“Bəşir Səfəroğlunun dəfnində itmişəm, evdəkilər deyiblər ki, bu uşaq daha tapılmaz…”

“Unudulmaz uşaqlıq yaşamışam. Sovetskidə böyümüşəm, orada yaşamışam. Bir dəfə itmişdim. Böyük sənətkarımız Bəşir Səfəroğlunun rəhmətə getdiyi gün idi. Çoxlu adam var idi. Onu fəxri xiyabanda dəfn edirdilər, mən də camaata qoşulub dəfnə getmişdim. Çox axtarıblar, arayıblar, sonradan evi tapıb gəlmişdim. Sən demə sənətə məhəbbətim elə o vaxtdan yaranıb”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Ədalət Əbdülsəmədov deyib. O, daha sonra əlavə edib.

“Bir ara idmana, daha sonra isə musiqiyə getdim. Müəllim mənə deyirdi ki, qalx dərsi danış! Ayaq üstə durub baxırdım, deyirdi ki, ə artist, otur! Daha dərs soruşmurdu, çünki 5-ci sinifdən məktəbin tədbirlərində aktyorlarımızı, müğənnilərimizi parodiya edirdim. Məktəbdə artıq məni aktyor kimi tanıyırdılar. Daha sonra Məmmədkamal Kazımovun Xalq teatrına getdim. Teatra getdiyim ilk günlərdən kiçik rollar oynayırdım. Bir çox böyük sənətkarlarımızı məhz o teatrda görürdüm. Sonradan ailəm də, ata-anam da tamaşalarıma sevinə-sevinə gəlirdilər. Qardaşlarımın da sənətə böyük marağı var idi, biri heykəltəraşa, digəri rəqsə, o biri musiqiyə gedirdi” deyə aktyor bildirib.

 

Aktyor Ədalət Əbdülsəmədov ustadı Hüseynağa Atakişiyevin ölümünü hələ də qəbul etmədiyini bildirib.

 

“Biz Gənclər Teatrının kollektivi hər il Hüseynağa Atakişiyevin doğum və anım günlərində məzarı üstünə gedirik. Bu artıq bir ən-ənədir. O bizim müəllimimiz, yol göstərənimiz idi. Biz bu teatrda əsl iş, sənət gördük. Tələbəlik illərindən onun yanında oldum. Bir çox  tamaşalarda müxtəlif obrazları oynamışam. Hüseynağa müəllimin həyatdan getməsi mənə böyük zərbə oldu. Heç gözləmirdik, böyük planlarımız var idi, gözəl tamaşalar hazırlayırdıq. Həyatın qanunudur, insan itirə-itirə gedir” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button