm. Əlimi göyə açıram və kimin kimə qarşı nə günahları olubsa mən hamısının halallığını verə-verə onları bağışlayıram. Çünki mənim də Allaha qarşı səhvlərim, günahlarım çoxdur. Gör onda nə qədər səbr var ki, hələ də canımızı almır! Hələ də başımıza daş salmır! Onun bizə buyurduqları da bizi insan edən amillərdir. Ona görə mən bütün insanları bağışlayıram və bir daha onları yaxınıma buraxmamaq şərtilə özümdən kənarlaşdırıram. Həyatımda elə dostlarım olub ki, mənə yığıb, ağlayaraq deyiblər ki, Əminə belə bir səhv etmişəm, filan şeyə görə məcbur idim, filankəs mənə filan şeyi vəd verdi, mən də buna qol qoydum. Ona bir sual vermişəm ki, niyə? Demişəm ki, yaxşı səni bağışlayıram! O bu “bağışlayıram” sözünü səhv başa düşüb. Elə bilib ki, yenə onunla dostam, yenə onunla bir süfrə arxasında oturub, yaxınıma buraxacam! Deyirəm ki, sən deyəsən “bağışlayıram” sözünü dərk etmirsən?! Mən sənə qarşı kin saxlamıram, səni Allaha həvalə etmirəm! Güvən çox vacib amildir. Bir insan sənə qarşı səhv edə bilər. Mən də kiməsə qarşı səhv edə bilərəm. Amma bir də var ki, göz görə-görə xəyanət! Mən təkcə sevgidə xəyanətdən yox, həm də dost xəyanətindən danışıram! İnsan necə qatar kimi özü öz üstündən keçsin?! Kimlərsə buna gözəl xasiyyət kimi baxa bilər, mən buna artıq ikiüzlülük kimi baxıram! Ailəmə, əzizlərimə qarşı olan səhvi qiyamət gününə qədər bağışlamaram. Mənim ailəmə, əzizlərimə toxunmaq olmaz! O anda artıq mənim kinim-küdurətim sərhəd tanımamağa başlaya bilər və bu olub da. Əlbəttə ki, o insanları Allaha həvalə etmişəm” deyə müğənni bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button