“Napoleon və Hitlerə qarşı bütün Avropa vuruşurdu, Putinə qarşı isə Ukrayna tək qalıb…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin gündəmin aktual mövzuları ətrafında Moderator.az-a müsahibəsini təqdiom edirik:

 

– Qüdrət bəy, Ermənistanla sülh sazişi imzalanması üçün xarici işlər nazirləri səviyyəsində ilk görüş keçirildi,danışıqlarının perspektivinə inanırsınızmı?

 

– Hər şey indiki mərhələdə Rusiyadan asılıdır. Azərbaycan və Türkiyə Rusiya ilə ciddi müzakirələr aparmalıdır. Eyni zamanda Ermənistana təzyiqləri artırmalıyıq. Sülh müqaviləsi imzalanmadan sərhədlərin delimitasiya və demarkasiyasına başlamaq olmaz. Əks halda onlar danışıqları uzatmağa çalışacaqlar. Erməni ekspertlərinə qulaq assanız görəcəksiniz ki, onlar Ərdoğan və Putinin hakimiyyətdən getməsindən sonra regionda Qərbin güclənəcəyini, onlar üçün daha əlverişli şəraitin yaranacağını düşünürlər. Buna görə də danışıqları uzatmağa çalışacaqlar. Hesab edirəm Paşinyan bizə müəyyən ümidlər verməklə gərginliyi azaltmağa çalışır, sülh sazişi imzalamağa yox. Bunun əksi olsaydı, Azərbaycanın 5 bənddən ibarət, beynəlxalq hüququn prinsipləri əsasında hazırlayıb təqdim etdiyi sülh sazişini bir həftə ərzində imzalaya bilərdi. Amma Ermənistan sülh sazişini Qarabağ ermənilərinin statusuna bağlayır. Bu isə danışıqların sonsuzluğa qədər davam etməsi deməkdir. 30 il ərzində Ermənistan həmişə bu mövqedən çıxış edib. Paşinyan heç kimə lazım olmayan açıqlamaları ilə daha çox kənar qüvvələri proseslərə müdaxilə etməyə sövq etmək, daxildə müqavimət təşkil etmək, özünü isə beynəlxalq birliyə “sülh göyərərçini” kimi təqdim etməyə çalışır.

 

– Ukraynadakı hadisələrin sonunu necə görürsünüz? Baxışlarınızda hansısa dəyişikliklər baş verməyib ki?

 

– Yox, heç bir dəyişiklik baş verməyib. Ukraynaya böyük miqdarda müasir silahlar verilməsə, Ukraynanın məğlubiyyəti qaçılmazdır. Həmin silahlar isə verilmir, elan olunsa da qəsdən yubadılır. Silah vermək əvəzinə Kiyevə səfər edən liderlərin hərəkəti ancaq ürək bulandırır. Onlar sadəcə xalqlarını aldatmaq, sifətlərini qorumaq istəyirlər. Putin Baydendən münaqişəyə müdaxilə etmətəcəyinə dair təminat almasaydı, heç vaxt Ukraynaya girməzdi. Rusiyanın böyük hərb maşınının qarşısında onların Ukraynaya göstərdiyi hərbi dəstək acı təbəssüm doğurur. Həmin silahlar Ukraynanın müdafiəsi üçün yetərli deyil, sadəcə müharibəni uzanmasına və daha çox insanın həyatını itirməsinə səbəb olacaq.

 

– Bir çoxları iddia edir ki, Rusiyanın birləşmiş Qərbə qarşı bu müharibəni udmaq şansı yoxdur. Bu zaman Napoleonu, Hitleri nümunə kimi göstərir, Putinin də uduzacağını bəyan edirlər. Sizcə haqlı deyillər?

 

– Napoleon və Hitlerə qarşı bütün Avropa vuruşurdu, Putinə qarşı isə Ukrayna tək qalıb. 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra bütün HATO ölkələri orta əsr Əfqanıstanına qoşun göndərmişdi, daha çox ABŞ-a yarınmaq üçün. Çünki ABŞ-ın buna ehtiyacı da yox idi. Həm də geri qalmış bir ölkəyə qalib gələcəklərinə əmin idilər. İndi Zelenskinin yalvarışlarına heç kim əhəmiyyət vermir. Qərb ölkələrinin siyasi elitasının böyük qismi həm Rusiyadan qidalanır, həm də qorxurlar, çoxu ilə bağlı Rusiyada ifşaedici məlumatlar var, bunu hər kəs anlamalıdır. Təəssüf ki, Zelenski təcrübəsizliyindən bunu anlamadı. BMT Nizamnaməsinə görə hər bir ölkə Ukrayna tərəfdən müharibəyə qoşula bilər.

 

– Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırmışdı, amma eyni zamanda onun bərpasına cəhdi ağılsızlıq adlandırmışdı. O dediklərində səmimidirsə, Ukraynaya təcavüzün adı nədir?

 

– Putin Sobçakla birlikdə Yeltsinin komandasının ən etibarlı üzvü olub. Putini Rusiyada müxtəlif yüksək vəzifələrə təyin edən, Baz nazir və Prezident seçdirən də Yeltsin olub. Qorbaçovun başlatdığı islahatlardan yararlanan Yeltsinin komandası SSRİ-də siyasi böhran yaradıb onu dağıtmaqla Rusiyada hakimiyyəti ələ keçirdilər.1991-ci ilin 8 dekabırında  Kravçuk və Şuşkeviçlə birgə SSRİ-nin varlığına son qoyan Belovejsk sazişini də Yeltsin  imzalayıb. Yeltsin Qərbin müttəfiqi ABŞ-ın demokrat prezidenti Klintonun dostu hesab olunurdu. SSRİ-nin ən güclü siyasi liderlərindən biri Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasında da Yeltsin həlledici rol oynayıb. SSRİ-nin dağılmasının geosiyasi fəlakət olmasını Putin bu günkü siyasi məqsədləri naminə söyləyir. O, Qərb liderlərinin çoxunun maymaqlığını,qorxaqlığını görüb, onların bir qismini satın alıb və düşünür ki, SSRİ-ni başqa ad altında bərpa etmək, insanların başını qatıb ciddi islahatlardan on illər ərzində yayınmaq olar. Ukraynaya təcavüz də bu məqsədlə edilib. Yoxsa heç bir ölkə dünyanın ən böyük nüvə silahına sahib Rusiyaya təhlükə yarada bilməz.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button