“Nəsibə xanım gəlininə qaynanalıq yox, analıq edib, ona qızım deyirdi…”

“Nəsibə xanım 2 yaşında atasını itirib, uşaqlıq illəri çox ağır keçib. Sovet dövləti Bakıya gəlib, bütün var-dövlətlərini əlinə alır. Nənəm 12 ildən sonra dünyaya gəlib. 14 yaşından işləyib ailəsinə köməklik edir, çünki zaman çox çətin zaman idi. Nənəmi ilk dəfə səhnəyə gətirən Şəmsi Bədəlbəyli olur. Şəmsi Bədəlbəyli onu səhv etmirəmsə Filarmoniyanın rəqs ansamblına gətirir, burada Nəsibə xanım rəqqasə kimi öz fəaliyyətinə başlayır. Bilmirəm, yalan deyilsə 2-3 aydan sonra onlar Moskvaya Dekadaya getməli idilər, gəlib görür ki, siyahıda adı çıxarılıb, aşağıda da yazılıb ki, “səhnə qabiliyyəti olmadığı üçün işdən azad edilsin”. Sonra dönəm elə gətirir ki, Nəsibə xanım gəlib o vaxtkı Musiqili Komediya Teatrına çıxır. Ömrünün son günlərinə qədər həmin teatrda çalışır”.

 

Bunu Moderator.az-a açıqlamasında Nəsibə Zeynalovanın nəvəsi Nəsibə Əsgərova bildirib. O daha sonra əlavə edib.

“Nəsibə xanım pedaqoq, müəllim Mütəllib Novruzovla ailə həyatı qurur. Mütəllib müəllimlə onların tanışlığı sırf Mirzə Babayevin vasitəsilə baş tutur. Hər ikisi sənət adamı idi, Mütəllib müəllim kamança ifaçısı idi. Konsertdə tanış olublar, bir-birlərinə min könüldən bir könülə aşiq olublar. Nəsibə xanım ailədə həm gözəl ana, nənə, qaynana, həyat yoldaşı idi. Özünü hərtərəfli ailəsinə həsr etmişdi. Nənəm həyatda “Qaynana” filmində oynadığı obrazın tamamilə əksi idi. Nə qədər bizə qarşı sərt olsa da, bir o qədər də gəlininə qarşı yumuşaq idi. Çünki dərk edirdi ki, gəlin başqa bir ailədən gəlib, başqa abu-havada böyüyüb. Deyirdi ki, o mənim üçün yad deyil, qızımdır. Elnara xanım da Nəsibə xanıma hər zaman ana deyə müraciət edirdi, gözəl münasibətləri var idi” deyə Nəsibə Əsgərova bildirib.

 

Nəsibə Əsgərova nənəsinin son gününü belə xatırlayır.

“Babam rəhmətə gedəndən sonra Nəsibə xanım sanki soldu. Son 7 ili ağır xəstə idi, dəfələrlə beyninə qan sızmışdı, infarkt keçirmişdi. Nənəmə son günlərində mən baxırdım. Teatr Xadimləri İttifaqından medal vermişdilər, gətirib göstərdim. Dedi ki, qızıldandır? Son günündə belə zarafatından qalmadı. Kivi yedizdirdim, otaqdan çıxdım. Yarım saat sonra vəfat etdi. Həmin dəqiqə də evimizdəki saat dayandı” deyə sənətkarın adını daşıyan nəvəsi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button