“O, nə iş görsə, Əlif Hacıyevlə məsləhətləşərdi…”-Rabitəçi xanım…

“Tofiq Hüseynov mənim hərbi müəllimim olub. Xocalıda çox böyük qəhrəmanlıqlar göstərib. O, məktəbdə hərbi müəllim işləyirdi. Daha sonra hadisələr başladı. Onsuz da 1989-cu ildən Tofiq Hüseynovun ətrafında döyüşən dostları var idi və elə oldu ki, 1990-cı ildə Xocalı özünümüdafiə batalyonu yarandı və Tofiq müəllim onun komandiri oldu”

Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi xanım Dürdanə Ağayeva deyib. D.Ağayeva Tofiq Hüseynovun döyüş yolunu belə nəql edib:

 

“O bütün döyüşlərdə fəal olub. Bir rabitəçi kimi bütün bunların şahidiyəm. Növbədə olanda Tofiq müəllimin yuxusuz gecələrinin, o döyüşlərdə iştirakının şahidiyəm. Tofiq Hüseynov, Əlif Hacıyev və Aqil Quliyev həmişə bir olardı. Tofiq Hüseynov Xocalının müdafiəsi üçün əlindən gələni edirdi. Ağdam tərəfə keçib silah-sursat tapıb gətirirdi. O vaxt silah vermirdilər. Elman müəllimlə Gəncəyə gedib patron alırdılar. Bir sözlə, Tofiq Hüseynov səngər komandiri idi. Həmişə döyüşçülərinə deyirdi ki, mənsiz iş görməyin. Rabitədə onun bütün danışıqlarını eşidirdim. 

Tofiq müəllimin nə işi olsa Əlif Hacıyevlə məsləhətləşərdi. Elə bil ki, o, Əlif müəllimdən dərs alırdı. Fevralın 26-da isə Tofiq müəllim döyüşdü və qəhrəmancasına şəhid oldu. Onun yoldaşı da qəhrəman qadın idi, Məxmər xanım Tofiq müəllimi qoyub Xocalıdan çıxmadı. Görün nə qədər vətənpərvər oğul idi ki, həyat yoldaşı da Xocalıda şəhid oldu. O nəsil çox şəhid verdi. Xocalıda beşmərtəbə döyüşündə Əlif Hacıyev, Tofiq Hüseynov və digər ürəkli oğlanlar döyüşürdü”. 

 

Qeyd edək ki, bu gün Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür. O, 19 aprel 1954-cü ildə Xocalıda anadan olub. 1992-ci il 26 fevral tarixində Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olub. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button