“Karyeram, gələcəyim məhv oldu, neyləyəcəm, bilmirəm…”

Onunla söhbətimizin belə bir müsahibəyə çevriləcəyinə inanmırdım. Kürdəxanıda qadın həbsxanasında kitabxanaçı işi o xanıma tapşırılıb. Adının Sima olduğunu deyir. Söhbətimizə kitabla başlayırıq və öyrənirəm ki, Bakı Dövlət Universitetinin müəlliməsidir. Elə ilk ağlıma gələn sual da bu olur. 

 

– Siz hara, qadın həbsxanası hara? Bura necə gəlib düşmüsünüz?

 

Elə özü söhbətə başlayır. Heç nəyi gizlətmir. Görünür bir az başına gələnləri danışıb ürəyini boşaltmaq istəyir. O, başına gələnləri Moderator.az-a belə nəql edir:

 

“Bura pul məsələsinə görə gəlib düşmüşəm. Lazım olmayan vaxtı lazım olmayan adamın yanında olduğum üçün bu gün burdayam. Şikayətçim isə aktiv şikayətçi idi, hər yerə yazıb şikayət edirdi. Borcunun böyük bir hissəsini ödədim, amma şikayətini geri götürmədi. İndi də gözləyir ki, qalan pulu da mən azadlığa çıxandan sonra mülki qaydada məhkəməyə müraciət edib məndən tələb etsin. İndi Cənab Prezidentin yeni sərəncamıyla mən azadlığa çıxa bilərəm, əgər şikayətçim ərizəsini geri götürsə. Amma səkkiz il öncə mən həbs ediləndə belə bir qanun yox idi. Borcumu ödəsəm də həbs edildim”. 

 

Sima xanım bir az da keçmişə qayıdır və bir gün həbsxanaya düşəcəyini ağlına belə gətirmədiyini deyir:

 

“Təsəvvür edin ki, həbs edilməmişdən iki il öncə qardaşımla Xətai rayonundan keçərkən soruşdum ki, bura nə binasıdır? Dedi ki, “qadın həbsxanasıdır”. Onda məəttəl qaldım, dedim ki, qadın hara, həbsxana hara. Sanki elə bil Allah səsimi eşitdi və iki il sonra həbs edilərək həmin qadın həbsxanasına gətirildim. 

 

İlk vaxtlar bura öyrəşə bilmirdim. Çox darıxırdım. Həbs ediləndə otuz beş yaşım var idi. Heç ailə də qurmamışam. Amma qardaşım, atam mənə dəstək oldu. Zamanla bura öyrəşdim və artıq səkkiz ildir ki, burdayam. Həbsdən çıxmağıma aylar qalıb. Burda isə kitabxanaçı işləyirəm. Buna görə dövlət tərəfindən mənə maaş da verilir. Amma karyeram, gələcəyim məhv oldu. Burdan çıxandan sonra neyləyəcəm, bilmirəm.Təbii ki, yenidən Bakı Dövlət Universitetində tələbələrin qarşısına çıxa bilmərəm. Bizdə belə bir qayda var, işlə bağlı hara sənət verirsən ilk soruşduqları bu olur: – Məhkumluğun var? Məhkumluğun olubsa, heç kim səni işə götürmür. 

 

İndi Xətaidəki qadın həbsxanasında bütün qadın məhbusları Kürdəxanıya köçürdülər. Bura darıxdırıcı deyil, artıq illərdir burdayam və bir az özüm öyrəşmişəm. Xətaidəki həbsxanada təsəvvür edin ki, hər tərəf yaşayış binaları idi. İnsanlar səhər durub balkondan bizləri görürdülər. Gecələr bütün evlərin işıqları yananda sənin ürəyin partlayır, deyirsən ki, niyə mən burdayam? Ona görə həbsxana şəhərdən kənarda olsa yaxşıdır”. 

 

Sima xanımla məhbusların kitaba olan marağını da soruşuruq. Deyir ki, kitab oxuyanlar çoxdur:

 

“Kitab oxuyanlar çoxdur. Xüsusən də dedektiv ədəbiyyatı oxuyurlar. Amma mən düşünürəm ki, qadına törətdiyi cinayətə görə maksimum beş il iş verilməlidir ki, onun gələcəyi məhv olmasın. Burda 10, 14 il azadlıqdan məhrum edilən qadınlar var. Onlar sabah həbsdən çıxıb neyləyəcəklər? İlk vaxtlar adam həbsxanaya düşəndə çalışırsan ki, özünü bu cür adamlardan qoruyasan. Amma artıq cəhd etməkdən yorulursan. Burda elə qadın məhkumlar var ki, elə azadlığa çıxıb bir müddət sonra yenə bura qayıdırlar”. 

 

– Heç Allaha sual edib soruşmusunuzmu ki, bu gün hansı günahıma görə burdayam?

 

– Soruşmuşam. Amma inanın heç vaxt pis insan olmamışam. Hamıya yaxşılıq etmişəm. Bəlkə də Allah ən sevimli bəndəsini bu gün həbsxanaya göndərib. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button